İlham Əliyev hansı rayonlardan ehtiyat edir?

Ölkə başçısının bölgələrə səfərləri seçkiqabağı narahatlıqdan doğur

Seçki kampaniyası başlamamış ölkə başçısı Ilham Əliyev rayonlara səfər edərək təbliğatı ilə məşğul olur. Onun son günlər intensiv olaraq bölgələrə getməsinin kökündə məhz seçki amili dayanır. Hakimiyyət bununla da seçki ilə bağlı çoxsaylı qanun pozuntularının sırasına birini də əlavə etmiş olub. Lakin bu məsələnin bir tərəfidir.

Məsələnin digər tərəfi Ilham Əliyev əvvəlcə hansı rayonlara baş çəkməsidir. Azərbaycanın bütün bölgələrində vəziyyət acınacaqlıdır. Amma Ilham Əliyev səfərinə Ismayıllı rayonundan başladı. Bu təsadüfi deyil. Məhz Ismayıllıda əhali məmur özbaşınalığına qarşı üsyana qalxmışdı. Ilham Əliyevin ilk olaraq Ismayıllıya baş çəkməsi və orada məmurlara barmaq silkələməsi həmin hadisələrin doğurduğu təşvişin nəticəsidir. Ilham Əliyev daha sonra Qubaya səfər etdi. Qubada da bir neçə il əvvəl eyni hadisələr baş vermişdi. Əhali icra başçısının harınlığına etiraz edərək üsyana qalxmışdı. Daha sonra isə Ilham Əliyev Zaqatalada göründü. Bu rayonda isə təbii fəlakət nəticəsində yüzlərlə insan ev-eşiyini itirib. Və hələ indiyə qədər təbii fəlakətin nəticələri aradan qaldırılmayıb. Zəlzələdən zərər çəkən sakinlər bir neçə dəfə aksiya da keçiriblər. Zaqatala hələ də həssas bölgə olaraq qalır. Hakimiyyət də seçki ərəfəsində əsasən bu rayonlardan ehtiyat edir. 

Ümumiyyətlə isə seçki ərəfəsində bütün bölgələrdə baş verə biləcək sosial partlayışların qarşısının alınması üçün icra başçılarına əhalinin narazılığına səbəb olacaq addımlar atmamaq tapşırılıb. Hətta icra başçılarına rayonları tərk etmək belə qadağan edilib. Bu qadağanı pozan icra başçıları sərt şəkildə cəzalandırılacaqları ilə hədələnib.