«Hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədə haqqı pozulmayan qalmayıb»
Mirvari Qəhrəmanlı: «Problemləri isə nəzərə almamaq, konservləşdirməklə iş bitmir»
Azərbaycan hakimiyyəti seçki yaxınlaşdıqca ənənəsinə sadiq qalıb qanun pozuntularının sayını artıraraq seçkiyə deyil, daha çox saxtakarlıq prosesinə hazırlaşdığını gizlətmir. Hakimiyyət qarşıdan gələn seçkiylə bağlı təşviş keçirsə də, bununla belə həmişə müraciət etdiyi total saxtakarlıqdan da imtina etmək fikrində deyil. Beynəlxalq aləmdə də təbliğat apararaq Azərbaycana “sürətlə inkişaf edən ölkə” imici yaratmağa çalışan iqtidar lobbiçilik fəaliyyətini xalqın sərvətləri hesabına toplanan neft pullarını xərcləməklə yürüdür. Hakimiyyətin yürütdüyü siyasətdən narazı olan kəsimlərdən biri də neft sektorunda çalışanlardır. Bunu bu il ərzində neftçilərin keçirdiyi bir neçə kütləvi aksiya da sübut etdi.
Müsahibimiz Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri, Milli Şuranın üzvü Mirvari Qəhrəmanlıdır. M.Qəhrəmanlıya ilk sualımız elə hüquqları pozulan bu təbəqənin seçkilərdə aktiv iştirakı üçün atıla biləcək mümkün addımlarla bağlı oldu.
– Bəli, bu sahədə hüquqları pozulanlar kifayət qədərdir. Neft sektorunda çalışanlar təkcə Dövlət Neft Şirkətindən ibarət deyil. Azərbaycanın neft sektoru çox böyükdür, bu sahədə xeyli sayda vətəndaşlarımız çalışır. Bu sahədə çalışanların bir qismi nisbətən yüksək əmək haqqı alsa da, xaricdə eyni işi görənlərlə müqayisədə onların məvacibi qat-qat aşağıdır. Təşkilatımızda çalışanlarla – istər neft sektoru ilə əlaqəsi olan, istərsə də digər sahələrdə çalışanlarla mütəmadi görüşlərimiz olur. Seçki yaxınlaşdıqca cəmiyyətin böyük hissəsini seçkilərin gələcək taleyi və demokratik qüvvələrin atacağı addımlar maraqlandırır. Milli Şura elan olunan və onun vahid namizədi üzərinə öhdəliklər götürən zaman əhalinin bütün təbəqələrində baş verən proseslərə böyük maraq yarandı. Hamı gözəl bilir ki, Azərbaycan mühitində azad və ədalətli seçkilərin keçirilməsi təcrübəsi olmayıb. Hazırda insanlar Milli Şuranın elan etdiyi proqrama uyğun olaraq iki il müddətinə reallaşacaq islahatların gerçəkləşməsini istəyirlər. Çünki cəmiyyətin dəyişikliklərə ehtiyacı var. Azərbaycan vətəndaşı öz hüquqlarının müdafiəsinə qalxmalı, özünə hörmət qoymalıdır. Vətəndaşlarımız artıq səsləri oğurlanmayan insanlar kimi seçkidə iştirak etmək istəyirlər. Neft sektorunda çalışan insanların çoxu siyasətdən uzaqdır. Onların bir hissəsi ərizə yazan zaman səhifənin bir hissəsini dövlət başçısının, bir hissəsini isə Rövnəq Abdullayevin tərifinə ayırırlar. Belə düşünülür ki, bu təriflərin işə qəbul prosesində bir yardımı ola bilər. Amma istər sosial şəbəkələrdə, istərsə də mətbuatda gedən yazılar bu biganə təbəqəni belə proseslərə maraqlandırıb. Və neftçilərin də qarşıdan gələn seçkilərlə bağlı böyük ümidləri var. Ümumiyyətlə, ilin əvvəlində 2013-cü ilin dəyişiklik ili olcağı ilə bağlı gözləntilər hələ də qalmaqdadır.
