“Xruşovkalar”ı niyə sökmək istəyirlər?

«Bakıda tikilmiş panel evlər yaxşı istismar edilərsə, 400-500 il əhaliyə xidmət göstərə bilər» 

Bakıda könhə evlərin söküntüsü prosesi davam edir. Bir neçə il əvvəl paytaxtdakı “xruşovka” tipli binaların söküləcəyi ilə bağlı da məlumatlar yayıldı. Ancaq hələlik bu binaların nə vaxt söküləcəyindən bir xəbər yoxdur. Digər postsovet respublikalarında “xruşovkalar” istismar müddətini başa vurmuş binalar kimi sökülüb. Bakıda hələlik bu proses başlamasa da, bəzi memarlar və iqtisadçılar bu binaların istismar müddətinin başa çatdığını iddia edirlər.

Onların iddiasına görə, 1960-cı illərdə tikilmiş bu evlərin istismar müddəti cəmi 50 il imiş və 2010-cu ildən sonra onları mütləq sökmək lazımdır. Bəzən mətbuatda özünü hansısa memar təşkilatının sədri kimi təqdim edən şəxslər də qəribə şəkildə Azərbaycanda “yel xəstəliyinin”, yəni revmatizmin məhz “xruşşovka”lardan sonra yarandığını iddia edirlər və sonra da bu binaların mütləq sökülməsinin vacibliyini vurğulayırlar. 

ANS PRESS-in araşdırması isə bu cür iddiaların əsassız olduğunu və bilərəkdən qızışdırıldığını ortaya çıxarıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin verdiyi məlumata görə, “xruşşovka”ların və digər panel evlərin istismar müddətinin başa çatması barədə deyilənlərin heç bir əsası yoxdur. Çünki beton binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Hər şey real şəraitdən asılıdır, nəzəri baxımdan beton binaların istismar müddəti yüz illərlə ölçülür. Amma hər hansı bina normal istismar edilmədikdə yararsız hala salına bilər. 

C.Qocayevin sözlərinə görə, belə söhbətləri edənlər bilərəkdən əhali arasında çaxnaşma yaratmağa çalışırlar. Eyni fikirləri beton üzrə tanınmış mütəxəssis, professor Bünyad Sərdarov da bildirib. Alimin sözlərinə görə, Bakıda tikilmiş panel evlər yaxşı istismar edilərsə, 400-500 il əhaliyə xidmət göstərə bilər. 

Hər iki mütəxəssisin dediklərini tikinti nəzəriyyəsi və MDB məkanında son illərdə aparılmış tədqiqatlar da göstərir. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı yalnız iki bina – 7 bal zəlzələyə davam gətirmək üçün nəzərdə tutulmuş panel doqquzmərtəbəli binalar salamat qalmışdı. Qazaxıstanın Almatı şəhərində yapon mütəxəssisləri tərəfindən aparılmış müayinə panel evlərin zəlzələyə ən davamlı olduğunu ortaya çıxarıb. MDB məkanında, o cümlədən Bakıda indi geniş tətbiq monolit-karkas üsulu ilə tikilmiş binaların möhkəmliyi isə panel evlərdən xeyli aşağı olub və bu, təbiidir – monolit binalar panel binalardan 5 dəfə ucuz başa gəlir. 

DŞAK təmsilçisi Cahangir Qocayev Azərbaycanda “xruşşovka”lar üçün konkret istismar müddəti qoymağı düzgün saymır: “Rusiyaya baxmayın, orada şaxtalar betonu, panellərin birləşmə yerlərində amortizasiya üçün qoyulmuş rezini keyfiyyətdən sala bilər. Bizdə elə şaxtalar olmur”. 

Lakin Moskvadan daha sərt kontinental iqlimə malik Almatıda aparılmış müayinələr göstərir ki, hətta ilk tikilmiş 4 mərtəbəli binalarda belə betonda və birləşmə elementlərində dağılma yoxdur. Yalnız 1959-1962-ci illərdə tikilmiş binaların bəzilərində su düşmüş yerlərdə korroziya elementləri müşahidə edilib ki, bu da binanın ümumi möhkəmliyinə təsir etmir. Sonrakı illərdə tikilmiş binalarda isə heç bir dəyişmə müşahidə edilməyib. Iki Almaniya birləşdikdən sonra alman mütəxəssisləri Şərqi Almaniyada sovet texnologiyası ilə tikilmiş binaları yoxlayıblar, onları təhlükəsiz və istismara yararlı sayıblar. 

