Mitinq zəif olanda korrupsiya yaxşımı olur?

Yaptokratlar bir-birinin ağzına tüpürübmüş kimi, son mitinqin uğursuzluğundan danışırlar, adam fikirləşir ki, yazıqlar neçə gün imiş nə əziyyət çəkirmişlər, bəlkə gecələr gözlərinə yuxu da getmirmiş, mitinqə yüzminlərin gələcəyini gözləyirmişlər. Amma indi belə olmadığını görəndə rahatlayıblar, sevincək olublar, az qalırlar qanad açıb uçsunlar.

Əslində hikmət elə yaptokratların bu gözləntisinin özüdür. Onlar da reallığın fərqindədirlər. Böyük çoxluqda bıçağın artıq sümüyə dirəndiyini, sistemə qarşı nifrətin aşıb-daşdığını bilirlər. Bilirlər ki, toplumun qəlbi bu oğru rejimə qarşı qəzəblə döyünür. Əgər bu gün o nifrət, o qəzəb meydanlara axışmırsa, bunun tək səbəbi ölkədəki total xof mühitidir. Bir də, bir də insanların tərəddüdləri, inamsızlıqlarıdır. 

Əmin olun, xalq öz real alternativini müəyyənləşdirəndə, o alternativə bütün qəlbi, ruhu, beyni ilə bağlananda bu sistemin nə qədər çürük dayaqlar üzərində durduğu gün kimi ortaya çıxacaq. Hətta təəccüblənəcəyik hər şey niyə bu qədər uzun çəkmişdi?

Indisə söhbətimizin mövzusu bu deyil. Qayıdaq srağagünkü mitinqlə, ümumiyyətlə isə rejimə qarşı etiraz aksiyaları ilə bağlı ənənəvi say mübahisələrinə. Rejim muzdlularının mitinqçi sayını ən komik şəkildə azaltmasına, müxalifət düşərgəsindən olanların isə bu sayı aşırı yüksək göstərməsinə. Əslində hər dəfə belə dartışmaların ortaya çıxması daha çox hakimiyyətin oyununa bənzəyir. Mitinqin tələbləri, mesajları qalır bir qıraqda, say kimi sonuncu dərəcəli məsələ gündəmin ön sırasına oturdulur. Biz də istər-istəməz bu oyunun iştirakçısına çevrilirik.

Halbuki yaptokratlar istədikləri qədər söhbəti say məsələsinin üstünə çəkmək istəsinlər, biz hər mitinqdən sonra toplumun hansı istəklərlə, tələblərlə yaşadığını, onun bizə hansı mesajlar verdiyini götür-qoy etməli, nəticələr çıxarmalı, növbəti addımları bu istəklər, tələblər, mesajlar üzərindən müəyyənləşdirməyi öyrənməliyik. Məsələn, mənim son mitinqdən gəldiyim bir çox qənaətlər vardı.

Birincisi, cəmiyyətin müxalif düşərgədəki daxili çəkişmələrdən, söz güləşdirmələrdən yorulduğu qənaətidir. Rejimin gözlədiyi, müxalifətin arzuladığı qədər iştirakçının mitinqə qatılmamasına başqa izah və ad vermək çətindir. Hər birliyin çox keçmədən mübahisə, qarşıdurma adresinə çevrilməsi adamları yorur. Onlar dəfələrlə izlədiyi filmi yenidən seyr etməyə həvəsli deyillər. Nə həvəsli, nə maraqlı.  

Ikincisi, srağagünkü mitinq göstərdi ki, bu cür qeyri-sivil, qeyri-demokratik rejimlərlə mübarizədə ardıcıllıq, davamlılıq çox önəmlidir. Məsələn, mitinqləri mövsümi işə çevirmək olmaz. Əgər mitinqlər üçün gərəkdiyində hakimiyyətdən icazə almaq, onun icazə verdiyi ucqar yerlərdə mitinq keçirmək qəbulolunandırsa, o zaman davamlı bu yolu seçmək olmazmı? Gah icazəsiz, gah icazəli aksiyalar arasında vurnuxmalar nə üçündür? Əgər birinci toplumda total xofu dərinləşdirirsə, ikinci yola baş vurmaq və yüksələn xətlə davam etmək daha yaxşı deyilmi? Belə mitinqlərin ardıcıllığı hətta say məsələsində də ürəkaçan mənzərə yarada bilər. Mən son mitinqdən əvvəl sosial şəbəkələrdə dostların aksiya ilə bağlı təbliğatına fikir verdim, onlar xüsusi vurğulayırdılar ki, mitinq icazəlidir, polis zorakılığı olmayacaq, insanlar dubinka, gözyaşardıcı qaz yeməyəcək. Bunu xüsusi vurğulamaq ehtiyacı yaranıbsa, deməli, qəbul edirik ki, insanlar aksiyalara məhz zorakılıq qorxusu ilə gəlmirlər. Həmin qorxunu sındırmaq üçün razılaşdırılmış mitinqlərə üstünlük vermək gərəkir. Aksiyalara ardıcıl şəkildə dinc görüntü verməklə, hətta ona bir şölən havası qatmaqla biz mitinqlərlə bağlı təsəvvürləri tamam dəyişə, qorxu sindromunu aradan qaldıra bilərik.

Mənim son aldığım başqa təəssüratlar da var. Zaman-zaman onları da yazarıq.

Qayıdaq mitinqin say baxımından zəif olması haqqında deyilənlərə, lap elə doğrudan belədir. Bəyəm mitinq zəif olanda hakimiyyət güclümü olur? Güclü olsa belə, haqlımı olur? Bəyəm mitinq zəif olanda korrupsiya, soyğunçuüluq, saxtakarlıq, yalan, yaltaqlıq yaxşımı olur? 

Qoy yaptokratlar əvvəlcə bu suallar haqda düşünsünlər, sonra sevinsinlər. Əgər sevinə bilsələr!