Haqqı pozulanların müdafiəsiylə bağlı gələcək planlar
– Paytaxtda vətəndaşların iradələrinə zidd olaraq əmlakdan məhrum edilmə prosesi gedir. Mülkiyyətlərindən çıxarılanlara verilən kompensasiyalar isə bazar qiymətlərindən qat-qat aşağıdır. Hüquqları pozulan bu kəsimin seçkiyə cəlb olunması və gələcəkdə onların hüquqlarının qorunmasının təmini üçün Milli Şuranın hansı planları var?
– Hüquqları pozulan şəxslərlə bağlı istər Milli Şura, istərsə də Ictimai Palata bir neçə dəfə bəyanatla çıxış edib. Amma bəyanatların verilməsi hələ insanların hüquqlarının qorunması demək deyil. Təəssüf ki, insanlar bütün ümidlərini itirib. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində əhalinin böyük bir kəsiminin hüquqları pozulur, mülkiyyətləri əllərindən alınır. Ölkədəki durum, qanunların işləməməsi də onların haqlarının bərpasını mümkünsüz edir. Bundan başqa, Azərbaycanın bu istiqamətdəki qanunvericilik, Torpaq Məcəlləsi, Torpaqların Dövlət Ehtiyacı üçün alınmasıyla bağlı qanunlar kobud surətdə pozulur. Dövlətin verdiyi kompensasiya insanların yaşayışla bağlı yaranan problemlərini tam həll etmir. Eyni zamanda da bazar qiymətlərindən çox uzaqdır. Azərbaycanda mülkiyyətlə bağlı yaranan problem həllini tapmadıqca əhalidə narazılıq durmadan artacaq. Ötən müddət ərzində mülkiyyətlə bağlı incik düşənlərin sayı durmadan artır. Əgər demokratik düşərgə narazı elektoratı problemlərinə uyğun sistemləşdirərsə və onlara hüquqlarının qorunacağını, problemlərin həllini tapacağını söz verərsə, bu narazı təbəqə müxalifətin tərəfində olacaq.
– Milli Şura olaraq bu insanların hüquqlarının qorunması və pozulan haqlarının bərpası ilə bağlı hansı addımları atmağı düşünürsünüz?
– Hesab edirəm ki, Milli Şuranın namizədi seçkilərdə qalib gələrsə, haqqı pozulanlar əmin ola bilərlər ki, onların tapdanan hüquqları bərpa ediləcək.Hüquq müdafiəçisi kimi indiyə qədər çoxlu insanlara yardım etmişik. Bu fəaliyyət məhdud imkanlar sayəsində baş verir. Əgər demokratik qüvvələr dəstəklənərsə, mən vətəndaşları əmin edirəm ki, insanların mülkiyyət hüququ bərpa ediləcək. Çünki demokratik qüvvələr geniş koalisiyada bir araya gələrkən ölkədə normal sivil cəmiyyət qurmağı qarşılarına məqsəd olaraq qoyublar. Insanların şəxsi evləri ilə yanaşı, sahibkarların da əmlakları qanunsuz münasibətə məruz qalıb. Bu siyasət nəticəsində sahibkarların işgüzar imiclərinə ziyan vurulub. Ədalətli hakimiyyət, ədalətli prezident seçilərsə, ilk növbədə haqqı pozulanların hüquqları müdafiə olunacaq. Uzun illər boyu vətəndaşların əmlakına, obyektlərinə ziyan vuranlar məhkəmə qarşısında dayanmalıdır. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədə haqqı pozulmayan qalmayıb. Əmlakları əlindən alınanlara verilən dövlət kompensasiyası hesabına isə yeni normal mənzil əldə etmək çətindir.
