Milli Şura izdihamlı mitinq keçirdi (VİDEO və FOTOLAR)

Minlərlə etirazçı İlham Əliyevin istefasını tələb etdi

Hakimiyyət aksiyanın kütləviliyinə mane olmaq üçün hər vasitəyə əl atdı

Milli Şura dünən “20-ci sahə”də “Azad və ədalətli seçki!”, “Siyasi məhbuslara azadlıq!” tələbilə mitinq keçirdi. Mitinqə hazırlıq üçün çox qısa zaman (cəmi beş gün) var idi. Çıxışlardan da hiss olunurdu ki, havanın isti, yerin də çox əlverişsiz olması, hətta təşkilatçılarda da müəyyən tərəddüd yaradıbmış. Üstəlik, mitinq öncəsi həbslər, bölgələrdən və şəhərin müxtəlif yerlərində mitinqə gələnlərə yaradılan maneələr də bu barədə müsbət düşüncələri zəiflədirdi.
Ancaq müxalifət fəalları bədbin proqnozların özünü doğrultmasına imkan vermədi. Dünən ən kəskin tənqidçilər belə, “20-ci sahə”dəki kütləviliyi və etirazçılardakı ruh yüksəkliyini görüb, “yox, doğrudan da alındı” dedilər.

Şəhid valideynlərilə polislər arasında qarşıdurma

Video “Azadlıq” qəzeti

Mitinq başlamamışdan əvvəl təhlükəsizliyi təmin etməli olan polislərlə etirazçılar arasında qarşıdurma oldu. Mitinq meydanına iştirakçılar polislər tərəfindən yoxlanılaraq buraxılırdı. 18 yaşdan aşağı şəxslərin mitinqə qatılmasına imkan verilmirdi və bunu bəhanə edərək, gənc aksiyaçılardan şəxsiyyət vəsiqəsi tələb olunurdu. Qarşıdurmaya daha çox aksiyaçıların əllərində saxladığı şüarlar səbəb olurdu.
Polislər qəfildən hücum çəkib AXCP üzvlərinin əllərində olan və Ilham Əliyevin korrupsiya əməllərini lənətləyən müxtəlif məzmunlu şüarları alaraq cırdılar. Bu hərəkət mitinq boyunca davam etdi. Mülki geyimli polislər “saqqallı uşaqlar” kimi camaatın arasında dolaşır, rejim əleyhinə şüar görən kimi əllərdən qapıb onları cırırdılar.
Bu cür qarşıdurmalardan ən kəskini atəşkəs dövründə övladlarını orduda itirən valideynlərlə polislər arasında yaşandı. Polislər onlara hücum çəkərək, bəzi qadınları, hətta yerdə sürüdü. Bu da emosiyaları daha da qızışdırdı. Polislərin kobudluğu ucbatından valideynlərin əllərindəki vəfat etmiş övladlarının portretləri də sındı. Bütün bu həmlələrə Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırov rəhbərlik edirdi.
O, baş verənlərin səbəbilə bağlı jurnalistlərin sualına “Polis düz edir, biz əvvəldən belə razılaşmamışıq” cavabını verdi.

Polis siyasətlə məşğuldur

Video “Kanal 13”

Polisin şüarlara qarşı həssaslığı çıxışlar zamanı da özünü göstərdi. Məsələn, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Müsavatçı partiyasının üzvü Əhəd Məmmədlinin birbaşa Ilham Əliyevə ünvanlanan sərt tənqidləri zamanı işıqlar söndürüldü. Eləcə də çıxışçılar hər dəfə dövlət rəhbərliyinin adını çəkərək tənqid edəndə Səhlab Bağırov yüyürərək, tribunaya yaxınlaşır, “axı belə deməmişdik” narazılığını ifadə edirdi.
Əgər ötən mitinqlərdə meydana su və ayaqüstü qida məhsulları satanlar buraxılmışdısa, dünənki mitinqdə bunlara da qadağa qoyulmuşdu. Görünür, hakimiyyət nümayəndələri havanın kəskin isti olduğunu nəzərə alaraq, mitinq iştirakçılarını susuzluqla imtahana çəkmək və onların qısa zamanda dağılmasını şərtləndirmək qərarına gəliblər.  

