fuad-qehremanli-yeni

“Milli Şura müdrik qərar qəbul etdi”

“Bu birlik formatının əhəmiyyəti və dəyəri məhz vahid namizəd ideyası ilə bağlıdır”

Fuad Qəhrəmanlı: “AXCP Milli Şuranı seçkidən kənarda qoymağın məsuliyyətini bölüşə bilməzdi”

Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında Milli Şuranın prezident seçkilərində iştirakı ilə bağlı mühüm qərar verildi. Milli Şura özünün sədri və vahid namizədi Rüstəm İbrahimbəyovu sona qədər müdafiə edəcəyini bir daha bəyan etdi. Amma bununla belə təşkilatın seçkidən kənarda qalmaması üçün yeni, ehtiyat vahid namizədin müəyyənləşdirilməsinə qərar verdi. Milli Şura bu qərarı çox gərgin, taxminən 5 saat davam edən müzakirələrdən sonra verə bildi. Milli Şura ilə bağlı prosesləri izləyənlərə artıq bəllidir ki, qəbul edilən qərar qurumda təmsil olunan AXCP-nin təklifi olub. 19 avqust sessiyasının gedişi və qəbul olunan qərarla bağlı həmsöhbətimiz də AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlıdır.

– Fuad bəy, Milli Şuranın 19 avqust sessiyasında müzakirəyə hansı təkliflər çıxarılmışdı və qəbul edilən qərarı fərqləndirən cəhət nədir?
– Milli Şuranın son toplantısı olduqca mühüm qərar verdi. Bu məsələ ilə bağlı iki yığıncaq idi ki, müzakirələr aparılırdı. Müzakirələrə iki variant təklif olunmuşdu. Bunlardan biri Milli Şurada təmsil olunan 5 partiya – ACP, KXCP, ALP, «El» Hərəkatı  və Müsavatın təklif etdiyi memorandum idi. Orada təklif olunurdu ki, Milli Şuraya daxil olan partiyalar seçkiyə öz namizədləri ilə getsinlər, sonda namizədlərdən ən şanslısı müdafiə olunsun. Bu təklif faktiki olaraq çox namizədlik modeli idi. Bu təklif onunla əsaslandırılırdı ki, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun hüquqi problemləri həll edilməyəcəyi təqdirdə, təşkilat seçki prosesindən kənarda qalmasın. İkinci təklif isə ondan ibarət idi ki, Milli Şura ehtiyat vahid namizədini müəyyənləşdirsin. Əgər Rüstəm İbrahimbəyovun vətəndaşlıqla bağlı problemləri həll edilməsə və onun seçkidə iştirakı mümkün olmasa, Milli Şura seçkiyə həmin şəxslə qatılsın. Bu halda Milli Şura seçkiyə həm də vahid komanda və vahid platforma ilə qatılır. Bu mövqenin tərəfdarı və onu gündəmə gətirən AXCP idi. Müzakirələrdə müxtəlif fikirlər səsləndi və biz birinci variantla razılaşmadıq. Müzakirələrin gedişində seçkiyə çox namizədlə qatılmağın təklif olunduğu memorandumu təqdim edən partiyaların nümayəndələri də yeni vahid namizədin müəyyənləşdirilməsi mövqeyindən çıxış etdilər. Bu onu göstərdi ki, təqdim olunan sənəd həmin partiyaların tam mövqeyini əks etdirmirdi.

