Əliyev üçün Berdiməhəmmədov nümunəsi

Nurəddin İsmayılov

Ən avtoritar rejimlər belə zamanın onların xeyrinə olmadığının fərqindədir. Iran kimi mühafizəkar, teokratik-klerikal bir ölkənin yeni prezidenti H.Ruhani də anladı ki, ölkə həyatında yeni islahatla olmasa, Iranda yaşayan xalqlara sərbəst fəaliyyət imkanı verilməsə, dünya ilə uzlaşmaq çətin olacaq və Iran rejimi haqda formalaşan fikir dəyişilməz qalacaq.
Təkcə dəyişməyən, dəyişilmək istəməyən, yenilikləri süngü ilə qarşılayan, qırx illik tayfa hakimiyyətini nəyin bahasına olur olsun qorumaq üçün çabalar göstərən bir hakimiyyət var – Azərbaycan hakimiyyəti. Dünyada baş verən siyasi gəlişmələr, qlobal dəyişiklilər, Yaxın və Orta doğuda tüğyan edən inqilabi hadisələr hər kəsə halını dəyişmək, dünya ilə uyğunlaşmaq diqtəsini etsə də donuq Azərbaycan hakimiyyəti bu ictimai-siyasi proseslərdən nəticə çıxarmır və tayfaçılıq prinsipindən geri durmaq istəmir.
Bir tayfadan olanlar hakimiyyətdən tutmuş qeyri-hökumət təşkilatları, mətbuta, siyasi partiyalara qədər bütün qurumlara əl qoyublar. Ilham Əliyev həm prezidentdir, həm YAP-ın sədri. Xanımı Mehriban Əliyeva YAP-ın müavini, H.Əliyev fondunun prezidenti və digər çox sayda vəzifə daşıyıcısıdır. Onların yaxın və uzaq qohumlarının mühüm postlarda sıralanması hər kəsə bəlli. Əvvəl Əliyevlərdən ibarət olan bu eşelona, “paşayevlər klanı” deyilən yeni bir çalar əlavə olunub. Tayfanın ən uzaq qohumunun ən kiçik elmi rütbəsi elmlər namizədidir. Professorlar, akademiklər cərgəsinə daxil olanların sayı günbəgün artmaqdadır. Heç bir vəzifədən geri çəkilmək fikirləri yoxdur və onlar Azərbaycana öz mülkləri kimi yanaşır.
Bu arada Türkmənistan prezidenti Q.Berdiməhəmmədovun avtoritar rejimlərə örnək olan bir addımını qeyd etmək yerinə düşər. Prezident Q.Berdiməhəmmədov Türkmənistan Demokratik Partiyasının VII qurultayında partiyadan azad olmaq barədə qərar verib. O, prezident olduğu sürəcdə heç bir partiyaya üzv olmamaq barədə qərar qəbul etməklə siyasi partiyalara bərabər şərait yaratdığını və bir qrupun deyil, bütün xalqın prezidenti olduğunu isbatladı. Doğrudan da Azərbaycan da daxil olmaqla avtoritar rejimlərə dərs verəsi bir örnəkdir.
Bəs cənab I.Əliyev nə fikirləşir!? Bir şəxsin həm prezident, həm YAP sədri, xanımının həm YAP müavini, həm də çoxsaylı vəzifələr icra etməsi ölkə adına ayıb iş deyilmi? Nə vaxta qədər I.Əliyev demokratiyadan danışa-danışa antidemokratik davranışlar nümayiş etdirəcək? Onun davranışları, çıxışları milləti təmsil edən prezidentdən çox, əksəriyyət tərkibi bolşevik təfəkkürlü YAP adlı bir dəstəni təmsil etməkdən xəbər verir. O, müxalifəti bir söyəndə, YAP funksionerləri iki söyür.
I.Əliyevin partiyalara normal münasibətini görən YAP-çı funksioner çətin cəsarət edib müxalif partiyalara hədyan yağdırsın. Doğrudan da, elan etdikləri kimi, Azərbaycanda siyasi plüralizm var və hər bir partiyaya normal fəaliyyət imkanı yaradılır, onda müxalif partiyaların ünvanına “antimilli”, “satqın”, “xain” ifadələrini işlədib önyarqı etməyin adı nə? Özünə inanan, arxasında xalq gücü dayanan prezident öz alternativlərinə qarşı repressiya siyasəti yeritməz, onların fəaliyyət imkanlarını məhdudlaşdırmaz, cəmiyyətə dolayı yolla onları daşqalaq edin mesajı verməz.
Hələ seçkilər başlamamış hər şey göz qabağındadır. Qatı rusofil olanlar Milli Şuranın vahid namizədi R.Ibrahimbəyovu “rusofil” adı ilə sıradan çıxarır. ReAL hərəkatının rəhbəri I.Məmədov həbsə atılır. Tanınmış ziyalılar hörmətdən salınır. Siyasi partiya rəhbərlərinə təzyiqlər göstərilir. Müxalif qüvvələrin bir araya gəlməsinə hər cür əngəllər törədilir. Q.Məmmədov, A.Ismayılov kimi tanınmış vəkillər həbslə, hədə-qorxu ilə imtahana çəkilir. Gənc fəallar xuliqanlıq, polisə müqavimət göstərmək adı ilə zindanlara göndərilir. Illərdir ki, ölkədə sərbəst toplaşma azdlığına icazə verilmir.
Əsas alternativləri sıradan çıxarıb seçkilərə alternativsiz getməyin iddiasında olanlar unutmamalıdır ki, bu addımlar sabitliyə deyil, destablizasiyaya xidmət edir. Fikrimizcə, ölkə prezidenti həmkarı Q.Berdiməhəmmədovun demokratiya adına atdığı addımdan örnək götürməli, partiya sədrliyindən istefa verməli və ölkədə fəaliyyət göstərən siyasi partiyalara bərabər şərait yaratmalıdır.