Bəs müxtəlif ölkələrin təcrübəsi bu binların istismara yararlı olduğunu ortaya çıxardığı halda, postsovet paytaxtlarından onların sökülməsi barədə niyə belə xorla təbliğata başlayıblar? ANS PRESSin araşdırmasına görə, məsələnin kökündə Moskva təcrübəsi dayanır. 

Rusiya paytaxtında “xruşşovka”lar sökülərkən xüsusi dövlət yerləşdirmə proqramı tətbiq edilir və yeni karkas binalarda adambaşına 18 kvadratmetr mənzil verilir. Yəni yaşayış sahəsi 17 kvadratmert olan 1 otaqlı mənzilin sahibi 3-4 nəfərlik gənc ailəyə 54-66 kvadaratmetrlik yeni mənzil verilir. Bu, əhali arasında 1-2 otaqlı “xruşşovka”ları populyar edib, yəni ailələr prosesdən müəyyən qədər qazanclı çıxırlar. Amma ən çox qazanan korrupsioner məmurlar tərəfindən dəstəklənən iri tikinti şirkətləri olub. Rusiyada 1990-cı illərdə bəzi sıfırdan başlamışların indi oliqarx kimi tanınmasında məhz dövlət pullarının bu cür mənimsənilməsinin rolu az deyil. Sadəcə, bu binaların sayı elə də çox olmayıb və buna görə də ictimaiyyətin diqqətini cəlb etməyib. Məsələn, Moskvanın Taqan rayonunda cəmi 50 belə bina olub. Onu da yavaş-yavaş 7-8 ilə söküblər. 

Moskvada “xruşşovka”ları sökərkən əsas kimi onların komfortsuz – yayda isti, qışda soyuq olmasını göstərirlər. Çünki bu binaların paneli sonra tikilmiş binalarınkına baxanda nazikdir. Yəni sonradan Orta Asiyanın istiləri və Rusiyanın şimal zonaların soyuğu nəzərə alınaraq panellər xeyli qalınlaşdırılıb. Məsələ ilk baxışdan həll edilməz kimi görünür və Moskvada “fəaliyyət göstərən” tikinti mafiyası məhz bundan istifadə edərək dövlət pullarını mənimsəyir. Amma Cahangir Qocayev “xruşşovka”ların bu probleminin həll edilən olduğunu bildirir: “Almaniyada bu binaların hamısına üzlük çəkildi. Bu, həmin binalardan istilik itkisinin qarşısını aldı”. Türkiyədə də Bolqarıstan və Axıska türkləri üçün tikilmiş mikrorayonlarda da “xruşşovka”ların təcrübəsi nəzərə alınıb. Lakin orda qaz xətləri çölə çıxarılmaqla binalar daha təhlükəsiz hala gətirilib. Su xətləri bloka çıxarılıb, kanalizasiya xətti isə hamamlarda açıq aparılır ki, bu da onların korroziyaya səbəb olmasına imkan vermir. Yəni sovet binalarındakı şaxta sistemindən imtina oxşar binaların istismarını xeyli asanlaşdırıb. Yəni bu kimi kosmetik dəyişikliklər sovet binalarına da tətbiq edilər bilər. 

Artıq Bakıda və digər şəhərlərdə bəzi panel binaların üzləniməsinə başlanıb, həmçinin bir çox binalarda kommunikasiylar şaxtadan kənara çıxarılıb. Bu, həmin binalarda yaşayışı daha komfortlu edib. Əgər həmin təcrübə bütün binalarda tətbiq edilərsə, sakinlərin sağlamlığı ilə yanaşı dövlət büdcəsi də qorunmuş olar – ən azından korrupsiya pulları ilə şişməyə çalışan tikinti şirkətlərinin bəd niyyətləri çin olmaz.