Biz nəyə gülürük?

Məşhur yazıçı Milan Kundera müsahibələrinin birində deyirdi ki, yumorun qiymətini Stalinin terroru zamanı anlayıb. “Onda 20 yaşım vardı və stalinist olmayan insanı təbəssümündən müəyyənləşdirirdim. Məhz təbəssümündən bilirdim ki, bu insandan qorxmaq olar, ya yox”.

Əslində burada yumorun gücü haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mahatma Qandi etiraf edirdi ki, o, bütün məhrumiyyətlərə rəğmən həyatda sağ qala bildiyi üçün məhz yumor hissinə borcludur. “Yumor olmasaydı, mən çoxdan intihar etmişdim” deyirdi Qandi. 

Bəs birdən-birə bu haqda niyə yazmalı oldum? Sonuncu mitinqdə çıxışları dinləyə-dinləyə qəfildən ağlıma gəldi: ilk aksiyaya çıxmağımdan hardasa 15 il ötür. Bu müddətdə onlarla mitinqə getmişəm, yüzlərlə çıxış eşitmişəm. Amma nə vaxtsa hansısa natiqin dilindən fikrini qüvvətləndirmək, kütləni rahatlatmaq, ona düşüncələrini və situasiyanı daha aydın çatdırmaq üçün bir lətifə eşitdiyimi xatırlamıram. Bizim mitinqlərdəki çıxışlar bu sarıdan çox yoxsuldur, onlar şeirlərlə, lətifələrlə süslənmir, halbuki bu, tribunadakılarla dinləyənləri daha da yaxınlaşdırar, onların bir-birini daha aydın başa düşməsinə kömək edərdi. Yalnız standart siyasi cümlələr və quru siyasi ciddiyyətlə ancaq boz, yorucu, darıxdırıcı çıxışlar edə bilərsən, bu çıxışların effekti isə sadəcə, effektsizliyə bərabərdir.

Məncə, yumorun gücünü hakimiyyətdəkilər daha yaxşı qiymətləndirirlər. Yox, yox, mən onların güclü yumor hissi olduğunu-zad iddia etmirəm. Tam əksinə, yaptokratiya səhnəni bayağı, düşük yumorun üzünə açmaqla əslində bizim kimi basqıçı, əzici rejimlərdə ən böyük silahlardan biri olan gülüşü zərərsizləşdirməklə məşğuldur. O xalqa yumor adına Fərdaları, Elməddinləri, Rafael-Coşqunları təklif edir, onları hər addımda gözümüzə, evimizə soxur, bununla da, belələrinin arxasında heç bir bilgi, fikir, zövq, ictimai ağrı, o ictimai ağrıdan yaranan göz yaşları dayanmayan “gülüşlər”i ilə toplumun yumor damarını öldürür. Beləcə, özünə qarşı ən sarsıdıcı silahlardan birini sıradan çıxarmış olur.

Əlbəttə, deyə bilərsiniz ki, heç kimin başına tapança sıxıb ondan Rəfael-Coşquna gülməsini istəyən yoxdur, amma unutmayaq ki, onillərdir ölkədə total savadsızlaşdırma və zövqsüzləşdirmə siyasəti aparılıb, o artıq bəhrəsini verib. “Maral, maral”a oynayanların Elməddinə qarnını tutub uğunmasından təbii, məntiqəuyğun heç nə yoxdur. Savadsızlıq zövqsüzlük doğurur. Zövqsüzlük isə Nadir Qafarzadə ilə Fərdanı. Axırda isə Baba Tağıyevi deputat qoyurlar. Bir sözlə, heç nə bir-birindən xəbərsiz baş vermir. 

Əslində artıq bizdə gülmək feli öz qüvvəsini itirib, indi ancaq irişməkdən və hırıldamaqdan danışmaq olar. Necə ki, keçənlərdə bir ağıllı vətəndaşımız hansısa saytdakı müsahibəsində elə belə də demişdi: “Mütaliəsiz insanlara yazığım gəlir. Məsələn, mən özüm hər gün mütləq nəsə oxumalıyam. Elə bir ”qanuni oğru” yoxdur ki, onun haqqında yazılmış kitabı oxumayım”. Buyurun, Azərbaycanda mütaliənin düşdüyü vəziyyətlə gülüşün düşdüyü vəziyyət bir-birini necə də tamamlayır! 

Nəticə? Çoxluğun içindən qoparıb ata bilmədiyimiz köləlik hissi, itaətkarlıq duyğusu, “prostoy vətəndaş” olmaq ehtirası, şahsevənlik vərdişi. O özünün nə qədər gülməli vəziyyətdə olduğundan xəbərsiz şəkildə Rafael-Coşqunun, “Bakılı oğlanlar”ın arxasında heç bir sosiallıq, ictimai mövqe, intellekt, istedad dayanmayan, düşündürməyən “yumor”una uğunub gedir, hırıldayır.  

***

Hüqo deyirdi: “Gülüş – o bir günəşdir. Insanın üzündən qışı qovur”.

Bizsə 20 ildir ki, ölkəmizdən qışı qova bilmirik.

Bəlkə həm də ona görə ki, gülə bilmirik.