Rüstəm İbrahimbəyovun müraciəti

Mitinqin aparıcısı Milli Şuranın üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli idi. Ibrahim Ibrahimli mitinqin keçirilmə səbəbi, Milli Şura ideyası və müxalifətin əsas hədəfləri barədə qısa təqdimat edərək, çıxış üçün sözü “EL” Hərəkatının Məclis sədri Eldəniz Quliyevə verdi.

Eldəniz Quliyev hər kəsi salamladıqdan sonra təmsil etdiyi təşkilatın Milli Şura ilə birgə qələbəyədək mübarizə əzmində olduğunu, bu yolda canlarını fəda etməyə hazır olduqlarını dedi. Bundan sonra o, Milli Şura sədri Rüstəm Ibrahimbəyovun mitinq iştirakçılarına müraciətini səsləndirdi. Ibrahimbəyov hakimiyyətin son vaxtlar mübariz insanlara qarşı apardığı şər-böhtan və repressiya kampaniyasını pisləyirdi. Müraciət bu fikirlərlə bitirdi: “Tarix öz teleyinə, öz gələcəyinə biganə qalmayan milləti dəyərləndirir və nəticədə mütləq şəkildə mükafatlandırır. Demokratiya uğrunda mübarizə xalqın mübarizəsidir və mən bu yolda Sizinləyəm – qələbəyədək sizinlə olacağam! Biz sizinlə birgə nəhayət, qorxuya, xofa qalib gəlib korrupsiya bataqlığında çabalayan bu ədalətsiz hakimiyyət üzərində qələbə qazanacağıq!”

“Meydanı İlham Əliyevə buraxmayacağıq”

Daha sonra Milli Şurada təmsil olunan siyasi qüvvələrin liderləri çıxış etdilər. Müsavat başqanı Isa Qəmbər bu il Azərbaycan xalqının böyük dəyişikliyə ilk və sağlam addım atdığını söylədi: “Sizlər Azərbaycan xalqının tarixinə böyük şərəf səhifəsi yazırsınız. Əsgər analarını, partiya üzvlərini, buradakı hər kəsi salamlayıram.ÿMitinqin güclü alınmayacağını deyənlər yanıldılar. Onlar nəzərə almadılar ki, 25 illik mübarizəmiz tarixində ən güclü mitinqlər avqustda olub. Məsələn, 1989-cu ildə mitinqlər avqustda başladı və Azərbaycan xalqı ”ilin xalqı” elan olundu. Avqustda başlanan seçki hərəkatı da qələbə ilə bitəcək.ÿBiz Əliyevlər hakimiyyətini tarixin arxivinə göndərəcəyik”.
Isa Qəmbər meydanda onun adını şüar kimi səsləndirənlərə xitab edərək dedi ki, adı çəkiləcək şəxs Rüstəm Ibrahimbəyovdur: “Biz onun qələbəsi üçün çalışacağıq. Qələbə bizim olacaq. Biz buna inanırıq. Hazırda biz gözəl bilirik ki, Milli Şurada müəyyən problemlər var. Vahid namizədimizin gəlməsinə süni əngəllər yaradırlar. Bu meydan bizim meydanımızdır. 25 illik mübarizə meydanını heç kəsə verməyəcəyik. Bütün xalq dəyişiklik istəyir. Azərbaycan xalqı bir ailənin 40 ildən artıq hakimiyyətindən bezib. Xalq haqqın-ədalətin olmamasından bezib. Xalqın iradəsi qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycanın gələcəyini düşünən xalqın bütün kəsimləri bu mübarizəyə qoşulub. Ölkədəki dəyişikliklər bizim iradəmizdən keçir. Rüstəm bəyin vətənə dönüb seçkidə iştirak etməsi üçün əlimizdən gələni edəcəyik. Milli Şuranın sabahkı (bugünkü-red.) sessiyasında biz vahid namizəd məsələsini həll edəcəyik. Ya bir namizəd seçib seçkilərə gedəcəyik, ya da Ibrahimbəyovun da dediyi kimi, Milli Şurada təmsil olunanlardan bir neçə nəfər namizədliyini irəli sürəcək. Amma mübarizəmizi Milli Şuranın platforması çərçivəsində aparacağıq. Seçkilərə bir neçə gün qalmış isə bir nəfərin lehinə namizədliyimizi geri götürəcəyik. Hər halda, bu il müxalifət qələbə qazanacaq”.

