akarimli-yeni4

Əli Kərimli Milli Şurada nələrin baş verdiyini açıqladı (VİDEO)

“Həmin adamlar bizə minnətdar olacaqlar ki, Milli Şuranı böyük bir səhvdən xilas etdik”

“Bəlkə bir soruşasınız ki, mənim İsa bəy haqqında verdiyim açıqlamanı İsa bəy mənim haqqımda veribmi?”

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunda sualları cavablandıraraq, Milli Şuranın fəaliyyəti, seçkilərdə iştirakı, vahid namizədin müəyyənləşdirilməsi məsələlərinə aydınlıq gətirib. Müsahibənin videoyazısını və aktual məqamlarının mətnini təqdim edirik. Diqqətə çatdırırıq ki, Əli Kərimli Milli Şuranın 26 avqust sessiyasını 3 gün irəli – avqustun 23-nə çəkmək barədə razılaşmadan əvvəl proqramın qonağı olub və  buna görə də söhbət zamanı sessiyanın tarixi ilə bağlı səslənən fikirlər köhnəlmiş sayıla bilər.

Proqramın aparıcısı Xədicə İsmayılın “Müxalifət seçkiyə gedirmi?” sualına AXCP sədri belə cavab verib ki, bəli, müxalifət seçkiyə gedir. O, Milli Şurada ehtiyat vahid namizədlə bağlı konsensusa gəlmək ərəfəsində olduqlarını, növbəti sessiyada bu namizədin irəli sürüləcəyini və sessiyadan dərhal sonra sənədlərin MSK-ya təqdim ediləcəyini deyib.

Milli Şuranın seçki prosesinə qoşulamağa gecikdiyi haqda fikirlərə münasibət bildirən Əli Kərimli qeyd edib ki, az vaxtlarının qaldığı ilə razılaşır. Lakin onun fikrincə, bu az müddətdə də namizədləri üçün imza toplamağı bacaracaqlar. “Kifayət qədər çətinliklər olacaq. Biz praktik olaraq, 5 gün ərzində imza toplamalıyıq. Amma bu, mümkündür. Biz artıq hansı dairələrdə, kimlərin və hətta az qala kimlərdən imza toplayacağını da müəyyən etmişik. Düzdür, bu proses 24-nə qədər başa çatsaydı, daha gözəl olardı. Ancaq böyük koalisiyalarda hər zaman belə hallar baş verir. Böyük birlikləri idarə etmək çətin olur və müəyyən kompramislərə getmək lazım gəlir”, – deyə AXCP lideri bildirib.

Əli Kərimli uyğun suallara cavabı zamanı Milli Şuranın bundan əvvəlki sessiyasında seçkiyə bir, yoxsa çox namizədlə qatılmaq ətrafında getmiş dartışmalara da toxunub: “Müxtəlif fikir ayrılıqları var idi. Bir neçə partiya tərəfindən təklif olunurdu ki, Rüstəm bəyin ilkin müraciətini əsas götürərək, Milli Şurada təmsil olunan qurumlar müstəqil şəkildə seçkilərə qatılsın. Biz isə israr etdik ki, Milli Şura ideyası seçkilərdə vahid namizədlə iştirakımızı nəzərdə tutur. Biz 4-5 namizədlə seçkiyə gedib, vahidliyimizi təsdiqləyə bilməzdik. Milli Şuranın bütövlüyünü qorumaq lazımdır”.

Bu yerdə aparıcı Əli Kərimlidən soruşub ki, sessiyanın gedişi zamanı seçkiyə çox namizədlə qatılmaq barədə qərarın qarşısını almaq üçün Milli Şuranın AXCP-dən olan üzvləri ilə birlikdə zalı tərk edəcəyi haqda bəyanat verməsi doğru xəbərdirmi. Əli kərimli xəbəri təsdiqləyib. Bildirib ki, seçkiyə vahid namizədlə qatılıb Milli Şuranın birliyini qorumaq naminə bütün qanuni və siyasi təzyiq metodlarından, o cümlədən parlament mübarizəsi üsulundan istifadə edib. Nəticədə Milli Şuranın gənclər və vətəndaş cəmiyyəti təşkilatlarından, ziyalılardan olan üzvləri AXCP-nin mövqeyini müdafiə edib və bu mövqe 43 səslə qərar halnı alıb.

