Namizəd Səfərov: «Belə çıxır ki, Qurban Məmmədov zərərçəkənə kömək etdiyi üçün ittiham olunur»
Milli Şuranın üzvü, həbsdə olan hüquqşünas Qurban Məmmədova yeni ittiham irəli sürülməsi haqda məlumat vermişdik. Belə ki, Qurban Məmmədov Cinayət Məcəlləsinin 299.1-ci maddəsi ilə ittiham olunur. Vəkil Xalid Bağırovun sözlərinə görə, işin istintaqı Nəsimi Rayon Polis Şöbəsindən Nəsimi Rayon Prokurorluğuna verilib.
Xatırladaq ki,ÿNəsimi Rayon Məhkəməsi iyunun 4-də vəkil Qurban Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham verilib.ÿÿ
299-cu maddə, ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma,ÿ299.1-ci maddə isə, şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qurban Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Namizəd Səfərov, Q.Məmmədova qarşı irəli sürülən bütün ittihamları absurd və bütün sərhədləri aşma kimi qiymətləndirir: “Qurban Məmmədova qarşı irəli sürülən yeni ittiham haqqında eşidəndə növbəti dəfə şok keçirdim. Baxmayaraq ki, Qurban Məmmədov zərərçəkənə zəruri maddi və tibbi yardımı göstərib, irəli sürülən itiham bunun əksini iddia edir. Qurban Məmmədov haqqında həbs qətimkan tədbirinin seçilməsi qanunsuzdur. Ən pis halda bu adam məntəqə tiplidə saxlanılmalıdır. Bunun qarşısını almaq üçün onun əməlini qəsdən törədilmiş cinayət kimi təqdim etmək istəyirlər. Hakimiyyət cəmiyyətə mesaj verir ki, zərərçəkənə kömək etməyin, bu sizə qarşı ittiham kimi səslənə bilər. Qurban Məmmədovun zərərçəkənə kömək etməyini onun əleyhinə ittiham kimi irəli sürürlər. Bu da onun siyasi fəaliyyəti ilə bağlıdır və hakimiyyət onu cəmiyyətdən təcrid etmək istəyir”.
Ilham Hüseyn