İqtidarın «namizəd bolluğu» planı nəyə hesablanıb?
Azərbaycan hakimiyyəti seçki ilə bağlı taktikasını dəyişib. Əgər bir müddət əvvəl hökumət nəzarətində olan partiyaların seçkiyə qatılmasını istəmirdisə, artıq qərar dəyişib. Hakimiyyətdaxili mənbələrdən redaksiyamıza sızan məlumatlara görə, iqtidar seçkiyə maksimum çox namizədin qatılmasını istəyir. Təbii ki, həmin namizədlər iqtidara yaxın şəxslər olmalıdır. Məqsəd isə təbliğat kampaniyası dövründə müxalifətə, konkret olaraq Demokratik Qüvvələrin Milli Şurasına problem yaratmaqdır.
Hakimiyyət Milli Şuranın dağılması istiqamətində iş aparmaqla yanaşı, riskləri də göz önünə alır. Iqtidar ideoloqları üçün ən pis variant Milli Şuranın vahid namizədlə seçkiyə qatılmasıdır. Vahid namizədin qeydiyyata alınmamasının isə seçkinin nəticələrini bəribaşdan şübhə altına alacağı üçün iqtidar bu addımı atmağa ehtiyat edir. Bu baxımdan da namizədlərin sayını çoxaltmaqla təbliğat kampaniyasında vahid namizədin səsini batırmağa çalışır. Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Seçki qanunvericiliyinin tələblərinə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-i səhər saat 8-dək aparıla bilər. Bu, üç həftə (16-22 sentyabr, 23-29 sentyabr, 30 sentyabr-6 oktyabr) efir vaxtı deməkdir.
Hazırda namizədlərin sayı 14 nəfərdir. Bu isə o deməkdir ki, hər namizədə həftədə 12 dəqiqə efir vaxtı olacaq.
Ictimai Televiziya efir vaxtını həftədə üç dəfə ayırsa, hər namizəd 4 dəqiqə danışa biləcək. Namizədlərin sayı çoxaldıqca efir vaxtı da azalacaq. Hakimiyyətə də məhz bu lazımdır. Sərbəst toplaşmaq azadlığına faktiki olaraq qadağa qoyan hakimiyyət bu tərəfdən də pulsuz efir vaxtını sıradan çıxarmağa çalışır.
Digər tərəfdən iqtidaryönlü namizədlərin əsas hədəfi də Ilham Əliyev deyil, Milli Şuranın namizədi olacaq.