Əli Kərimli Milli Şuranın seçkilərə çox namizədlə qatılmsına qurumdakı hansı qüvvələrin israr etdiyini də açıqlayıb. O, vahid namizəd qərarının doğruluğunu bir daha vurğulayaraq, Milli Şuranın ötən sessiyasında bu qərara qarşı çıxanların da bir müddətdən sonra buna əmin olacaqlarını deyib: “Əminəm ki, bir müddətdən sonra həmin adamlar bizə minnətdar olacaq ki, bir səs üstünlüyü ilə olsa da, Milli Şuranı böyük bir səhvdən xilas etdik. Bu səhvdən yayınmaq üçün bütün qanuni vasitələrə əl atdıq və bacardıq”.

Əli Kərimli seçkilərdə iştirakla bağlı dinləyici sualına cavabında deyib ki, opponentləri nəyə görəsə onun boykot tərəfdarı olduğunu vurğulayırlar. “Boykot tərəfdarı olmaq qəbahətli iş deyil və mən bunu məqsədəuyğun saysam, açıq şəkildə deyərəm. Bunu mənə niyə deyirlər? Çünki mən deyirəm ki, seçkidə iştirak etmək lazımdır, seçki tamaşasında yox. Deyirəm ki, seçki əsas keyfiyyətlərini itirəndə orada olmaq lazım deyil. Belədə məqsədləri nə olur-olsun seçkiyə qatılmaq olanlar məni boykot tərəfdarı adlandırır. Indi Azərbaycan cəmiyyəti seçkidə iştiraka köklənib. Və mən də hesab edirəm ki, biz seçkidə iştirak etməklə, Azərbaycan cəmiyyətinin istəyini ifadə etməliyik”, – deyə AXCP sədri izahat verib.

Başqa bir dinləyicinin “İsa Qəmbərlə aranızda nə var ki, bölə bilmirsiniz?” sualına isə Əli Kərimli belə cavab verib: “Bu məzmunlu fikirlər əvvəllər də səsləndirilib. Isa bəylə mənim münasibətlərimdə heç bir problem yoxdur. Mən Ictimai Palatanın iclasında və “Obyektiv TV”yə müsahibəmdə də vurğulamışam ki, nəinki hansısa ziyalının vahid namizəd olmasına razıyam, o cümlədən İsa Qəmbər Milli Şuranın namizədi olmağa razılaşsa, Milli Şuradakı başqa qüvvələrin də dəstəyini alsa, onu da dəstəkləməyə hazıram. Çox maraqlıdır, mən bunu dediyim halda müsavatçı dostlarımız mənə sual ünvanlayırlar ki, İsa Qəmbərlə probleminiz nədir? Bəlkə bir soruşasınız ki, eyni açıqlamanı İsa bəy mənim haqqımda veribmi? Eyni ifadələrlə deyibmi ki, məsələn, digər partiyalar Əli Kərimlinin namizədliyini dəstkləsələr Müsavat da onu müdafiə etməyə hazırdır. Mənim dediyim sözləri olduğu kimi mənə qaytarmaq olarmı?”.

Əli Kərimli mübarizədə tamaşaçı rolu oynayıb, müxalifətin fəaliyyətini tənqid edənlərə də münasibət bildirib: “Bir zamanlar bizə irad tuturdular ki, guya, biz öz aramızda ortaq məxrəcə gələ bilmədiyimizə, şəxsi ambisiyamızdan çıxış etdiyimizə görə insanlar mübarizəyə qoşulmurlar. Indi biz öz namizədliyimizi irəli sürmürük və istənilən vahid namizədi dəstəkləməyə hazırıq. Ancaq yenə də bu adamlar bizdən əl çəkmirlər. Ölkədə demokratik seçki mühiti yox, müxalifət televiziyalara buraxılmır, 200 milyona başa gəlmiş peyk vasitəsilə həftədə bir dəfə efirə gedən “Azərbaycan saatı” proqramını vururlar və s. Bu kimi yüzlərlə halların baş verməsinə həmin “ştatlı” tənqidçilər susurlar.
Maaşlarda 10 faizlik artımı sentyabr ayına salmaq, rayonlara “Prezidentin Ehtiyat Fondu” adı ilə milyonlar ayırmaqla seçiciləri satın almaq cəhdi var. Yəni, demokratik seçki mühitinə bənzər heç nə yoxdur. Belə bir şəraitdə fədakar insanlar, məhdud resurslarla mübarizə aparıb Azərbaycan hakimiyyətini demokratik seçkiyə məcbur etmək istəyirlər. Və xeyli sayda özünü demokratik dəyişiklik tərəfdarı hesab edən adamlar bu mübarizəyə nəinki kömək etmirlər, əksinə, hökumətin müxalifətə təzyiqinə azarkeşlik edirlər. Dinləyicilər də bilməlidilər ki, burada xeyirlə şərin mübarizəsi gedir”.