Rusiya ilə hərbi əməkdaşlıq məqbuldurmu?

Rusiya prezidenti V.Putin özünün qeyri-standart səfərilə bir yığın sual qoyub getdi. Səfər bir neçə gün bundan əvvəl başa çatsa da, bu mövzunun ətrafındakı suallar səngimir ki, səngimir. Hamı V.Putinin səfərində öz gümanlarının əlamətlərini axtarır.
Əslində səfər Xəzəryanı ölkələrə böyük siyasi turne, özü də dəniz turnesi kimi nəzərdə tutulmuşdu və Rusiya prezidenti hətta Iran limanlarının birində, səhv etmirəmsə, Ənzəli limanında bu ölkənin də yeni prezidentilə görüşməli idi.
Amma V.Putinin Xəzərdə “qasırğa” yaratmaq istəyi baş tutmadı və o, Bakıya səfərlə kifayətlənməli oldu. Əgər Xəzərdə hakimlik iddiası kimi çox ümumi mülahizəni, V.Putinin daim özündən bir “superman” yaratmaq xasiyyətini bir tərəfə qoysaq, Rusiya prezidentinin Bakıya hərbi gəmilərin müşayiətilə səfər etməsinin əsl səbəbləri hər halda axıra qədər aydın olmadı.
Burada məqsəd nə idi? Həmin dövrdə, səhv etmirəmsə, Azərbaycanın müdafiə naziri ABŞ-da səfərdə idi.
Bundan başqa, mətbuat səhifələrində Türkiyə ilə bağlı maraqlı fikirlər, Azərbaycanın guya bu ölkə ilə vahid ordu yaratmaq istəyi haqqında gümanlar səslənirdi.
Üstəlik, Batumda ABŞ-la Gürcüstanın birgə hərbi təlimləri keçirilirdi. Hərbi gəmilərin müşayiətilə Bakıya gəlmək təşəbbüsü bunlardan hansına cavab idi? Bu məsələ təəssüf ki, aydınlaşmadı.
Amma suallar təkcə bununla yekunlaşmır. Hərbi-texniki əməkdaşlıqla bağlı da az fikirlər səslənmir.

Həm ticarət, həm ziyarət

Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığının miqyası çox adamda sual yaradıb. Ən müxtəlif fikirlər səslənir. Kimi Azərbaycanın bu qədər silah-sursata (təxminən 4 milyard dollarlıq) ehtiyacının olması ilə bağlı tərəddüd keçirir, kimi belə bir hərbi-texniki əməkdaşlığı Rusiyanın bu ilki prezident seçkisində dəstəyini qazanmağa yönələn addım kimi yozur. Nə demək olar? Təbii ki, hakimiyyət Rusiya ilə bütün münasibətlərdən, eləcə də hərbi-texniki əməkdaşlıqdan özü üçün konkret siyasi dividend götürməyə çalışır və götürür də. Bunu inkar etmək olmaz.
Rusiya prezidentlərinin “ağrılı” yeri yerli hərbi-sənaye kompleksidir. Əgər Putin Azərbaycandan bu qədər sifariş qəbul edə bilirsə bu, onun həmin kompleks qarşısında üzünü ağ edir. Təbii ki, bunun müqabilində o da I.Əliyevə öz dəstəyini əsirgəmir.
Bəziləri deyir ki, V.Putinin dəstəyi daha qabarıq və daha birmənalı olmalı idi, amma olmadı. Düzdür, siyasi təcrübədə açıq siyasi dəstək nümayiş etmək halları olub.
Uzağa niyə gedək? Bir neçə il bundan əvvəl Ukraynada V.Yanukoviçə belə dəstəyi bir neçə MDB dövləti nümayiş etdirdi. Onun rəqibini – V.Yuşşenkonu isə Polşanın sabiq prezidenti L.Valensa, MDB ölkələrinin müxalifət partiyaları, o cümlədən də Azərbaycan müxalifti müdafiə edirdi. O vaxt belə oldu ki, V.Yuşşenko qalib gəldi.
V.Putinin I.Əliyevə belə bir açıq dəstək nümayiş etdirməsinə ehtiyac yox idi, çünki hamı bilir ki, Azərbaycanda seçkilər necə keçirilir! Sadəcə, bir daha V.Putin I.Əliyevi daha yaxşı anladığını nümayiş etdirdi. Bu o demək idi ki, seçkilərin nəticələri tanınacaq, onların necə keçirilməsindən asılı olmayaraq!

Bir az da hərbi əməkdaşlıq haqda

Rusiya ilə hərbi əməkdaşlıq müəyyən iradlarla müşayiət olunur. Amma bu məsələdə biz qədər fərqli düşünürük.
Birincisi, deyirlər ki, bu ölkə ilə hərbi-texniki əməkdaşlıq ordumuzu NATO-nun texniki standartlarından uzaqlaşdırır. Amma gəlin görək NATO ölkələri heç Azərbaycana hərbi texnika satırmı?
ABŞ nə Azərbaycana, nə də Ermənistana silah satmır. Dövlət katibi C.Kerri E.Məmmədyarovla elə ilk görüşündə ondan soruşmuşdu ki, Azərbaycan niyə bu qədər silah alır? Əminik ki, əgər ABŞ Azərbaycana silah satsaydı I.Əliyev hakimiyyəti böyük məmuniyyətlə silahı onlardan alardı.
Ikincisi, deyilir ki, bizə köhnə silah satılır. Məsələ bundadır ki, heç kim ən müasir, yeni seriyalı silahları dərhal bazara çıxarmır.
Üçüncüsü, bizim bu silahlardan öz məqsədlərimiz üçün nə qədər istifadə edə biləcəyimiz bəzilərində narahatlıq yaradır. Axı bizim Qarabağ kimi problemimiz var! Amma bir detala diqqət yetirək. ABŞ ərəb ölkələrinə silah satır. Amma bir şərt qoyur: bu silahlardan Israilə qarşı istifadə edilməməlidir! Rusiya ilə bizim, səhv etmirsə, belə öhdəliymmiz yoxdur…
Bəs bu prosesin heç bir fəsadı yoxdurmu? Var. Texnika Rusiyanındırsa, onda biz öz zabitlərimizi, əsgərlərimizi təhsil almaq, kurs keçmək üçün Rusiyaya yollamalıyıq. Bu isə Azərbaycanda yenidən Rusiyanın siyasi təsiri altında olan hərbi elitanın formalaşmasına gətirib çıxara bilər.