Bu gün saat 17-də Milli Şuranın mitinqi olacaq. Razılaşdırılmış aksiyadır, amma Bakının 20-ci sahə adlanan kənar bir ərazisində keçirilir. Bəli, bir az çətindir bu qədər uzağa getmək, xüsusən də yayın cırhacırında. Ola bilsin ki, hakimiyyət də ictimai nəqliyyatın işini pozacaq və bu halda ya piyada getməlisən, ya da taksilərlə və şəxsi maşınlarla. Bu, çətinliyi daha da artırır.
Üstəlik, ovqat aşağıdır, müxalifətin birliyi olan Milli Şura ilə bağlı gözləntilər əvvəlki qədər deyil. Heç başqa yerdən də ümidlər yüksək deyil. Bu əhvalla mitinqə getmək doğrudan da asan sayıla bilməz. Bəziləri deyir ki, mitinq üçün seçilən vaxt da düzgün olmayıb, bəziləri yerin yanlış olduğunu bildirir. Hətta elə adamlar var, 20-ci sahəyə getməyi alçalmaq sayır, buna şirin-şirin gülənlər də var. Hakimiyyət isə durmadan təbliğat aparır ki, mitinqə çox az adam qatılacaq və müxalifət biabır olacaq. Bu halda adamın əli yanına düşə bilər.
Deyə bilərsiniz ki, bu şərtlər daxilində mitinqə getmək asan deyil.
Deyə bilərsiniz ki, bir halda kifayət sayda olub uğur qazanmayacağıqsa, nə mənası var bu aksiyaya çıxmağın?
“Bezdim, yoruldum artıq” – deyə, üz də çevirə bilərsiniz.
Mən əminəm ki, çox şey söyləyə, kifayət qədər inandırıcı, cəlbedici və əsaslandırıcı görünən fikirlər sadalaya bilərsiniz. Hətta təxmin edirəm nələri.
Amma inanın ki, bütün bu fikir və dəlillərin cavabında sizə də söz tapıb deyə bilərlər. Həm də elə söz deyə bilərlər ki, məncə də cavab tapmaq asan olmaz…
Bunları yəqin əvvəllər də eşitmiş olarsınız. Bilirəm kimsə sizə yenə də deyə bilər ki, bu mitinqə getmək çətindir, amma bu ölkədə yaşamaq ondan da çətindir. Daha yaxşı ölkə qurmaq üçün gərək çətinlikləri yenəsən. Deyə bilərlər ki, əgər narazı olan hər kəs o mitinqə qatılmağı borc bilsə, o uzaq meydanın qələbəliyi qələbə ovqatı yaradar və s…
Amma sizə tamam başqa söz də deyə bilərlər…
Məsələn, yayın istisində 20-ci sahəyə mitinqə getməyi çətin, uğursuz, hətta bir çoxlarının eyham etdiyi kimi, alçalmaq sayırsınızsa, o zaman buyurun mitinq eləməyə Bakının ən yaxşı meydanına, ən böyük effekt verəcək məkanına gedin. Bilirəm, siz partiya sədri deyilsiniz, yəqin ki, təşkilatınız və tərəfdarlarınız da yoxdur. Fəqət sizinlə mitinqə getməyə heç kim yoxdursa, sizdən başqa bir kimsə gəlmirsə, onda tək edin o mitinqi. Bəli, səhv eşitmədiniz, tək edin. Sual edə bilərsiniz ki, bu nə deməkdir, məgər tək mitinq olur. Niyə olmur, qardaşım?! Istanbulda tək adam mitinq etmədimi? Duran adamı görmədinizmi? Hətta danışmadı, qışqırmadı, hərəkət etmədi, amma bütün ölkəyə, bütün dünyaya səs salmadımı?!
O zaman Siyavuş Novruzov da lağ edib deməyəcək ki, cəmi bir nəfər idilər. Onda çətin yolları ötməyə ehtiyac olmayacaq! Kimsə sənə gülməyəcək. Tutaq ki, başqalarını ya şəhərin mərkəzində, ya da şəhərin kənarında tək qoymağın, tək qoymağınla onları uğursuz etməyin doğrudan da səbəbsiz deyil, sən o adamları anlamırsan, yanlış sayırsan, sənin dediyin kimi, onlar düz yolla getmirlər. Amma sənin də etiraz etməyin üçün imkan və üsul var. Tək adamla da, 3 adamla da mitinq etmək olur və hətta çox təsirli ola bilər bu aksiya.
Bu, sizi nədəsə ittiham etmək demək deyil. Bu, sizin müxalifət partiyalarından daha çox ummağınıza qarşı çıxmaq da deyil. Amma bu, sizə hamımıza aid olan sədə bir vəzifəni xatırlatmaqdır. 20-ci sahəyə mitinqə gəlmək elə də çətin deyil. Ölkədəki problemləri, həyatımızdakı çətinlikləri və buna münasibətdə hər kəsin məsuliyyətini nəzərə alanda, qətiyyən çətin deyil. Tək adamla etmirsiniz, çox adamla etmirsiniz, bəs siz niyə etiraz etmirsiniz? Hər şey yaxşıdırmı ki?!.
Tək “duran adamı” unutdunuzmu?
•