– Seçkiyə çox namizədlə getməyin əleyhinə gətirilən arqumentləri bilmək olarmı?
– Çox namizəd modeli belə əsaslandırılırdı ki, bu, Milli Şuranın seçkidən kənarda qalmamasına xidmət edir. Amma əslində bu modellə Milli Şura faktiki olaraq seçkidən kənarda qalır. Çünki məhz ayrı-ayrı şəxslərin namizədliklərini irəli sürməsi Milli Şuranın qərarı ilə reallaşmır. Qərarı həmin namizədləri irəli sürən təşkilatlar verirlər. Milli Şurada təmsil olunan partiyalar özləri müstəqil şəkildə qərar qəbul edirlər ki, seçkiyə getsinlər, yoxsa yox. Bu halda hansısa namizəd Milli Şuranın deyil, öz partiyasının namizədi olur. İkincisi, bildiyiniz kimi, Milli Şuranın vahid namizəd üçün müəyyənləşdirdiyi kriteriyalar var. Bunlar seçiləcək şəxsin iki il müddətinə ölkəyə rəhbərlik edəcəyi, növbəti prezident seçkilərinə qatılmayacağı ilə bağlı öhdəliklərdir. Partiyalardan namizədlikləri irəli sürüləcək şəxslər bu öhdəlikləri götürmürlər. Belə olan halda onlar Milli Şuranın namizədi deyilər və Milli Şura öz namizədi ilə seçkilərdə iştirak edə bilmir. Düzdür, iddia olunur ki, sonradan bu namizədlər öz aralarında razılığa gələrək, bir namizədi müdafiə edə bilərlər. Amma belə bir təbii və məntiqi sual ortaya çıxır ki, bunlar əvvəlcədən razılığa gələ bilmirlərsə, sonradan necə razılığa gələcəklər. Əgər seçki təbliğatı müddəti 21 gündürsə, həmin müddətinin bitməsinə 10 gün qalmış müəyyənlik olmalıdır ki, geri duran namizədlərin adları bülletenlərdən çıxarılsın. Belə çıxır ki, 10 günlük təbliğat nəticəsində müəyyən ediləcək ki, namizədlərdən hansı daha şanslıdır. Şanslı və şansız kriteriyalar necə müəyyən olunacaq? Ortaq məxrəcə gələrək, kimlərsə öz namizədliklərindən şanslının xeyrinə geri çəkiləcəklərmi? İndiki halda əgər bu mümkün deyilsə, təbliğat kampaniyasının gedişində, müəyyən resursların sərf olunduğu dövrdə bu necə olacaq? Bütün bu məsələlər açıq qalırdı və görünürdü ki, sonda əsas namizədin qəbul olunması real sayılmır. Bu baxımdan birinci variantın qəbul olunması Milli Şuranın seçki prosesindən kənarda qalması, vahid seçki strategiyasının tətbiq olunmaması, vahid seçki qərargahının fəaliyyət göstərməməsi, sonda da seçki marafonuna bir neçə namizədlə gedib çıxmaq demək idi. Ona görə də AXCP prinsipial olaraq bu mövqeyi qəbul etmədi.

– Bəs AXCP öz təklifini hansı arqumentlərlə əsaslandırdı?
– Biz mövqeyimizi onunla əsaslandırdıq ki, Milli Şura formatının əhəmiyyəti və dəyəri məhz vahid namizəd ideyası ilə bağlıdır. İndiki halda söhbət cəmiyyətin seçki saxtakarlığına qarşı səfərbər olunmasından gedirsə, bu, yalnız vahid namizədin yaradacağı inamla bağlıdır. Cəmiyyət vahid namizəd qəbul olunacağı təqdirdə bu prosesdə fəal iştirak edə bilər. Yəni vahid namizəd məsələsi bizim üçün qırmızı cizgidir. Vahid namizəd olmayacaqsa, biz digər qərarların qəbulunda iştirak etməyəcəyik və Milli Şuranın seçki prosesindən kənarda qoyulmasının məsuliyyətini üzərimizə götürməyəcəyik. Bu istiqamətdə xeyli ciddi müzakirələr getdi. Sevindirici haldır ki, Milli Şurada səs üstünlüyü ilə təşkilatın ehtiyat vahid namizədlə seçkidə iştirakına qərar verildi. Bu o deməkdir ki, Rüstəm bəylə bağlı məsələ müsbət həll olunarsa, biz onun namizədliyi ilə seçki prosesində iştirak edəcəyik. Yox, Rüstəm bəyin vətəndaşlığı ilə bağlı məsələ müsbət həll olunmazsa, o zaman ehtiyat vahid namizədlə seçki prosesinə qatılacağıq.

– Amma bu qərarı qərarsızlıq adlandıranlar da var…
– Qərarsızlıq o halda olardı ki, Milli Şura seçkilərdə hansı formada iştirakı müəyyənləşdirə bilməsin. Yəni hazırkı status-kvo davam etsin və Rüstəm bəyin vətəndaşlıqla bağlı məsələsinin həll olunmayacağı təqdirdə namizədliklə bağlı məsələ açıq qalsın. Amma indiki halda Milli Şura seçkidə iştirakı qərar formasında ifadə etdi. Bu, ehtiyat vahid namizəd modelinin qəbul edilməsidir. Yəni biz qərar qəbul etdik ki, Rüstəm bəyi sona qədər müdafiə edək. Əgər onun seçkidə iştirakı mümkün olmayacaqsa, yenidən müəyyənləşdirilən vahid namizədlə seçkidə iştirak edək. Bu, yaranmış böhranlı situasiyadan çıxış, konkret qərar və konkret mövqe deməkdir. Mənə aydın deyil, bunu necə qərarsızlıq adlandırmaq olar? Bu, çox aydın və birmənalı qərardır.