“Bu rejimlə mübarizə şərəf, ləyaqət işidir”

AXCP sədri Əli Kərimli də çıxışında Azərbaycan xalqını bədbəxtliyə aparan hazırkı vəziyyətin dəyişməsinin zəruriliyindən danışdı:
Əziz həmvətənlərim! Bu isti avqust günündə yüksək vətəndaşlıq hissi nümayiş etdirərək, çətinlikləri aşaraq, bu bu meydana gəlmisiniz ki, siyasi məhbuslara azadlıq, ölkəmizə azad, ədalətli seçki tələb edəsiniz. Siz fədakar insanlar, Azərbaycanın ən böyük sərvətisiniz. Eşq olsun sizlərə!
Neçə illərdir Azərbaycan vətəndaşları istəyirdi ki, onun siyasətçiləri, inanclı insanları, ziyalıları, gəncləri – hamısı bir araya gəlsin, nəhayət, Azərbaycanı bu zülmdən qurtarsınlar. Biz bu çağırışı eşitdik və bir araya gəldik. Biz Milli Şurada birləşərək, Azərbaycanın dünyada tanınmış ziyalısının – Rüstəm Ibrahimbəyovun vahid namizədliyini irəli sürmüşük. Ümid edirəm ki, millətimiz Rüstəm Ibrahimbəyova öz dəstəyini sona qədər ifadə edəcək.

Video “Azadlıq” qəzeti

Bizim tələbimiz ölkədə azad və ədalətli seçkilərin keçirilməsidir. Siz bunun nə qədər milli vəzifə olduğunu bildiyiniz üçün burdasınız. Ancaq hələ də azad və ədalətli seçkilərin keçirilməsini yalnız siyasətçilərin, ictimai fəalların vəzifəsi olduğunu düşünənlər var. Bu, yanlış fikirdir. Onlar bilməlidirlər ki, bu ölkədə qanun olsaydı, ölkənin prezidentini xalq seçsəydi, indiki problemlərin mütləq əksəriyyəti olmazdı.
Mən sizdən soruşuram: Azərbaycanda gerçək seçkilər keçirilsəydi, hökumət 60 min ailənin evini başına uçurmağa, seçkiyə 50 gün qalmış, daha 50 min ailənin evinin dağıdılacağını deməyə cəsarət edərdimi?
Əgər seçkinin taleyini seçki qutuları həll etsəydi, Azərbaycanın 30 milyarddan çox dövlət vəsaitini xarici banklarda 1-2 faizə saxlayıb, öz vətəndaşlarına isə 25-30 faizlə kredit verib, əhalini kredit faizlərinin girovluğunda saxlamağa cəsarət edə bilərdilərmi?
Əgər Azərbaycanda azad və ədalətli seçkilər keçirilsəydi, bu hakimiyyət Heydər Əliyevin Meksikadakı heykəlini saxlamaqdan ötrü dövlətin 4 milyard pulunu rüşvət kimi təklif edə bilərdimi?
Əgər Azərbaycanda hakimiyyətin mənbəyi xalq olsaydı, o zaman bu qədər azğınlaşmış, harınlaşmış icra başçılarının, nazirlərin əhatəsində Ilham Əliyev 3-cü dəfə prezident olmağa iddia edə bilərdimi?
Əziz həmvətənlərim! Azərbaycanda olduqca neqativ proseslər davam edir. Bir tərəfdən Azərbaycanın işıqlı insanlarını həbsxanalarda çürüdürlər, təhsil, səhiyyə sistemini məhv edirlər, ölkənin hüquq-mühafizə orqanlarını təhlükə mənbəyinə çeviriblər, digər tərəfdən Azərbaycanın sərvətlərini talan edirlər. Yeyə bildiklərini yeyirlər, qalan hissəsini isə xarici havadarlarına bəxşiş edirlər. Az bir qismini isə gözdən pərdə asmaq üçün abadlıq işlərinə sərf edirlər. Azərbaycan xalqını bədbəxt edən bu vəziyyət dəyişməlidir.
Bəs bu vəziyyət necə dəyişəcək? Ilham Əliyevin hər hansı islahat aparacağına xalq inanmır. Xalq artıq sadəlövh deyil. Eyni zamanda, biz azərbaycanlılar hər hansı zorakı mübarizəni də istisna edirik, ölkəmizdə qarşıdurmanın olmasını istəmirik. Çıxış yolu isə xalqın dinc mübarizəsidir. Buna görə də biz gərək kütləvi olaq, yorulmayaq, hər birimiz bu mübarizənin təşkilatçısına çevrilək.
Bu gün Azərbaycanda normal seçkidən yox, ciddi mübarizədən söhbət gedir; Azərbaycanda deputat mandatını milyon dollara satan mandat alverçilərilə mübarizədən söhbət gedir; ölkədə cinayətkar dəstə yaradıb, hüquq-mühafizə orqnlarının paqonları altında bu dəstələri gizlətmiş kriminal ünsürlərlə mübarizədən söhbət gedir; Azərbaycanda hər zaman saxtakarlığı yaşadan insanlarla mübarizədən söhbət gedir; yaltaqlar sürüsündən, bir dəstə oğrubaşıyla mübarizədən söhbət gedir; Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına divan tutan saxtakarlarla mübarizədən söhbət gedir. Bu mübarizəni aparmaq isə şərəf işidir, ləyaqət işidir, imandandır. Mən sizi bu mübarizədə ardıcıl olmağa, azadlığınıza sahib çıxmağa çağırıram!

