Nazirliyi – Yazıçılar Birliyi üçün torpaq sahəsi ayrılıbmış, indi götürüb Hacıbala Abutalıbova məktub yazıblar ki, bizə ayrılan o torpaqdan nə xəbər var? Amma heç vaxt götürüb başda oturanlara yazmazlar ki, işğaldakı torpaqlardan nə xəbər var? AYB-nin adına haçan, harda rastlayırsan, mütləq orada ya fəxri ad məsələsi olur, ya torpaq sahəsi, ya mənzil, ya təqaüd. Allah qoymasa, guya ədəbiyyatla bağlı olan bir qurumun bu qədər maddiyyatlaşması, sadəcə, pulla, komfortla bağlı bir quruma çevrilməsi çox çirkindir. Çox iyrəncdir. “Tfu” deyə də bilmirsən. Tüpürcəyinə heyfin gəlir.
Əslində, məsələ yalnız Yazıçılar Birliyi ilə də bağlı deyil. Bu cür birliklərin, ittifaqların hamısının ortaq nöqtəsi ələbaxanlıqdır. Gözləyirlər ki, bunlar “qa” deyəndə hökumətdən təqaüd, “qu” deyəndə ev verilsin. Daha ədəbi prosesi necə canlandırmaqdır, yaradıcı mühiti necə diriltməkdir, bir ölkədə mədəniyyətin ən böyük düşməni rolunda çıxış edən qeyri-azad, totalitar sistemin aradan qalxmasına necə kömək etmək – umurlarına deyil. Rejimin çoxlu pullarından payına düşəni almaq və əvəzində onun vintciyi və təkərciyi rolunu həvəslə yerinə yetirmək – budur əsas məqsəd!
Keçənlərdə AMEA prezidenti də alimlərə ev tikmək üçün torpaq ayrılmasından danışmışdı. Amma soruşmağa qorxur ki, bu necə analoqsuz inkişaf edən ölkədir, burada bir alim öz əməyinin bəhrəsi olaraq ev ala bilmir? Niyə bunun üçün o, illah ki, kiminsə bığının altından keçməli, kiminsə qarşısında əyilməli, kiməsə ləbbeyk deməlidir?
Heç biri soruşa bilmir bunu – nə alimi, nə rəssamı, nə bəstəkarı, nə şairi. Soruşmursa, deməli, əyilərək, əl çalaraq, “baş üstə” deyərək yaşamaq, bunun əvəzində maddi olaraq, nələrsə almaq xoşuna gəlir. Kim nə deyir desin, həyatda yüksək mənəvi idealları olmayanlar heç vaxt öz sənətində uğur qazana bilməzlər. Xidmət etdikləri sistem belələrini bizə “dahi yazıçı”, “böyük rəssam”, “əvəzsiz bəstəkar” kimi sırıya bilər, gecə-gündüz aparılan təbliğat nəticəsində xalqı onların nəhəngliyinə, böyüklüyünə inandırmaq da olar, bəlkə. Amma bəs sonra? Uzağa getməyək, Sovet hakimiyyəti yıxıldı, sərhədlər açıldı, buzlar xeyli əridi, baxın, indi o illərdə xalqa “düha” kimi sırınanlar necə oldular? Dünyasını dəyişənlərin adları yada düşmür, sağ qalanların aqibəti isə daha betər oldu. Onlar bütün ömrü boyu xalqın gözündə “qəhrəman”, “əvəzedilməz” kimi görünməyə çalışmışdılar, hesab edirdilər ki, dünyalarını da bu cür dəyişəcəklər, bütün ölkə də bunların arxasınca zır-zır ağlayacaq, qara geyinəcək, qırx gün, qırx gecə yasdan çıxa bilməyəcək. Olmadı. Bu şar kimi üfürülüb şişirdilən “qəhrəman”lar, “düha”ların adları indi yaltaqlıqla, məddahlıqla, saray təlxəkliyi ilə assosiasiya edilir. Mən fikir vermişəm, dünya ədəbiyyatından az-çox mütaliə edən heç kim bunları ciddiyə almır, heç ara-sıra biz yazılarımızda adlarını çəkməsək, yada da düşmürlər. Varlarmı, yoxlarmı, toplumun şüurlu, savadlı təbəqəsinin vecinə də deyil. Yalnız daxili köləlikdən xilas ola bilməyən və düşdüyü səfalət və cəhalət bataqlığından məmnun olanlar hələ də onlara həsədlə baxırlar.
Bir də sistem özüdür onları hər mənada ölməyə qoymayan. Diri tutmağa çalışan. Çünki məhz onların vasitəsilə toplumda ələbaxanlıq, köləlik vərdişlərini yaşadır, daha da çiçəkləndirir. Adamlara göstərirlər ki, buyurun, sizin 60, 70, 80 yaşlı şairiniz, rəssamınız, bəstəkarınız, bir sözlə, ziyalınız ev, iş, rütbə, çeşid-çeşid imtiyaz, komfort həyat üçün qapımda növbəyə durursa, ətəyimi öpür, qarşımda yeddi qat olursa, bəs sən nəyi gözləyirsən? Onlar sarayımın qarşısında sürünürsə, sən niyə şax gəzirsən? Bizə “ziyalı” kimi təqdim edilənlərin əli ilə ələbaxanlıq, mütilik, itaətkarlıq legitimləşdirilir, belə təsəvvür yaradılır ki, burada ayıb və pis heç nə yoxdur. Bəs necə? Bu qədər titullu bir yazıçı, şair, rəssam bunu edirsə, onda ayıb və pis nə ola bilər ki? Belə düşüncəyə kökləyirlər toplumu.
Ələbaxanlar, mütilər nə qədər çox olsa, sistemin ömrü də o qədər uzun olar.
Belələri çox olmasa, inanın, heç çoxlu polis də bir işə yaramaz. Sümükqıran itlərin də bir xeyri olmaz. Onların da həqiqətə dişi batmaz.