Ekspertlər diqqəti Putinin Bakı səfərinə yönəldir
Israilin Milli Təhlükəsizlik Şurasına daxil olan terrorçuluğa qarşı mübarizə idarəsi ölkə vətəndaşlarına payız bayramları ərəfəsində Azərbaycan, Türkiyə, Iordaniya və Misirə səfər etməməyi məsləhət görüb. Tailand, Filippin, Seneqal, Kəşmir, Nigeriya, Keniya və Çeçenistan isə xüsusilə təhlükəli yerlər sayılır. Bu barədə Israil mətbuatı məlumat yayıb.
Bu xəbərdarlığın nə ilə bağlı olduğunu və Azərbaycanın hansı səbəbdən bu siyahıya salındığı məlum deyil. Lakin Azərbaycanla yaxşı münasibətlərdə olan Israilin ölkəmizi təhlükəli ölkələr siyahısına salınması təsadüfi görünmür. Çünki Rusiya prezidenti Putinin Bakıya səfəri ərəfəsində Kremlə yaxınlığı ilə seçilən ekspertlər Putinin Azərbaycan hakimiyyətindən yəhudiləri ölkədən çıxarmağı tələb edəcəyini bildirirdi.
Israil xüsusi xidmət orqanlarının Azərbaycan hökuməti ilə tərəfdaş olduğunu deyən ekspertlər də son xəbərdarlığın Putinin Azərbaycana səfərindən sonra edilməsini təsadüfi saymır. Buna səbəb isə Putinin Azərbaycana səfərindən əvvəl Kreml ideoloqlarından sayılan Aleksandr Duqinin Rusiya prezidentinin Azərbaycan hakimiyyətindən yəhudilərin deportasiyasını tələb edəcəyi ilə bağlı dedikləridir. Bu məntiqlə yanaşanda Putinin Azərbaycana səfərinin Israildə narahatçılıq yarada biləcəyini demək olar. Eyni zamanda Israilin Azərbaycanla əlaqələri Rusiyanı qıcıqlandırır.
Ekspertlərin sözlərinə görə, Israil təhlükəsizlik qüvvələrinin son bəyanatı Təl-Əvivin Azərbaycanı təhlükəli ölkə kimi təqdim etdiyini göstərir. Israil bununla həm də Azərbaycan hökumətin təhdid edir. Bu da ondan ibarətdir ki, Azərbaycanda baş verə biləcək terror hadisələrinin qarşısının alınmasında “Mossad” heç bir yardım göstərməyəcək.
Ekpertlərin fikrincə, Azərbaycanın xüsusi xidmət orqanları bundan nəticə çıxarmalıdır. Çünki bu cür məlumatlar adətən hədə xarakterli olur. Bunu da dövlət orqanları nəzərə almalıdır.
Ekspertlər hesab edir ki, Azərbaycanın Çeçenistan, Keniya, Seneqal kimi tayfa müharibələrinin davam etdiyi ölkələrlə bir siyahıya düşməsi ölkəmizlə bağlı hər hansı təhlükəli proqnozun ola biləcəyinə də işarədir.
Fizzə