Müxalifətin 18 avqust mitinqindən sonra YAP-çılar hamısı bir ağızdan mitinqdəki çıxışlara diqqət ayırdılar. Dedilər ki, müxalifət liderləri 20 ildir eyni sözləri təkrarlayırlar və s. Bunun bircə səbəbi vardı. Mitinqlə bağlı nəyə bir əmma tapsalar da, çıxışlardakı sərt və ifşaedici həqiqətlər daş olub başlarına düşür. Hətta aksiya gedərkən də çıxışları əngəlləmək üçün elektriki kəsirdilər. Tutaq ki, mitinqə öncədən deyiləndən az adam gəlmişdi. Tutaq ki, mitinqə cəmi 30 adam çıxmışdı. Bəs orda deyilənlərə nə sözünüz?! Onlar ki həqiqətdir. Onlar ki mitinqə gəlməyənlərin də qəbul etdiyi doğrulardır…
20 ildə baş verən cinayətləri, talanı, yalanı kim dana bilər? 20 il söhbəti edir bu adamlar, amma 200 il öncənin təfəkkürü ilə danışırlar. Anlamırlar ki, müasir dünyada 20 il hakimiyyətdə olmaq ayıbdır, nəinki 20 il eyni sözü demək. Hansı normal ölkədə 20 il bir ailə hakimiyyətdə olur? 20 il eyni problemlər qalırsa və artırsa, bunu demək gərək deyil? Bəs özlərinin nəyi dəyişib bu 20 ildə – həmin oğurluq, həmin oğrular deyilmi?! “Köhnə hamam, köhnə tas” elə buna deyirlər. Bulvarı ildə bir neçə yol təzələmək hələ ölkəni təzələmək deyil, bu köhnə təfəkkürlə isə heç cür təzələnməz.
Gəlin təzələnmiş təhsil nazirinin ən təzə qəhrəmanlığına baxaq…
Bu günlərdə ali məktəblərə qəbullar bitdi, dalınca isə orta məktəb şagirdlərindən kimlərin qızıl və gümüş medallara layiq görüldüyü siyahı çıxdı. Dərhal sual yarandı ki, niyə 700 bal toplayanların çoxu qızıl medala layiq görülməyib, amma qızıl medalçılar arasında hətta 500-dən də aşağı bal toplayanlar var.
Dünən “Azadlıq” qəzetində maraqlı bir yazı dərc edilib, müəllifi təhsil ekspertidir – Nadir Israfilov. Yazı elə bu məsələyə həsr edilib. Müəllif konkret fakt gətirib, Təhsil Nazirliyinin yüksək vəzifəli işçisi Fərzalı Qədirovun qızıl medal alan oğlunun 473 bal topladığını yazıb və bunun klassik qiymətləndirmə ilə 3,8 olduğunu bildirir. Bir az da xəta var burada, klassik anlamda həmin qiymət 3,4 edir, yuvarlaq desək 3-dür.
Bu xırda xəta o qədər əhəmiyyətli olmaya bilər, lakin yazının müəllifi, təəssüf ki, dağ boyda faktdan yan keçib. Həmin fakt ondan ibarətdir ki, ölkə başçısının oğlu Heydər Əliyev də qızıl medal alanların sırasındadır, amma o da 590 bal toplayıb.
700 bal toplayanlardan kimsə qızıl medal almaya bilər – mümkündür ki, imtahan vermədiyi fənlərdən birindən zəif olub məktəbdə. Ali məktəbdə isə hamı güclü bildiyi fənlərə görə ixtisas seçir, həmin fənlərdən imtahan verməyi üstün tutur. Qızıl medal alanlar isə bütün fənləri əla bilənlərdir və söz yox ki, onlar da ən güclü bildiyi fənlərdən imtahan veriblər. Onlar ən güclü bildiyi fənlərdən 3 və ya 4 alırsa, bu adamlar necə qızıl medal alıblar? Təhsil Nazirliyi bütün medalçıların imtahan ballarını açıqlasa, hələ daha dəhşətli faktlar üzə çıxa bilər. Yeri gəlmişkən, bunu etmək artıq onların borclarıdır.
Dünən sosial şəbəkələrdə müzakirə zamanı bəzi valideynlər mənə qəbulda 700-ə yaxın bal toplayan övladlarının qızıl medala niyə yaxın buraxılmadıqlarının səbəblərini yazmışdılar. Amma səbəblər bunsuz da bəllidir. Hamıya aydındır ki, medallar böyük əksəriyyətə həm də rüşvət ödəməklə verilir. Bunu qızıl medallarla gümüş medalların sayındakı nisbətdən də görmək olar. 283 qızıl medal alan varsa, gümüş alanlar cəmi 10 nəfərdir. Məntiqlə gümüşə layiq olanlar daha çox olmalıdırlar. Amma gümüşə pul verən yoxdur deyə, əksinə olub, həm də bu qədər böyük nisbətlə.
Bəs YAP-çıların ən təzə naziri medal alanların siyahısını təsdiqləyəndə bu fərqi görmədimi? Gördü təbii ki! Sadəcə YAP-çılar ölkəni 20 ildir belə təzələyirlər.
Qalır bunların özlərinin yerli-dibli təzələnməyi!