Goranboydan üsyan xəbəri gəldi

Kəlbəcərli köçkünlərin ayağa qalxdığı deyilir; İcra başçısı yayılan xəbərə münasibət bildirdi

Sosial şəbəkələrdə Goranboyda məskunlaşan kəlbəcərli məcburi köçkünlərin etiraz aksiyası keçirməsi barədə xəbərlər yayılıb. Bu xəbəri ilk olaraq Teymur Kərimov adlı facebook istifadəçisi öz profolində yayıb.  Onun sözlərinə görə, köçkünlərin Goranboyun icra başçısının onları incitdiyinə görə bu addımı atdıqları bildirilib.
Hətta aksiyaçıları sakitləşdirmək üçün Goranboy polisinin müdaxilə etdiyi, Goranboy və Kəlbəcərin icra başçılarının hadisə yerində olduqları qeyd edilib.
O, daha sonra yazıb ki, dirənişi görən rayon rəhbərliyi qaçqınlar üçün transformator gətirildiyini və işıq probleminin həll ediləcəyini bildirib. Amma torpaqla bağlı tələb hələ yerinə yetirilməyib.
T.Kərimovun sonrakı satatusunda isə bunlar bildirilir: “Indi bilin ki, güc birlikdədir. Dövlət orqanlarının nümayəndələri 3 saata yaxındır ki, xalqa yalvarmaqdadır. Etiraza qalxan əhali hündürlükdən yavaş-yavaş aşağı enir. Hərbi postla da razılığa gəlindi (yəqin onların əhalini geri qaytarması nəzərdə tutulur-red.). Polislər də getməyə başlayıblar. Goranboyun da icra başçısı çıxıb getdi. Kəlbəcərin icra başçısı isə bu gün Goranboyda yaşayan Kəlbəcər qaçqınlarının qonağı olacaq”.
Virtualaz.org-un müxbiri olayla bağlı Goranboyla əlaqə saxlayıb. Mənbə bildirib ki, etirazçılar polisi daşa basıblar.
Modern.az saytı dəqiqləşdirmə aparmaq üçün Kəlbəcərin icra başçısı Aqil Məmmədovla əlaqə saxlayıb. Bu gün Gəncə ərazisindən çıxmadığını deyən A.Məmmədov qeyd edib ki, yayılan məlumat doğru deyil: “Gəncədə məcburi köçkünlər üçün mənzillər tikilib və istifadəyə veriləcək. Biz bu tədbirə hazırlaşırıq. Bu gün baş nazirin müavini, ”Dövlətqaçqınkom”un sədri Əli Həsənov Gəncədə idi və bizə müəyyən tapşırıqlarını verdi. Demək istəyirəm ki, mənim bu gün Goranboyda olmağımla bağlı xəbər tamamilə yalandır. Əgər orada belə bir hadisə olsaydı, mütləq bizə xəbər verərdilər. Goranboy rayon Icra Hakimiyyətindən də belə hadisənin olduğu ¬təkzib edilir”.