Fadeyevin intihar məktubundakı bir cümlə

Bu yaxınlarda intihar edən məşhur yazıçıların vida məktublarını oxuyurdum.
Onlardan ikisi üzərində dayanmağa dəyər.
Mayakovski və Fadeyevin məktubları bir-birindən çox fərqlidir. Birincidə mənəvi iztirabları sezmək olur, amma ona daha çox şəxsi rənglər, istəklər, hisslər hakimdir.
Digərində isə açıq üsyan var, dözülməz ağrıların aydın ifadəsi var.
Birincidən başlayaq.
Mayakovskinin intihar etdiyi, yoxsa öldürüldüyü çoxlarına müəmma olaraq qalır. Əgər ikinci versiya həqiqətdirsə, deməli, onun intihar məktubu saxtadır.
Hələliksə daha çox Mayakovksinin intihar etdiyinə inanlar üstünlük təşkil edir. Bu üzdən onun intihar məktubunu şübhə altına almağa haqqımız yoxdur.
Mayakovski həmin məktubda özünü öldürdüyünə görə heç kimi günahlandırmamağı xahiş edir, doğmalarından bu addımına görə bağışlanmasını xahiş edir. Hakimiyyətdən isə ailə üzvlərinə sahib çıxmasını, yaxşı yaşamaq üçün şərait yaratmasını istəyir.
Intihar məktubundakı bir cümlə isə xeyli düşündürücüdür: “Necə deyərlər, anlaşılmazlıq bitdi, sevgi qayığım məişət həyatı ilə toqquşaraq, məhv oldu”. Bunu necə başa düşməli? Mayakovskini intihara sövq edən səbəb ailə-məişət məzmunlu idimi? Demək çətindir.
Amma o bəllidir ki, artıq ömrünün son illərinə doğru şair Stalin rejiminin gözündən əməlli-başlı düşmüşdü. O artıq “fəhlə şairi” hesab edilmirdi. Onu burjua meyilli olmaqda suçlayırdılar. Və əgər Mayakovksi həqiqətən intihar etmişdisə, – mümkün deyil ki, əsas səbəb məhz bu təzyiqlər, hücumlar olmasın.
Yeri gəlmişkən, şairin intihar məktubu: “Masamın gözündə 2000 rubl var, buna vergi ödəyin, qalanına güldan alarsınız” sözləri ilə bitir. Niyə məhz güldan? Bilinmir. Amma səbəbi nə olur olsun, bir yandan çox kədərli, bir yandan da çox işıqlı bir arzu olduğuna şübhə yoxdur. 
Fadeyevin intihar məktubunda isə əhval-ruhiyyə tamam fərqlidir. Yalnız 20-25 il əvvəl ortaya çıxan bu intihar məktubu Mərkəzi Komitəyə ünvanlamışdı.
Məktubdan belə məlum olur ki, Fadeyevin ömrünün son üç ili daxili iztirablar, mənəvi təlatümlər, sarsıntılar içində keçib, o bütün bunları “yuxarılar”la paylaşmaq istəyib. Amma alınmayıb. Onu qəbul etmək istəyiblər.
Və ömrünü ədəbiyyatın partiya-hökumət işinin vintciyinə çevrilməsinə, sosializm realizminin çiçəklənməsinə, Platonov, Pasternak, Anna Axmatova kimi “ədəbi tör-töküntülər”lə mübarizəyə həsr edən Fadeyev son çarə kimi intiharı seçir.
Onun intihar məktubundakı bir cümlə adamın tüklərini biz-biz edir: “Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq, həyatdan gedirəm”.
Bu bir cümlədə hər şey var: etiraf, özünənifrət, etdiklərindən utanc hissi, sonrakı peşmançılıq. Ən əsası isə həyatını, istedadını yalana xidmətdə, Şərə qulluqda, zülmə itaətdə keçirənlərin əsl adı var bu cümlədə: “murdar mövcudluq”.
Əslində Fadeyev yalnız özünü belə adlandırmır. Bütün zamanlar üçün Şər xidmətçilərinin əsl adını qoyur.
Fadeyev gec də olsa səhvləri, yanlışları başa düşmüşdü. Həmin cümləsi göstərir ki, o bundan dəhşətli əzab çəkirdi, ağrıyırdı. Və bu ağrı ilə çox yaşaya bilməzdi. Intihar qaçılmaz idi.
Bizdə isə ədəbiyyatda, ictimai və siyasi həyatda Fadeyevlə üç aşağı, beş yuxarı, eyni funksiya, eyni vəzifə daşıyanların ömrü nə sirri-xudadırsa, çox uzun çəkir. Nəyin müqabilində olursa olsun yaşamaq – budur onların həyatdakı ən ali məqsədi!
Bu o demək deyil ki, onlar öz “mövcudluqlarının murdarlığını” başa düşmürlər.
Başa düşürlər, əlbəttə, başa düşürlər. Amma bu azdır, başa düşmək azdır. Ağrımaq da lazımdır. Vicdan əzabı çəkmək, sarsılmaq da lazımdır. Ağrıyan, vicdan əzabı çəkən, sarsılan qəlbə, ruha da sahib olmaq lazımdır.
Bizimkilərdə məhz bu çatışmır. Məhz bu çatışmadığına görə də etiraf, özünənifrət, peşmançılıq duyğusu onlara yaddır, bu mənəvi iztirablardan qurtulmaq barədə isə əsla fikirləşmirlər.
Intihar haqqında qətiyyən düşünmürlər.
Əksinə, həyatdan da, onlara tanınan imtiyazlardan da iki əlli yapışmağa davam edirlər.