Aslan Ismayılov: «Hakimiyyət mitinqdə kütləviliyin qarşısını almaq üçün bu cür qanunsuz addım atdı»
18 avqust təkcə 20-ci sahədə müxalifətin mitinq keçirməsi ilə deyil, həm də hakimiyyətin bu mitinqə süni maneə yaratması ilə yadda qaldı. Bu mitinqin keçirilməsinə rəsmi şəkildə icazə verilsə də, hakimiyyət bütün vasitələrdən istifadə edərək mitinqin baş tutmaması üçün “zəhmət”ə qatlaşmışdı.
Mitinqin keçirilməsinə bir neçə gün qalmış hakimiyyət fəal pariya üzvlərinin “ov”una başladı. Mitinq gününə qədər artıq 12 nəfər saxlanılmışdı. Mitinq günü isə, Yevlaxdan, Şəkidən mitinqə gəlmək istəyən 20-dən çox cəbhəçi fəal saxlanılaraq polis bölməsinə aparılmışdı. Eyni zamanda avtobusların hərəkətində fasilələr yaradılırdı.
Ancaq hakimiyyət təkcə mitinqə gəlmək istəyənlərə yox, həm də mitinqə gəlmiş insanlara süni maneə yaratmağa başladı. Belə ki, əvvəlcədən razılaşdırılmışdı ki, 10 yaşından yuxarı hər bir vətəndaş mitinqdə iştirak edə bilər. Ancaq mitinq başlamağa yaxın hakimiyyət həmişəki kimi vədini pozdu. Və 18 yaşı tamam olmayan şəxslər mitinqə buraxılmadı. Hətta 1-2 aydan sonra 18 yaşı tamam olacaq şəxsləri də mitinqdə iştirakdan məhrum etdilər. Bu isə təkcə həmin şəxslərin iştirak etməməsi deyil, həm də ailənin digər üzvlərinin mitinqdə iştirakına maneə yaratmaq idi. Çünki övladı ilə mitinqə gəlmiş valideyn, övladını tək buraxıb 2-3 saat meydanda olmaqdan narahatlıq keçirirdi.
Ancaq hakimiyyətin təbliğatına həsr olunmuş bütün tədbirlərdə 3 yaşında uşaqları görmək də mümkündür. Bəs, bu uşaqların təhlükəsizliyi dövlətin marağında deyilmi? Niyə hakimiyyət narazı kəsimin övladlarını bu qədər “qorumaq” istəyir?
Görünür, bu insanların təhlükəsizliyini yox, hakimiyyətdəkilərin təhlükəsizliyini qorumaq üçün atılmış addımdır.
Hakimiyyət bu yasaqla hansı qanuna əməl etmək istəyirdi?
Tanınmış vəkil Aslan Ismayılov hesab edir ki, 18 yaşına çatmayan şəxslərin meydana buraxılmaması mitinqdə kütləviliyin qarşısını almaq, süni maneə yaratmaq üçün tətbiq edilir: “Razılaşdırılmış mitinqdə hər bir vətəndaşın iştirak etmək hüququ var. Polis isə bütün vətəndaşların təhlükəsizliyinə təminat verməlidir. Indiki halda belə bir maneənin yaradılması qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Hakimiyyət mitinqin keçirilməsinə kömək etməli olduğu halda, bu mitinqin keçirilməsinə cidd-cəhdlə maneə törətdi. Bunun da səbəbi hər kəsə aydındır?
Gördüyünüz bu fotonu isə, Sevinc Vaqifqızı “facebook” səhifəsində paylaşıb. Bu foto Ilham Əliyevin 2008-ci ildə Bibiheybətdə keçirdiyi mitinqdəndir. Məktəblilər əllərində Ilham Əliyevin portretini tutub. Polis isə insanların mitinqi tərk etməməsi üçün çəpər çəkib. Bu ölkədə qanunların şəxslərə görə dəyişdiyinin daha bir nümunəsinə şahidlik edin.
İlham Hüseyn