Gələcək indi baş verir…

“Məni Ilham Əliyevin bir bəyanatı çox təəccübləndirdi. Indi yadımda deyil, söhbətin məğzi nə idi, lakin o dedi ki, Azərbaycan gələcəkdə tam demokratik bir ölkə olacaq. Yox. Gələcək indi baş verir. Bu, həmişə belə davam edə bilməz”,- bu sözləri “Azadlıq” radiosuyla söhbətində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997), indi Corc Mason Universitetinin professoru Riçard Kozlariç deyib.

Hələlik, Kozlariçin sözlərini bir yana qoyaq və 18 avqust mitinqinə kiçik bir retrospektiv ekskurs edək.

Azərbaycandakı mitinqlərlə bağlı söhbətin ana mövzusu demək olar ki, həmişə say söhbəti olur. Yəni ilk olaraq həmişə görüntüyə, kəmiyyətə diqqət yetirilir. Sonuncu mitinqin iştirakçısı kimi özümün təqribi göz şahidliyimə görə, orada 8-10 min adam olardı. Bir xeylisinin də mitinqin ortasında meydanı tərk edib geri qayıtdığının şahidi oldum. Zənnimcə, bunun səbəbi amansız bürkü və isti idi. Gerçəkdən o cür durumlara ürəyi dözməyən, sağlığı imkan verməyən şəxslər var və onların mitinq bitməmiş meydanı tərk etməsi yalnız bununla bağlı ola bilər.

Bundan başqa, sayı əsas cəhət kimi qiymətləndirənlərə bir şeyi xatırlatmaq da yerinə düşər. Nəzərə alaq ki, əgər həmin mitinqdə hər evdən bir nəfər iştirak edirdisə, bu, əslində azı üç adam, yəni 21 min deməkdi, çünki bu mübariz insanların hər biri ilə öz evində fikri tam üst-üstə düşən azı iki ailə üzvü var. Gələ bilməsələr də, əslində o mitinqdə iştirak etmiş sayılırlar. 

Və daha bir məsələ – ora gələnlər təkcə öz ailələrini deyil, mövcud avtoritar, diktatura meylli, öz qazanclarını hüdudsuz şəkildə artırmaqdan başqa heç nə düşünməyən, əhalinin gün-güzəranına dırnaq arası baxıb pafoslu çıxışlarla xalqda özünə gülüş doğuran hakimiyyətdən narazı olan yüz minlərlə Azərbaycan insanını təmsil edirdilər. Bəli, o yüz minlərlə insanın heç olmasa 20-30 mini öz etirazını göstərmək üçün mitinqə şəxsən qatıla bilərdi, qatılmayıblar, lakin bu haqda bir az sonra danışarıq. Hələliksə, yenə də say söhbəti haqda fikirlərimizi bölüşək.

Əgər xatırlayırsızsa, 1992-ci ildə parlament binasının önündə Heydər Əliyev tərəfdarlarının oturaq aksiyası keçirilirdi. O aksiyada vur-tut 60-70 adam iştirak edirdi. Sonra qəfildən Hacı Əbdülün dəstəsi peyda oldu, onları süpürüb meydandan uzaqlaşdırdılar və öz aksiyalarına başladılar. Lakin hadisələrin sonrakı axarı göstərdi ki, say əsas deyilmiş. Əliyev o 60-70 adamıyla hakimiyyəti ələ keçirdi. Deməli, əsas olan say deyil, təşkilatlanma işinin doğru-düzgün qurulması, xalqla işin aparılmasıdı. Halbuki həmin çağda xalq Cəbhə hakimiyyətindən indiki hakimiyyətlə müqayisədə heç olmasa milyon dəfə az narazı idi. Sözümün canı budur ki, sabahkı gedişatın taleyini mitinqlərdə toplaşanların sayı müəyyən etmir. Deyək ki, meydanlara çıxmayan xalq seçki günü elə bir fəallıq göstərir ki, hakimiyyətin seçkini saxtalaşdırma üzrə püxtələşmiş maşını belə, çarəsiz duruma düşür və istədiyi nəticəni əldə edə bilmir. Bir neçə rayonda qəfildən baş verən kütləvi çaxnaşmalar da xalqın oyanmasının an məsələsi olduğunu üzə çıxardı. Lakin təşkilatlanma olmadığına görə bu hərəkatlar öncədən məğlubiyyətə düçar idi və elə də oldu.

Indi isə Kozlariçin yazımın başlığına çıxardığım sözünə gəlirəm. Vətəndaşlar, heç nə sabah həll olunmur, keçmiş səfirin dediyi kimi, gələcək indi baş verir. Hər an, hər dəqiqə, hər saat, hər mitinq günü. Əgər bu xalqa gələcək lazım deyilsə, onda kef eləsin, oturub evini dağıdacaq buldozerləri gözləsin. Gələcəyi istəməyən xalq üçün heç gələcəyin də ağzının suyu axmır…