YAP-da dərəbəylik

Akif Əlizadə ilə Əli Həsənova hakim partiyada edilən sayğısızlıq nədən qaynaqlanır?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayından sonra təşkilat daxilində ziddiyyətlər daha da kəskinləşib. Məlumat üçün deyək ki, hələ qurultaydan əvvəl hakimiyyət daxilində YAP-a nəzarət uğrunda amansız mübarizə gedirdi.
Paşayevlər hakim partiyanı “Naxçıvan” qruplaşmasının Ramiz Mehdiyev qanadının nəzarətindən çıxarmaq üçün bütün potensiallarını işə salmışdı. Nəhayət, Paşayevlər YAP-ın kurasiya edilməsi prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırılmasına nail ola bilmədi. Məlumat üçün deyək ki, Əli Əsədov Paşayevlər komandasının üzvü hesab edilir. Lakin hakim partiyada bu addıma münasibət birmənalı olmadı. Əgər YAP-ın icra katibi Əli Əhmədov yeni kuratoru qəbul edirdisə, partiyanın rəhbərliyində təmsil olunan və Ramiz Mehdiyevə yaxınlığı seçilən şəxslər bu addımdan narazılıq edirdi. YAP-ın rəhbərliyində yaranmış bu ikitirəlik qısa müddətdə xeyli dərinləşdi. Əli Əhmədovun yerli təşkilatların konfranslarına tək getməsi də bununla bağlı idi. Yeri gəlmişkən, ərəfədə yerli təşkilatların partiyanın icra katibindən Prezident Administrasiyasına şikayət etmələri, onu qurultaya nümayəndə seçmək üçün pul tələb etməkdə suçlamalarının kökündə də partiya daxilindəki ziddiyyətlərdən qaynaqlanırdı. Qurultayda bütün bu problemlərə son qoyulduğu rəyi yaransa da, belə deyilmiş.
Bu günlərdə yayılan məlumatlara görə, qurultayda sədr müavini postlarını tutan “Qaçqınkom” sədri Əli Həsənov və AMEA prezidenti Akif Əlizadə üçün partiyada iş şəraiti yaradılmayıb. Moderator.az-ın yaydığı bu xəbərdə iddia edilir ki, YAP sədrinin hər iki müavini üçün qərargahda iş otağı ayrılmayıb. Hətta YAP-ın mərkəzi qərargahına baş çəkən Əli Həsənov ona aid kabinetə baxmaq istəyini desə də, Mərkəzi Aparatın rəhbəri tərəfindən gözləmədiyi cavabı alıb. Belə ki, YAP-dan Əli Həsənova bildirilib ki, mərkəzi qərargahda ona və Akif Əlizadəyə iş otağı ayrılması nəzərdə tutulmayıb.
Bundan hiddətlənən Əli Həsənov icra katibliyindən açıqlama tələb edib.
Akif Əlizadə Paşayevlərə yaxın şəxsdir. Əli Həsənovun isə Ramiz Mehdiyevin komandasının üzvü iddia edilir. Qurultayda müavinlər təyin edilərkən, Əli Həsənov məhz Mehdiyevi qıcıqlandırmamaq üçün bu posta gətirildi. Çünki digər müavinlər – Ilham Əliyevin xanımı Mehriban Əliyeva, Akif Əlizadə və Əli Əhmədov Paşayevlərin seçimi idi.
Görünən odur ki, Paşayevlərlə Ramiz Mehdiyevin YAP uğrunda savaşı ümumiyyətlə partiyada dəngənin pozulmasına gətirib çıxarıb. Əgər YAP-da saymazlıq təkcə Əli Həsənova qarşı edilsəydi, o zaman düşünmək olardı ki, Paşayevlər Ramiz Mehdiyevin adamlarını sıxışdırır. Lakin Akif Əlizadə də eyni sayğısızlıqla üzləşib. Deməli, YAP-da dərəbəylik başlanıb.