Milli Şura yeni namizəd məsələsini həll etdi (VİDEO)

Şura vahid namizəd ideyasına sadiq qaldı; növbəti iclasda ehtiyat namizədin kimliyi müəyyənləşəcək

Eldar Namazov: “Rüstəm İbrahimbəyov Milli Şuranın o vaxta qədər vahid namizədidir ki, qanun onun seçkilərə qatılmasına imkan verir”

İsa Qəmbər: “Ehtiyat variantlar üzərində ona görə düşünürük ki, demokratik düşərgə seçkidən kənarda qalmasın”

Dünən Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib.  Müsavat Partiyasının qərargahında keçirilən sessiyanın gündəliyinə Milli Şuranın prezident seçkilərində iştirakı, təşkilatı və cari məsələlər daxil olub. Sessiyanın yekunları ilə bağlı mətbuat üçün toplantıdan sonra brifinqdə məlumat verilib.

Beş saata yaxın davam edən sessiya qızğın müzakirələr şəraitində keçib. Sessiyanın gedişinə R.İbrahimbəyov telefon bağlantısıyla qatılaraq, mövqeyini ifadə edib. 

Sessiyanın yekunlarına dair məlumat verən Eldar Namazov bildirdi ki, toplantıda çox vacib məsələlər müzakirə olunub. E.Namzov vurğulayıb ki, həm ötən, həm də bu sessiyada Milli Şuranın seçkidə iştirak konsepsiyası ilə bağlı məsəslə əsas prioritet olub: “Bildiyiniz kimi vahid namizədimiz Rüstəm bəy hazırda onun seçkilərə qatılmasına mane olan hüquqi məsələlərin həlliylə məşğuldur. Rüstəm İbrahimbəyov bu vəziyyəti nəzərə alaraq Milli Şuraya müraciət etmişdi. O, təklif etmişdi ki, Milli Şurada başqa namizdələr də seçkiyə qatıla bilər. Yəni Milli Şuranın seçkidən kənarda qalması təhlükəsini önləmək üçün Rüstəm bəy bu təklifi irəli sürmüşdü. Bu sesiyada bu ideyanı reallaşdırmaq, Milli Şuranın seçkilərdə iştirakını təmin etmək və qurumun seçkilərdən kənarda qalmaması üçün iki təklif irəli sürülmüşdü. Həmin ideyaların müəyyən variantları da müzakirə olunurdu. Birinci ya vahid ehtiyat namizədə dəstək veririk, ya da bir neçə namizədlə seçkilərə gedirik. Həmin namizədlər də seçki kampaniyasını biryerdə aparırlar və səsverməyə müəyyən müddət qalmış bir nəfərin xeyrinə öz namizədliklərini geri götürürlər. Beləliklə ən şanslı namizəd əsas namizəd olur. Hər iki ideyanın tərəfdarları var idi. Bu da hər iki ideyanın müsbət tərəfləri ilə bağlı idi. Amma bununla bərabər onları reallaşdırmağa mane olan məqamlar da yox deyildi. Ona görə çox ciddi müzakirələr gedirdi.  Məsəslələr səsverməyə qoyuldu, bu, onu göstərdi ki, hər iki təklif kifayət qədər tərəfdar qazanıb. Bir səs fərqlə, 43 səsin 42-yə nisbətdə vahid ehtiyat namizəd təklifi üstünlük qazandı. Bu o deməkdir ki, Milli Şuranın növbəti iclasında bu məsələ konkret xarakter almalıdır. Yəqin ki o dövrə qədər ictimai qurumlar, partiya sədrləri bu ideyanı reallaşdırmaqdan ötrü məsləhətləşmələr aparacaqlar. Bu gün hələ konkret adlar çəkmək tezdir. Müzakirələrin vaxt aparması Milli Şuranın demokratik təşkilat olmasını göstərir”. 

E.Namazov onu da əlavə etdi ki, Milli Şura sona qədər R.İbrahimbəyovun namizdəliyini müdafiə edəcək. “Rüstəm İbrahimbəyov Milli Şuranın o vaxta qədər vahid namizədidir ki, qanun onun seçkilərə qatılmasına imkan verir. Sadəcə olaraq ehtiyat vahid namizəd o mənada nəzərdə tutulub ki, Rüstəm bəyin qarşısında dayanan hüquqi süni problemlər vaxtında həllini tapmasa, ehtiyat namizəd konsepsiyası reallaşacaq”.

Ehtiyat namizədin siyasətçilərdən yoxsa, ziyalılardan seçiləcəyi sualına cavab verən Müsavat başqanı İsa Qəmbər bildirdi ki, onlar üçün prinsipial məslə demokratik qüvvələrin seçkilərdə iştirakıdır.

Ehtiyat namizdəin kim olacağı və ehtiyat namizədin xeyrinə Müsavat başqanı namizədliyinin vahid ehtiyat namizədin xeyrinə geri götürə bilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verdi: “Biz də ehtiyat namizədin qələbəsi üçün çalışacağıq. Bütün bu mürrəkəb situasiyada bizim bir neçə gün zamanımız var ki, Rüstəm bəyin vətəndaşlığı ilə bağlı məsələrin aydınlaşmasını gözləyək. Ehtiyat variantlar üzərində ona görə düşünürük ki, demokratik düşərgə seçkidən kənarda qalmasın. Qırmızı xətt bu deməkdir. Milli Şuranın vahid namizədlə iştirak etməsi bizim üçün öncəlik təşkil edən məsələdir. Bu variant olmayacağı təqdirdə vahid ehtiyat namizədin irəli sürülməsini qəbul etmişik. Bu da olmayacağı təqdirdə Müsavat Partiyası seçkidə iştirak etmək əzmindədir. Biz heç bir halda seçki meydanını hakim ailənin öhdəsinə verməyəcəyik”.

R.İbrahimbəyovun müzakirələrə telefonla qatılması və ehtiyat vahid namizəd məsələsiylə bağlı hansı mövqedə olması bağlı suala cavab verən E.Namazov vurğulayıb ki, R.İbrahimbəyov Milli Şuranın sədri kimi məsələnin ətraflı müzakirəsinə imkan verdi.

“Rüstəm bəy dedi ki, o, Milli Şuranın qərarını dəstəkləyəcək. Ona görə mən bunu düzgün hesab edirəm”, deyə E.Namazov qeyd edib.

Xəyal