Hakimiyyət daxilində “yeni komanda təşvişi”

Qruplaşmalar seçkidən sonraya hazırlaşır

Seçki ərəfəsində məmurlarda təşviş yaranıb. Bunun bir səbəbi seçkidə qələbəyə inamın az olmasıdırsa, başqa bir səbəbi seçkidən sonra hakimiyyətdə baş verə biləcək dəyişikliklərdir. Hakimiyyətdaxili mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, məmurlar düşünürlər ki, bu seçki uğurla başa vurulsa iqtidar komandasında ciddi dəyişikliklər edicələk. Köhnə komandada təmizləmələr aparılacaq.

Bu baxımdan iqtidardaxili qruplaşmalar həm də seçkidən sonrakı dönəmə hazırlaşırlar. Məlumat üçün deyək ki, seçkidən sonra nazirlər kabineti istefaya göndərilir və yenidən formalaşdırılır. Hakimiyyətdaxili qruplaşmalar da bundan narahatdırlar. Bu baxımdan indidən yeni komandada təmsilçilik uğrunda mübarizəyə başlayıblar. 

Təsadüfi deyil ki, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da seçkidən sonrakı dəyişikliklərdən danışıb. O, “Reytinq” qəzetinə müsahibəsində bu barədə deyib: “Dəyişikliklər hər zaman mümkündür və hər zaman lazımdır. Azərbaycan çox böyük sürətlə dünyaya inteqrasiya olunur, dünya da sürətlə dəyişir. Azərbaycan idarəçiliyi də buna uyğun şəkildə formalaşmalıdır. Əminəm ki, Azərbaycan xalqınn da mütləq əksəriyyəti də əmindir ki, qarşıdan gələn prezident seçkilərində Ilham Əliyev qalib gəldikdən sonra hakim komandada dəyişikliklər olacaq. Mən belə bir tendensiyanı müşahidə edirəm ki, Ilham Əliyev son təyinatlarda gənclərə üstünlük verir. Düşünürəm ki, budəfəki seçkilərdən sonra hakim komandada bir sıra dəyişikliklər olacaq, əsasən də yeni, gənc kadrlar üzərində seçim ediləcək”.ÿ

Redaksiyamıza gələn xəbərlərdə seçkidən sonra dəyişiklərdə PA rəhbərinin komandasının sıradan çıxarılmasına cəhd ediləcəyi bildirilir. Nəzərə alsaq ki, Fəzail Ağamalı zaman-zaman Ramiz Mehdiyevə əks mövqedə olub, bu zaman onun həvəslə dəyişikliklərdən danışmasını təsadüfi saymaq olmaz.

Digər tərəfdən Azərbaycanın Serbiya, Çernoqoriya, Bosniya və Hersoqoviniyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov da Ilham Əliyevin devrilməsi ilə bağlı planda adının hallandırılmasına münasibət bildirərkən “kimlərinsə” bunun kreslolarını qorumaq üçün etdiyini bildirmişdi. Eldar Həsənovun açıqlamalarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə eyham edildiyi vurğulanırdı. 

Beləliklə də, seçkidən sonra hakimiyyət daxilində yaranmış böhran daha da dərinləşə bilər.