“Sosial istiqamətdə kompleks addımlar lazımdır”
– Hakimiyyət hər il seçki ərəfəsində olduğu kimi bu il də büdcə təşkilatlarında çalışanlara əməkhaqqılarının artırılacağı ilə bağlı vədlər verməkdədir. Ancaq o da məlumdur ki, əməkhaqqıları artırılan kimi ölkədə inflyasiya baş verir və qiymətlərin artımı əməkhaqqının qaldırılmasından daha yüksək olur?
– Əhali baş verənləri gözəl bilir. Çünki hakimiyyət zamanın dəyişməsinə baxmayaraq öz ənənəvi siyasətini on il əvvəlki kimi davam etdirir. Hakimiyyətin bu istiqamətdə addımları nəyə görə atdığı və hansı məqsədlərə xidmət etdiyi yaxşı bəllidir. Adətən seçkiqabağı qiymətlərin artımının qarşısı alınmağa çalışılırsa, seçkidən sonra tam əks-proses gedir və qiymətlərin kəskin artımı baş verir. Bu da hakimiyyətin bir növ əhalini seçki öncəsi “narazı” salmamaq siyasətinin tərkib hissəsidir. Əhaliyə verilən müavinətlərə, sosial yardımlara diqqət edilməlidir. Müdafiəsiz təbəqənin haqqı qorunmalıdır. Amma bu baş vermir. Yalnız əməkhaqqının artırılması ilə iş bitmir, özü də bu artan əmək haqqı ölkədəki sosial duruma və qiymət artımına adekvat deyil. Bundan başqa, əmək haqlarındakı artımı da ölkənin potensialına uyğun olaraq reallaşdırmırlar. Hakimiyyətin addımları kompleks xarakterli olmalıdır. Əgər büdcədəki vəsaitlər sağa-sola paylanmasa, büdcə korrupsiyaya uğramasa, bu vəsaitlər hesabına iri sosial layihələr reallaşdırmaq olar. Illərdir bir postu tutan nazirlərin islahatlar reallaşdırmayacağı məlum məsələdir. Bunu insanlar başa düşür və hakimiyyətin ölkədə hər şeyin normal olduğu ilə bağlı yürüdülən təbliğatına inanmırlar. Azərbaycanda problemləri hakimiyyət sadəcə olaraq görməzliyə vurur. Problemləri isə nəzərə almamaq, onları konservləşdirməklə iş bitmir. Onlar illərlə qaldıqca daha kəskin forma alır.
– Ölkəyə gələn külli miqdarda neft pulları hesabına hansı dəyişiklikləri reallaşdırmaq olardı? Əhalinin sosial durumuna büdcə vəsaitlərindən səmərəli istifadə etmək hansı yeniliyi gətirə bilərdi?
– Azərbaycanın təbii sərvətlərinin hesabına normal cəmiyyətin qurulacağına böyük ümidlər var idi. Amma insanlar bu sərvətlərdən hələ də bəhrələnə bilmədilər. Əksinə, neftin bir hissəsi Azərbaycanda saxlanılardısa, ölkədəki neftayırma zavodlarının, cihazqayırma müəssisələrinin normal fəaliyyəti üçün imkan yaradılardısa, ölkə iqtisadiyyatı və sosial durum başqa cür olardı. Ölkənin potensialı, ölkənin resursları dövlətin inkişafına yönəldilməli idi. Bu isə yeni iş yerlərinin açılması demək olardı. Azərbaycanda hazırda sosial durumu ağırlaşdıran işsizlikdir. Inhisarda olan zavodların açılması bu problemin həlli deyil. Əksinə, iri neft pullarından iri sənaye müəssisələri açılmalı idi. Neft konraktları imzalanan zaman neft ekspertlərimizin fikri bu idi ki, neftin bir hissəsi ölkədə saxlanılmalı idi. Ölkəyə gələn neft gəlirlərindən də səmərəli istifadə olunmalı idi. Həmin neft gəlirlərinin xərclənməsində şəffaflıq təmin edilməli idi. Amma biz tam fərqli mənzərəni izlədik. Neft pulları infrastruktur layihələrinə yönəldi. Bu il təmir olunan ərazi bir müddət sonra yenidən təmir edildi.
Xəyal