Bakı-Moskva oxu Avropa Birliyinə qarşı

«Putinin Bakı səfərinin məqsədi Avropa Ittifaqına can atan Ukrayna və Ermənistana «dərs» verməkdir»

Rusiyalı politoloq Qriqori Trofimçuk Putinin Bakı səfərinin Ermənistanı Avropaya inteqrasiyaya görə cəzalandırmaq niyyəti haqda erməni mediasında yayılan məlumatlara münasibət bildirib. Trofimçuk “regnum”a açıqlamasında deyib ki, o, bu fikirlərlə razılaşmır: “Rusiya həmişə bu cür çətin vəziyyətdə olub. O baxımdan ki, daim Azərbaycan və Ermənistan arasında manevr etmək məcburiyyətində qalıb. Mən güman edirəm ki, analoji səfərlər Ermənistana da olacaq”.
MDB dövlətləri Institutunun Qafqaz şöbəsinin rəhbəri Feliks Stanevski isə hesab edir ki, Putinin səfərinin məqsədi Avropa Ittifaqına can atan Ukrayna və Ermənistana “dərs” verməkdir: “Putin göstərdi ki, Rusiya siyasi və iqtisadi maraqlarını təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Birbaşa bu səfərlə bağlı olmasa da, paralel baş verən əlamətdar hadisələrin şahidi oluruq: Ukraynadan bəzi malların Rusiyaya ixracına qadağa qoyulması”.
Feliks Stanevskinin fikrincə, Ermənistana Rusiyanın münasibətinin dəyişməsi Ermənistanın Avropaya inteqrasiya məsələsində nə qədər ciddi olmasından asılıdır. Ermənistan ümid etməməlidir ki, Qərbə yaxınlaşandan sonra Rusiyanın bu vaxta qədər onun üçün elədikləri güzəştlər qüvvəsində qalacaq. Politoloq bu fikrini bir sıra məsələlərdə Qərblə Rusiya arasında çox ciddi fikir ayrılığının olmasıyla əsaslandırır: “Qərblə Rusiya arasında ziddiyyətli məsələlər arasında siyasi və iqtisadi amillərlə yanaşı, mənəvi-ideoloji nüanslar da var.
Ermənistanın seçim hüququ var və bunu heç kim məhdudlaşdıra bilməz. Eyni zamanda, Rusiyanın da ətrafında baş verənlərə reaksiya vermək hüququ var. Bundan başqa, Rusiya yeni reallıqlar şəraitində öz maraqlarını müdafiə etməyə borcludur”.