Həbsdən çıxan cəbhəçi siyasi məhbus meydan oxudu

Tural Həsənzadə həbsxana xatirələrini «Azadlıq»la bölüşdü

«Bizim imtina edəcəyimiz yol, əqidə yoxdur»

İlin əvvəlində “əsəgər ölümlərinə son” aksiyasına görə həbs olunan AXCP üzvü, gənc fəal Tural Həsənzadə dünən azadlığa çıxdı. Artıq ənənə halını aldığından azadlığa çıxan kimi keçmiş vicdan məhbusunun ilk ziyarətdə olduğu yer “Azadlıq” qəzeti oldu. “Azadlıq” qəzeti ilə bağlı Turalın təəssüratları boldu, onlara keçməzdən əvvəl bir vacib xatırlatma etməliyik. Tural həbs olunarkən onun üzərində ev dustaqlığı vardı. Buna görə də hələ aksiyadan əvvəl dostları, əqidədaşları ondan mitinqə çıxmamağı xahiş etmişdilər. Ancaq o özü verdiyi qərarı əsas tutdu və aksiyaya qatıldı. Bunu isə hakimiyyət bəhanə bilib, Turalı ağır xəstəliyinə rəğmən yenidən həbsə göndərdi. Elə ilk sualım da bununla bağlı oldu.

– Etdiyin riskli addıma görə peşman deyilsən ki?
– Qətiyyən. Əksinə, buna görə özümü çox rahat hiss edirəm. Bəli, o zaman mən bu işin hansı nəticə ilə bitəcəyini təsəvvür edirdim. Mənə “çıxma” deyənlər də xainlər deyildi, mənə canı yananlar idi. Ancaq mən insanları mitinqə çağırırdım, o aksiyaları vacib bilirdim. Belə olan şəraitdə necə olardı ki, mən adamları aksiyaya çağırım, onlar mitinqə gəlsinlər, həbsə düşsünlər, mən də heç nə olmamış kimi evimdə rahat oturum. Yox, mən bunu özümə rəva bilməzdim. Onunçün də aksiyaya çıxdım və heç bir cinayət, qanun pozuntusu etməyərək həbsə düşdüm. Mən yox, bu səhv hərəkəti, cinayəti edənlər peşman olmalıdırlar.

–  Məhkumluğun necə keçdi?
– Buna məhkumluq deməzdim. Azadlıqsevər insanı heç kim məhkum edə bilməz. Mən yaşayış yerimi, şəraitimi dəyişmişdim, sadəcə. Həbs məni əsas işimdən – mübarizədən bir an da dayandırmadı. O şəraitdə hansı cür mübarizə aparmaq imkanı vardısa, apardım.

– Sənə orada münasibət necə idi? Özünü necə hiss edirdin başqa dustaqların arasında?
– Inandırım sizi ki, orda məni qəhrəman kimi qarşıladılar. Bu nəylə əlaqədar idi, deyim. Ola bilsin burda mənim şəxsiyyətim, tutduğum yol, əqidə rol oynayıb. Amma bununla yanaşı orda məndən əvvəlki siyasi məhbuslar böyük bir irs qoyub. “2 aprel” məhbuslarının 8-i həmin 14 saylı “kolon”da olublar, böyük izzət, hörmət qazanıblar. Buna görə orda vicdan məhbuslarına xüsusi münasibət var. Mən dustaq yoldaşlarımdan özümə diqqət, dəstək gördüm. Ümidvaram ki, onlar da məndən ancaq xeyir və yaxşılıq görüblər.

– Həbsdə olduğun müddətdə dostların, əqidədaşların necə çıxdı sınaqdan?
– Birmənalı deyə bilərəm, yüksək səviyyədə. Hər dəqiqə mənə dəstək oldular, azadlığım üçün çalışdılar. Məni həbsdə ruhdan düşməyə qoymayan, mübarizəyə daha da inamımı artıran məqam başda partiyamızın sədri Əli Kərimli olmaqla cəbhədaşlarım oldu. Onların dəstəyini hiss etmədiyim gün olmadı. