Yeni azərbaycanlı tipləri

Izləmələr göstərir ki, cəmiyyətdə çox qəribə tiplər yaranıb. Əlbəttə, bir yazıda bu tiplərin hamısı haqda dolğun yazmaq mümkün deyil. Lakin həm publisist, həm yazar kimi boynumuza düşür ki, onları yaxından izləyək, gözdən qaçırmayaq, sifətlərini göstərək və hətta özlərinə də xəbər salaq. Məsələnin bu qədər operativ hissəsi publisistikanın üzərinə düşür ki, biz də qəzetçi dostlarımızla zaman-zaman, ara-sıra o tiplər haqda tam ümumiləşdirmə aparmadan da olsa, yazmışıq.

Günümüzdə hansı siyasi proseslərin getdiyini hər kəs bilir, görür. Və təbii olaraq da sözünü etdiyimiz o tiplər formalaşırlar. Onlar çoxdu, lakin onları yalnız ədəbiyyat dəqiq ortaya çıxara, ümumiləşdirə, bədii şəkildə gələcək oxuculara çatdıra bilər.

Məsələn, belə tiplər var – tanışındı, dostundu, çox gec-gec görüşür, bir-birinizin proseslərə qatqısını o qədər dəqiq bilmirsiniz. Bəli, bir gün qarşılaşıb ona mitinqdən gəldiyini deyirsən. O isə çox müdrik görkəm alıb qaşlarını çatır, səndən ciddi-ciddi soruşur ki, sən allah, zarafat eləyirsən? Yəni sən görmürsən ki, bunlar hamısı oyundu?

Adam bunu o qədər inamlı və özündən arxayın şəkildə deyir ki, deyirsən, Ətağa, söhbət “Qta vays siti” oyununun Bakı versiyasından gedir, yüz faiz oyunu hazırlayıb istehsal edən də bu qardaşın özüdü. Sənə də ona görə yazığı gəlir ki, qurduğu oyuna ciddi yanaşıbsan. Halbuki o səni çox ağıllı yazıçı-filan hesab edirmiş… Sanki bunun bu boyda proseslərə, məsələn, bu günlər Milli Şura və onun vahid namizədinin mətbuatın gündəmini rəqabət tanımadan işğal etməsini bir fakt kimi ciddiyə almadan hakimiyyətin bütün iyrəncliklərinə susmalı, arabir şeirdən-zaddan yazıb ucuz araq içməli, ya da varlı dostlarının əlinə baxmalı, onlar rəhmə gələndə yanlarına düşüb bahalı pivədən-filandan endirməyə getməlisən. Ancaq adamı çaş qoyan budu ki, axı necə olur bu sürücü-“xalturşik”, ya “tolkuçka” cəngavəri prosesləri səndən daha yaxşı dərk edir?..

Başqa bir aləm tip də var. Onlara anarxist desən, deyillər, nihilist desən, heç yerli-dibli yaxın gəlmirlər. Bakuninlərlə, Bazarovlarla bu adamları bir tərəziyə qoymağın özü əsil nihilizm olardı. Xətirlərinə dəyməsin inşallah, bəlkə ipləmə-filan adlandırmaq olar, bəlkə o da olmaz. Mark Zükerberqin sayəsində hərəsi bir media generalı, yaxud siyasi şərhçi, yaxud ipləmələr kralı olub. Hərəsi özünə Fb-də bir hesab açıb və başlayıb Markın ixtirasının içinə etməyə. Bütün dünyaya ağıl verirlər. Irandan girib Turandan çıxırlar – Avropanı ağ-yuyub, qara sərir, ABŞ-ı söyür, Talibandan ikrah edir, sağa tüpürür, sola tüpürür, yəhudiyə nifrət edir, Iranı masqaraya qoyur və s.. Razı qaldıqları bir çöp belə yoxdu. Siyasi liderlərə öz tərbiyəsiz uşaqları kimi, partiyalara evcik kimi baxırlar. Müxalifəti lağa qoyurlar ki, pərakəndədirlər – ha-ha-ha; müxalifət birləşir, deyirlər, pah, hələ bunların birliyinə baxın; vahid namizəd istəyirlər, o da ortaya çıxanda, deyirlər, baho, adam donuz əti yeyirmiş ki… Yenə də və s. və. i.a. Qısacası, neynəsən, Markın “smaylik-mötərizələrindən” sıralayıb ölü eşşək kimi dişlərini ağardacaq, üstünə güləcəklər. Elə bil Platon, Sokrat, Lütfi Zadə bunların belindən gəlib. Adamlar heç olmasa bunu dərk eləmirlər ki, əşi, axı bu ölkəyə əvvəl-axır bir prezident seçilməlidi ya yox? Cəhənnəm, lap belə Zahid Oruc, ya Hafiz olsun. 

Başqa bir tipimiz də var. Bu adamlar hakimiyyətə nifrət edir, müxalifətə inanmış kimi görünür, ölkədə demokratik və iqtisadi dəyişikliklər istəyir, ancaq buna görə asqırmağa belə tənəzzül etmirlər. Məsələn, ömrü boyu bir mitinqə belə qatılmayan biri o gün mənə deyir ki, BIZ bu filan-filan şüdə qorxaq xalqnan nə eləyə bilərik, Jirinovski elə düz deyir. Adama “bəs sən özün?” soruşuram. Deyir: – Mən? Əşi, tək mənimlə nə olacaq?..

Eh, qardaşlar, doğrudan da biz bu adamlarla hara gedirik? Və təsəvvür eləyin ki, bu adamlar yüz minlərlədi…