“Biz bir olacağıq!”

“EL” hərəkatının sədri Eldar Namazov isə çıxışında bəyan etdi ki, bütün hallarda Milli Şura qorunub saxlanacaq, demokratik qüvvələr seçkiyə birgə gedəcək: “Milli Şuranın tarixi iclasını keçirəcəyik. Əmin olun ki, hansı variant seçilir seçilsin, nəticə məqbul olacaq. Bir neçə variant olsa da biz bir olacağıq”.

“Ölkənin azadlıq və demokratiyaya qovuşması üçün xalqın birliyi vacibdir”

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər də çıxışında vurğuladı ki, ölkənin azadlıq və demokratiyaya qovuşması üçün xalqın birliyi lazımdır. Bu baxımdan demokratik qüvvələrin demək olar ki, tam şəkildə Milli Şurada birləşməsi mühüm hadisədir. O, Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovu tezliklə vətəndə qarşılayacaqlarına və onun seçkidə iştirakına inamını ifadə etdi. Bildirdi ki, əgər Milli Şuranın vahid namizədi seçkidə iştirak etməyəcəksə, deməli, seçki olmayacaq.

Məzlumluğa, susqunluğa son!

Növbəti çıxışçı olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hazırda həbsdə saxlanılan gənc fəalların adlarını sadalayaraq, onları salamladı və “onlar da bu gün burada olmalıydı” dedi. AXCP Gənclər Komitəsinin sədri dedi ki, qələbə üçün müxalifətin birliyi, vahid namizədin olması vacibdir: “Amma bundan da vacib Azərbaycan xalqının öz iradəsini ortaya qoymasıdır. Yalnız bu yolla demokratiyaya nail olmaq mümkündür”.
Əbülfəz Qurbanlı Azərbaycan xalqına müraciət edərək susqunluğa son qoymağa, onun azadlığı üçün həbsə düşən, məhrumiyyət yaşayan övladlarını qorumağa və çöhrəsindəki məzulumluq ifadəsini ataraq, bir yumruğa çevrilməyə çağırış etdi.

Elektrik enerjisini kəsdilər

Əbülfəz Qurbanlının çıxışından sonra meydana verilən elektrik enerjisi kəsildi. Bu səbəbdən də mikrofon işləmədi və çıxışlar yarımçıq qaldı. Meydandakılar “Istefa!” şüarı qışqırmağa başladılar. Qısa aradan sonra elektrik enerjisinin verilişi bərpa olundu.

