Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov prezidentliyə namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
İslam Partiyası sədrinin müavini, Mövsüm Səmədovun namizədliyi ilə bağlı yaradılmış təşəbbüs qrupunun rəhbəri Akif Heydərli “Media forum” saytına bildirib ki, Mövsüm Səmədovun namizədliyinin qeydə alınması üçün sənədlər avqustun 19-da MSK-ya təqdim olunub: “Beş gün ərzində bu müraciətə cavab verilməlidir”.
Akif Heydərli deyib ki, namizədliklə bağlı MSK-ya müraciət ərizəsini Mövsüm Səmədov özü yazıb.
Azərbaycan qanunvericiliyinə görə, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər və ağır cinayətlər üstündə məhkum olunmuş şəxslər namizədliklərini irəli sürə bilməzlər. Bu o deməkdir ki, Mövsüm Səmədovun seçilmək hüququ yoxdur.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Akif Heydərli isə “Media forum”a bildirib ki, MSK humanistlik göstərməli, Mövsüm Səmədovun fəaliyyətini, onun həbs olunma motivlərini araşdırmalıdır: “Düzdür, MSK hakimiyyətin nəzarətindədir. Ancaq lazımi araşdırmanı aparsa, Mövsüm Səmədovun namizədliyinin qeydə alınması mümkün olar”.
Sədr müavini vurğulayıb ki, MSK Mövsüm Səmədovun namizədliyini qeydə almasa, Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkatın Məşvərət Şurası vəziyyəti müzakirə edib, qərar qəbul edəcək.
Mövsüm Səmədovun 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisində namizədliyinin irəli sürülməsi haqda qərarı İslam Partiyasının Baş Məclisi çıxarıb.