Hərbi ekspert absurd ittihamla qarşılaşıb

“Mənə dedilər ki, bu kimi məqalələr yazmaqla, şərhlər verməklə Azərbaycan-Rusiya hərbi əməkdaşlığının gələcəyini təhlükə altında qoyuram”

REAL hərəkatı İdarə Heyətinin üzvü, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli açıqlama yayıb. Ekspertin sözlərinə görə, avqustun 21-də ona yazdığı informasiyalar, təhlillər, açıqladığı fikirlərlə bağlı hakimiyyətin üst qatında narahatlığın yaranması barədə mesaj çatdırılıb: “Mənə dedilər ki, son günlər Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı barədə yazdığım təhlillər, informasiyalar, məqalələr Azərbaycan hakimiyyətində narazılıqla qarşılanır və eyni zamanda Rusiyanın hərbi-siyasi elitası bu məsələ ilə bağlı rəsmi Bakıya etirazını bildirib. Guya bu kimi məqalələri yazmaqla, şərhləri verməklə Azərbaycan-Rusiya hərbi əməkdaşlığının gələcəyini təhlükə altında qoyuram. Guya bu məqalə və təhlillərimlə iki ölkə arasında hərbi-texniki sahədə razılaşdırılmış sənədlərin pozulması təhlükəsi yaranır. Guya bu hərəkətimlə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirirəm.

Mənə dedilər ki, Rusiyanın müdafiə sənayesi şirkətləri, “Rosoboroneksport”un rəhbər heyəti Azərbaycanla mövcud və perspektiv hərbi əməkdaşlıq barədə məlumatların, şərh və təhlillərin mətbuatda dərc olunmasının, ictimai müzakirəyə çıxarılmasının əleyhinədirlər və bu barədə narahatlıqlarını rəsmi Bakıya çatdırıblar. Azərbaycan hakimiyyəti də öz növbəsində onlara bu kimi məlumatların mətbuata çıxarılması, müzakirə olunmasının dayandırılacağını vəd edib.

Dünən mənə mesaj çatdırıldı ki, bu tip məqalələr, təhlillər yazmağı, araşdırmalar aparmağı, açıqlamalar verməyi dayandırım. Onlar qeyd etdilər ki, hakimiyyətdəki qüvvələr buna görə mənə nə istəyirəmsə ödəməyə, hörmət etməyə hazırdırlar.

Mənə mesaj göndərən tərəflərə bildirdim ki, narazı olduqları məsələlər barəsində rəsmi məktub göndərsinlər. Aydınlatsınlar ki, niyə görə bu və digər araşdırmaları aparmağı düzgün hesab etmirlər. Eyni zamanda bir məsələ mənə qaranlıqdır ki, əgər burada söhbət milli təhlükəsizlikdən gedirsə, onda niyə görə mənə hörmət təklif edirlər?”.