“Biz halal seçki istəyirik, bu hakimiyyətin mayası isə haramla yoğrulub”

Növbəti çıxışçı isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu oldu. Mirmahmud Mirəlioğlu müxalifətin istəklərindən danışdı: “Biz istəyirik ki, hakimiyyəti idarə edənlər dürüst olsunlar. Ancaq hakimiyyət nadürüst və oğrudur. Biz halal seçki istəyirik, hakimiyyətin mayası isə haramla yoğrulub.
Bu gün ədalətsizlər, hüquqdan anlamayanlar hakimiyyətdədir. Biz onlara haqqı tanıtmaq, hüquq öyrətmək istəyirik. Biz istəyirik ki, analarımız, bacılarımız xanım kimi yaşasın. Biz istəyirik ki, Azərbaycan kişisi igid kimi yaşasın. Hakimiyyət isə bunu istəmir.
Səfər Əbiyevlə torpağı geri almaq olarmı? Ziya Məmmədovla Azərbaycan yollarını abad etmək olarmı? Kəmaləddin Heydərovla fövqalədə vəziyyətdən çıxmaq olarmı? Qoruq qarovulçusu ilə təhsili inkişaf etdirmək olarmı? Adını kiçik hərflə yazan nazirlə mədəniyyətimizi yüksəltmək olarmı? Ramil Usubovun rəhbərlik etdiyi polislə fəxr etmək olarmı? Əlbəttə, yox. Biz istəyirik ki, ədalətli, halal seçki keçirilsin. Azərbaycanın sabahı çox aydındır və o sabaha oğurluqla, saxtakarlıqla getmək olmaz”.

Səhlab Bağırovdan qanunsuz tələb

Mirmahmud Mirəlioğlunun çıxışından sonra Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini təşkilatçılara yaxınlaşaraq, çıxışlarda konkret adlar çəkilməməsini istədi. Təşkilatçılar isə bu qanunsuz tələbə etirazlarını bildirdilər.

Mitinqə gələnlərin qarşısı kəsilib

Daha sonra NIDA Gənclər Hərəkatının üzvü Turqut Qəmbər çıxış etdi. O da gənc fəalların həbsindən danışdı və hakimiyyətin bu cür repressiyalarla ölkədə dəyişikliyin qarşısını ala bilməyəcəyini bəyan etdi.
Mitinqin bu məqamında aparıcı Ibrahim Ibrahimli elan etdi ki, “Azneft” dairəsində mitinqə gəlmək istəyən 500 nəfərə yaxın insanın qarşısını kəsib, meydana doğru buraxmırlar.

Yüz faizlik qələbə üçün…

Növbəti çıxışçı Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan oldu: “Biz hamımız məhkumuq, könüllü olaraq özümüzü Azərbaycan xalqının dərdinə yanmağa məhkum etmişik. Bu bizim üçün həyatdı, nəfəsdi, həyat tərzidi. Bizim borcumuzdur ki, özümüzü Azərbaycan üçün şəhid edək. Mən fəxr edirəm ki, Azərbaycanın sizin kimi gəncləri var və bu gənclik həbsdən keçməyi belə gözə alıb.
Hakimiyyət Rüstəm bəyin beynəlxalq nüfuzunu və müxalifətin ona dəstəyini anladığına görə bu cür maneələr yaradır. Rüstəm bəyin namizədliyi baş tutmasa da, biz onun rəhbərliyilə yeni bir namizəd seçəcəyik. Ancaq arzu edərdim ki, Rüstəm bəy özü iştirak etsin və 100 faizli qələbəni təmin etsin”.

Sərkisyan və Əliyev

Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli çıxışında ötən gün müsahibə verərək, İlham Əliyevə dəstəyini ifadə edən Ermənistan prezidenti Serj Sərkisyanın söylədiklərinə diqqət çəkdi: “Xalq düşünməlidir ki, Xocalıda bizim körpələri qətlə yetirən, qadınlarımızın ləyaqətinə toxunan Sərkisyan nə üçün Ilham Əliyevin seçkilərdə qalib gəlməsini istəyir?”

Saat 19:30-da mitinqin qətnaməsi qəbul edildi. Müsavat başqanının hazırda həbsdə olan müavini Tofiq Yaqublunun qızı, gənc fəal Nərgiz Yaqublu qətnaməni elan etdi.
Qətnamədə hakimiyyətdən azad və demokratik seçkilərin keçirilməsi tələb olunur, gənclərə və jurnalistlərə qarşı repressiyalar pislənir, korrupsiya hallarının aradan qaldırılması, evləri sökülən vətəndaşların hüquqlarının təmin olunması tələb edilir.
Aksiya qətnamənin oxunmasından sonra başa çatdı.