Dünyaya səs salan çevriliş

Məhəmməd Müssədiqin devrilməsi illər sonra Islam Inqilabını doğurdu

 Altmış il öncə Iran ordusu zabitlərinin ABŞ və Britaniya kəşfiyyatçılarının dəstəyi hesabına gerçəkləşdirdiyi dövlət çevrilişinin nəticələri dünyada indi də sezilir. 1953-cü il çevrilişi Iranın demokratik seçkiylə gələn ilk hökumətini və baş nazir Məhəmməd Müssədiqi devirdi. Qərbə nifrəti də körükləyən bu olay on illər sonra Islam Inqilabını doğurdu.

O dönəm avqustun 15-dən 19-dək baş verən olaylar Iran sərhədlərini çox-çox aşmışdı. Yaxın Şərqin geosiyasi mənzərəsini dəyişən bu çevrilişdən sonra Birləşmiş Ştatlar bənzər davranışlarına, ölkələrdə sabitliyi pozmaq cəhdlərinə ara vermədi.

CIA və Britaniyanın MI6 idarəsinin Iran nefti üzərində nəzarəti saxlamaq və 2-ci Dünya müharibəsindən sonra rəsmi Tehranı  sovet təsirindən qorumaq üçün çevrilişi etdiyi barədə fikirlə bəziləri razılaşmır.

Müsəddiq 1951-ci ildə Iran neft sənayesinin milliləşdirilməsində önəmli rol oynayıb. Həmin sənaye uzun illər Britaniyanın nəzarətində olub. Müsəddiqin milliləşdirmə qərarından sonra dünya Iran neftini boykot edib. Boykotun gözəçarpan təsiri olmadığından onu devirməklə bağlı gizli plan hazırlanıb.

Müsəddiqin tutduğu baş nazir vəzifəsinə general Fəzlullah Zahidinin təyin edilməsi nisbətən zəif Iran şahının ölkənin konstitusiyalı monarxiyasında mütləq hakimiyyətinə yol açıb.

Vaşinqtonun güclü hərbi və iqtisadi dəstəyi ilə Şah Məhəmməd Rza Pəhləvi 1979-cu ilin Islam Inqilabınadək ölkədə tək hakim rolunu oynayıb.

Müsəddiqin özünə gəlincə, o, çevrilişdən sonra onlarca hökumət rəsmisi kimi, dövlətə xəyanətə görə həbs edilərək mühakimə olunub. Üç il həbsdə qalan Müsəddiq 1967-ci ildə ev dustaqlığında vəfat edib.

“Bütün şahların adamları: Amerika çevrilişi və Yaxın Şərq terrorunun kökləri” kitabının müəllifi Stephen Kinzer bu çevrilişi Vaşinqtonun qısamüddətli qələbəsi sayır. Onun fikrincə, Vaşinqtonun Irana müdaxiləsi, uzun müddətdə götürəndə, ABŞ-ın Iran mövqeyinə ziyan vurub: “Tarixi perspektiv baxımından çevriliş Birləşmiş Ştatlara uğur gətirmədi. 1979-cu il inqilabı şahın get-gedə artan cəza tədbirlərinin uzunmüddətli təsiri idi. Şah hakimiyyətə çevriliş nəticəsində gəlmişdi. Islam Inqilabı fanatik dərəcədə anti-Amerika recimini hakimiyyətə gətirdi. Bu recim 30 ildən çoxdur ki, Amerikanın bütün dünyadakı maraqlarına zərbə vurmaqdadır”.

Həmin çevrilişin Iranın milli psixikasına təsiri 60 ildir ara vermir və bu çevriliş ölkənin Qərblə münasibətlərində bir tikan kimi ortada bitir.

“Məhəmməd Müsəddiq və Iranda 1953-cü il çevrilişi” kitabının müəllifi Mark Gasiorowski bildirir ki, Müsəddiqin devrilməsi iki siyasi cərəyana yol açdı – Ayətulla Ruhulla Xomeyninin rəhbərlik etdiyi radikal islamçılara və hərbçi “Mücahidani-Xalq”ın başçılıq etdiyi radikal solçulara: “Çevriliş nəticəsində Iran siyasətinin mötədil, dünyəvi elementi məhv edildi və əvəzində 1960 və 70-ci illərdə radikal islamçılar və radikal solçular əsas müxalifət fraksiyaları kimi ortaya çıxdı. Çevrilişin ən böyük təsiri məhz bu demokratiyayönlü fraksiyanı ləğv etmək oldu”.

Gasiorovski deyir ki, 53-cü il çevrilişinin regional təsirləri də var – Iran ABŞ-ın regionda Sovet Ittifaqının təsirini azaltma strategiyasının əsas hissəsinə, Yaxın Şərq isə başlıca “soyuq savaş” cəbhəsinə çevrildi. Buna cavab olaraq, Sovet Ittifaqı da regionda fəaliyyətini gücləndirdi və Misir, Suriya, Iraq, Liviya hökumətlərinə yardım və silahlar göndərdi.

Iran çevrilişini 1947-ci ildə yaradılan CIA-nın uğuru sayanlar da var. Bir il sonra CIA Qvatemalada çevriliş həyata keçirdi, amma 1957-ci ildə Suriya prezidentini devirə bilmədi. 1961-ci ildə Kubaya uğursuz hərbi müdaxilədən sonra CIA-nın nüfuzu sarsıldı.

Birləşmiş Ştatlar Iran inqilabında hər hansı rolunu on illər boyunca yalanlayıb. Ancaq 2009-cu ildə prezident Barack Obama Vaşinqtonun neqativ rolunu boynuna alıb.

2011-ci ildə Britaniya hökumətinin maliyyələşdirdiyi BBC Müsəddiq hökumətinə qarşı zərbə amaclı proqramlar yayımladığını açıqlayıb (Azadlıq Radiosu).