Sərkisyan niyə Əliyevin seçilməsini istəyir?

Nurəddin Məmmədli: Azərbaycanda hakimiyyət dəyişikliyi Ermənistan üçün çox təhlükəlidir»

Ermənistan prezidenti Serj Sərkisyan Ilham Əliyevin növbəti dəfə prezident seçilməsinin ölkəsi üçün sərfəli olduğunu deyib.   Sərkisyanın bu bəyanatına Azərbaycan hakimiyyəti və hakim Yeni Azərabycan Partiyasından reaksiya olmayıb. 

Ancaq nəinki Xocalı soyqırımın törədilməsində iştirak edən Serj Sərkisyan, hətta ondan xeyli humanist və Ermənistanın işğalçı siyasətini pisləyən hər hansı erməni Azərbaycanda müxalifətin hakimiyyətə gəlməsini məqbul hesab etsəydi, hakimiyyət təmsilçiləri bundan müxalifətə qarşı istifadə edərdi. YAP bu faktdan istifadə edib müxalifəti növbəti dəfə ermənipərəstlikdə ittiham edərdi. Hələ ortada belə fakt olmadığı halda hakim partiya nümayəndələri Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovu erməni lobbisi ilə iş birliyində ittiham edir. Belə olan halda Sərkisyanın bəyanatı necə qiymətləndirilməlidir və erməni prezidentinin Əliyevə bu dəstəyi nə ilə bağlıdır?

AXCP sədrinin müavini Nurəddin Məmmədli Ermənistan üçün bu gün Ilham Əliyev kimi bir adamın prezident olmasının hər cəhətdən önəmli olduğunu deyir. Çünki Azərbaycan bu gün iqtisadi potensialı və digər göstəriciləri ilə normal rejim şəraitində elə bir səviyyədə inkişafa nail ola bilərdi ki, Ermənistan müharibəsiz iqtisadi güc qarşısında diz çökməyə məcbur olardı. Bu cəhətdən Sərkisyanı başa düşmək olar: “Ilham Əliyevin qurduğu bu korrupsioner rejim əslində Azərbaycanı Ermənistanla bir sıra göstəricilər üzrə eyniləşdirib. Digər tərəfdən Azərbaycanın əraziləri işğal olunub. Milyardlarla dollar muqabilində Rusiyadan alınan köhnə keyfiyyətsiz silahlar istifadə olunmur. Ermənistana qarşı nə hərbi, nə də siyasi təzyiq yoxdur. Azərbaycan öz torpağının işğaldan azad olunması üçün hətta hüquqi müstəvidə ciddi mübarizə aparmır. Bu baxımdan Azərbaycanda hakimiyyət dəyişikliyi istənilən variantda Ermənistan üçün çox təhlükəlidir”.

N.Məmmədlinin sözlərinə görə, Ermənistanda təkcə Sərkisyanın yox, bütövlükdə hamının bu rejimdən razı olması, bu rejimin hakimiyyətdə qalması üçün hər cür çabalara əl atması tamamilə təbii bir hadisədir.

Fizzə