– Sessiyasının gedişi zamanı belə bir məlumat yayıldı ki, müzakirələrdə AXCP ilə Müsavat təmsilçiləri arasında ciddi konfrantasiya yaranıb. Bu məlumat nə dərəcədə doğrudur?
– Hər hansı konfrantasiyadan söhbət gedə bilməz. Yığıncaq beş saat davam etsə də, qarşılıqlı hörmət, yüksək siyasi mədəniyyət formasının nümayiş etdirilməsi şəraitində keçdi. İnsanlar bir-birinin fikrini səbrlə dinlədilər və qarşılıqlı arqumentləri səbrlə müzakirə etdilər. Müsavat Partiyası əvvəlcədən bildirmişdi ki, yaranmış situasiyada onun üçün üç prioritet var. Müsavat Partiyası həm çox namizədlik təklifini qəbul edir, həm də ehtiyat vahid namizəd modelini. Bunlar olmayacağı təqdirdə Müsavat Partiyası seçki prosesində öz namizədi ilə iştirak edəcək. Yəni AXCP-nin təklif etdiyi ehtiyat vahid namizəd modelini Müsavat Partiyası özü üçün ikinci prioritet məsələ kimi müəyyən etmişdi. Baxışlar və mövqelər üst-üstə düşürdü. Bu, özünü səsvermədə də göstərdi. Ona görə düşünmürəm ki, Müsavat Partiyası ilə bizim aramızda ziddiyyət var. Əslində bu proses onu göstərdi ki, biz birgə qərarlar qəbul etmək iqtidarındayıq. Bizim münasibətlər bəzilərinin ümid etdiyi kimi, heç də kövrək deyil və ehtiyat vahid namizədlə bağlı ortaq baxışlar mövcuddur. Bu da imkan verdi ki, qeyri-müəyyən vəziyyətdən müəyyənlik yaradaraq, konkret qərarla çıxaq. Hesab edirəm ki, AXCP-nin istəyi, səyi nəticəsində müzakirəyə təqdim olunan və qəbul edilən qərar Müsavat Partiyasının da mövqeyinə uyğundur. Burada fikir ayrılığı və ziddiyyətdən söhbət gedə bilməz. Düzdür, Müsavat Partiyası əvvəlcədən digər siyasi qüvvələrlə birgə təklif edirdi ki, çox namizədlilik modeli seçilsin, amma İsa bəy bununla yanaşı vahid ehtiyat namizəd modelini də özləri üçün məqbul saydıqlarını bildirmişdi. Qəbul olunan qərar bütövlükdə Milli Şuranın iradəsini əks etdirir, onun maraqlarına uyğundur və cəmiyyətin Milli Şuradan istəklərinə cavab verir. Təsəvvür edin, biz həmin toplantıdan bir neçə namizədlə çıxmış olsaydıq bu faktiki olaraq Milli Şuranın seçki prosesindən kənarda qalması, cəmiyyətdə seçki prosesinə artıq inamın itməsi demək olardı. Eyni zamanda çox namizədliklə Milli Şura ideyası öz əhəmiyyətini itirmiş sayıla bilərdi. Çox sevindirici haldır ki, Milli Şura özündə iradə tapdı və biz o müdrük qərarı qəbul edə bildik. İndi qarşıda duran əsas məsələ Milli Şuranın ehtiyat vahid namizədinin müəyyənləşdirilməsidir. Hesab edirik ki, bu məsələdə də konsensus əldə edə biləcəyik.

– İkinci vahid namizədin müəyyənləşməsi nə qədər çəkə bilər?
– Proses artıq başlanıb. Milli Şura daxilində bu istiqamətdə müzakirələr gedir. Məsələ kifayət qədər ciddi əhəmiyyət daşıdığına görə, Milli Şuraya daxil olan partiyalar, vətəndaş cəmiyyəti institutları, müstəqil şəxslər bu məsələni aralarında müzakirə etməlidirlər. Həm də vahid namizəd olacaq şəxslə bu məsələ razılaşdırılmalıdır. Ümidvarıq ki, yaxın bir-iki gün ərzində bu məsələ öz həllini tapacaq.

Xəyal Şahinoğlu