Bakının yarısı dağıla bilər

Ekspert paytaxtda 9 bal gücündə təkanların ola biləcəyini mümkün sayır

Dünyanın müxtəlif yerlərində böyük dağıntılara səbəb olan təbii fəlakətlər, xüsusilə də zəlzələlər artdıqca onların yaratdığı təhlükənin hansı yollarla azaldılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Lakin zəlzələnin əvvəlcədən proqnozlaşdırılmasının mümkünsüzlüyü onun yaradacağı problemlərin qarşısının alınması da çətinləşdi. Azərbaycan da seysmik zonada yerləşdiyindən zəlzələ təhlükəsi hər zaman təhlükəlidir. Son illərdə ölkədə güclü zəlzələ olmasa da, şimal-qərb bölgəsində dağıntılarla müşahidə olunan təkanlar olub.

Paytaxtda isə son zəlzələ 13 il bundan əvvəl baş verib. Lakin son illər Bakıda sürətlə artan yeni yaşayış binalarının keyfiyyəti ilə bağlı müəyyən şübhələr ortalığa çıxır və zəlzələ baş verəcəyi təqdirdə onların təkanlara necə davam gətirəcəyi sual yaradır. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə müsahibəsində bu suallara aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, hazırda zəlzələni proqnoz vermək üçün birmanalı fakt yoxdur. Təkanların qeydə alınması üçün quraşdırılan aparatlar bəzən insanları çaşdırır. Çünki həmin aparatlar zəlzələni əvvəlcədən xəbər verməkdən ötrü deyil. Ümumiyyətlə cihazlar zəlzələni xəbər vermirlər. Bu cihazlar zəlzələnin yerini qeydə alır və yüksək zəlzələri izləyə bilirlər. Bunlardan istifadə edərək zəlzələ haqında dəqiq informasiyalar əldə etmək mümkündür. Həmin məlumatlar əsasında ərazidə yaxşı binalar tikmək lazımdır ki, yeraltı təkan zamanı davamlı olsunlar. Davamlı bina tikmək üçün yer qabığını dəqiq öyrənmək lazımdır.

T.Məmmədli seysmik göstəricilərə görə, Bakıda 8 bal gücündə yeraltı təkanların ola biləcəyini də bildirib. Lakin ərazilərdən asılı olaraq, zəlzələnin gücü 1 bal da arta bilər. Ümumilikdə paytaxtımızda 9 bal gücündə təkanlar ola bilər. Bulvara yaxın ərazilərdə daha güclü yeraltı təkanların olması mümkündür. 

Ekspert Bakıda 9 bal gücündə zəlzələ olacağı təqdirdə dağıntıların miqyasına da toxunub və çoxlu sayda köhnə binaların dağılması ehtimalının olduğunu qeyd edib. Çünki Bakıdakı binaların 50 faizi köhnə seysmik xəritəyə əsasən tikilib: “O vaxtlar, Bakı 6 ballı seysmik zona kimi hesablanmışdı. Əgər Bakıda 9 bal zəlzələ baş verərsə, yaşayış binalarının 50 faizi yerlə-yeksan olacaq”.

Fizzə