Namizədlərin sayının çox olması efir vaxtının azalmasına hesablanıb
Anar Məmmədli: «Nəzərdə tutulan vaxt platformanı açıqlamaq üçün çox azdır»
Oktyabrın 9-da keçiriləcək prezident seçkisində qeydə alınmış namizədlərə Ictimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayıracaq.
“Media forum” saytının yazdığına görə, seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
Seçki qanunvericiliyinin tələblərinə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-i səhər saat 8-dək aparıla bilər. Bu, üç həftə (16-22 sentyabr, 23-29 sentyabr, 30 sentyabr-6 oktyabr) efir vaxtı deməkdir.
Namizədlərin sayı artdıqca onlara ayrılan vaxt da azalır. Televiziyada 3 saat ödənişsiz efir vaxtını (180 dəqiqəni) hazırda namizədliyini irəli sürən şəxslər arasında böləndə hərəsinə 15 dəqiqədən az vaxt düşür. Ictimai Televiziya efir vaxtını həftədə üç dəfə ayırsa, hər namizədin 5 dəqiqədən az danışmaq imkanı olacaq.
Namizədlərin irəli sürülməsi prosesi sentyabrın ilk günlərinədək davam edəcək və artımın olacağı şübhə doğurmur. Bu da onlar üçün ayrılan efir vaxtının bir qədər də daralacağını deməyə əsas verir.
Namizədlər üçün ayrılan efir vaxtı yetərlidirmi və digər ölkələrdə vəziyyət necədir?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli 2008-ci ildə heç bir əsas olmadan qanuna dəyişiklik edildiyini və namizədlər üçün nəzərdə tutulan efir vaxtının 6 saatdan 3 saata endirildiyini xatırlatdı. Lakin ekspert vaxtın azaldılmasına ehtiyac olmadığını və bu məsələdə Azərbaycan hakimiyyətinin davranışını tələsik və qeyri-demokratik adlandırdı. Çünki 3 saatlıq efir vaxtı namizədlərin ehtiyaclarını ödəmir.
Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə efir vaxtının müddəti o qədər də əhəmiyyət daşımır. Çünki siyasi qrupların seçkilər başlamazdan öncə kampaniya aparmaq imkanları olur. Yəni söz və mətbuat azadlığı üzərində Azərbaycanda olduğu kimi ciddi senzura yoxdur. Amma Azərbaycanda televiziya və radiolar, xüsusilə də dövlət büdcəsindən maliyyələşən telekanallar əsassız və qeyri-demokratik olaraq alternativ siyasi fikrin üzünə bağlandığı üçün seçkiqabağı təbliğat-təşviqat dövründə efir vaxtının əhəmiyyəti olur: “Inkişaf etmiş ölkələrdə efir vaxtı simvolik xarakter daşıyır. Bu vaxt prezidentliyə namizədlər arasında debata ayrılır”.
Ekspertin fikrincə, Azərbaycanda prezidentliyə namizədlərə ayrılan efir vaxtının debatlara, yaxud namizədin öz platformasını aydınlatdırmağa ayrıldığı dəqiqləşdirilməlidir. Nəzərdə tutulan vaxt platformanı açıqlamaq üçün çox azdır. Ancaq həmin vaxt debatlar təşkil olunarsa və bütün namizədlərin orada iştirakı məcburi xarakter daşıyarsa, bu, maraqlı alınar.
Fizzə