Siyavuş Novruzov Eldar Həsənovu müdafiə etmədi

YAP-çı deputat səfirə məhkəməyə müraciət etməyi məsləhət gördü

“Kimin haqqında səhv yazılıbsa, bununla bağlı məhkəməyə müraciət etmək olar. Aydınlaşar ki, bunlar düzdür, səhvdir, hansısa məsələ jurnalistin təxəyyülünün məhsuludur, hansısa hüquqi faktlara, yaxud təhlükəsizlik orqanlarının faktlarına əsaslanır…
Ola bilər adamlar öz fantaziyasına uyğun çox şey yazsın. Hər bir yazının arxasında fakt dayanmalıdır. Əgər kimsə şübhələnirsə ki, burada faktlar yoxdur, məhkəməyə müraciət edə bilər. Kimin adı hallanıbsa, ittihamlarla razılaşmır, məsələnin yolu məhkəmədir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Kremldə Ilham Əliyevin devrilməsi planının hazırlanması barədə jurnalist Eynulla Fətullayevin yazısına münasibət bildirərkən deyib. Jurnalist həmin yazıda “Milyarderlər Ittifaqı”nın sədri, baş nazirin sabiq müavini Abbas Abbasovla Azərbaycanın Serbiya, Çernoqoriya, Bosniya və Hersoqoviniyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş baş prokuror Eldar Həsənovun adını hallandırmışdı. Səfir isə yazılanları sifariş adlandırmışdı. Ad çəkməsə də, hakimiyyətdəki rəqiblərini hədələmişdi.
Bəzi mülahizələrə görə, Eldar Həsənov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi nəzərdə tutub. PA rəhbərilə səfir arasında münasibətlər heç vaxt yaxşı olmayıb. Digər tərəfdən Eldar Həsənovun yüksək vəzifəyə gətiriləcəyi barədə bir müddət əvvəl yayılan məlumatlarda, onun Ramiz Mehdiyevin postunu tutacağı xüsusi vurğulanırdı. Bütün bunlar, həmçinin Siyavuş Novruzovun məsələyə qeyri-müəyyən münasibəti  Eldar Həsənovun Ramiz Mehdiyevi nəzərdə tutması barədə ehtimalları gücləndirir. YAP-çı deputat Abbas Abbasovu müdafiə etməyə bilər. Amma  Eldar Həsənov hakimiyyət nümayəndəsidir. YAP-çılar hansısa iqtidar nümayəndəsi barədə bu tip yazılara münasibət bildirərkən, birqayda olaraq medianı, yazının müəllifini hədəfə alırlar. Hökumət nümayəndəsini açıq müdafiə edirlər. Lakin bu dəfə əksini müşahidə edirik. Siyavuş Novruzovun yazının həqiqətəuyğun olduğunu demir və adı hallanan şəxslərə tövsiyyə edir ki, ittihamlarla razılaşmırlarsa məhkəməyə müraciət edə bilərlər. Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən Siyavuş Novruzovun bu mövqeyi təsadüfi sayıla bilməz.