Hakimiyyətdə Milli Şura panikası

Demokratik qüvvələrin parçalanacağını düşünən iqtidar məyus olub

Demokratik Qüvvələrin Milli Şurasının avqustun 19-da keçirilən iclasından sonra iqtidarda panika yaranıb. Bu barədə “Azadlıq”a iqtidardaxili mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hakimiyyətdə Milli Şuranın avqustun 19-da dağılacağını düşünürlərmiş.
“Hakimiyyətin nəzarətində olan mediaya Milli Şuranın dağılmasını sürətləndirən təxribat xarakterli materialların dərc edilməsi barədə tapşırıq verilmişdi. Bütün güc ona qoyulmuşdu ki, Milli Şuranın avqustun 19-da keçirilən iclasında demokratik qüvvələr parçalansın. Lakin bu baş tutmadı”, – deyə mənbə vurğulayıb.
Qaynağımız deyib ki, panika içində olan iqtidar Milli Şuranın dağıtmaq işini daha da sürətləndirib. Hakimiyyətin nəzarətində olan mediada 19 avsqust iclası ilə bağlı dezinformasiyaların, demokratik qüvvələri gözdən salan materialların dərc edilməsi məhz buna hesablanıb.
Mənbə bildirib ki, Milli Şurada təmsil olunan partiyaların arasında intriqa yaradan məlumatların yayılması sözügedən planın tərkib hissəsidir. Eyni zamanda müxalifət daxilindəki “minalar”a artıq açıq şəkildə Milli Şuraya hücuma keçmək tapşırılıb.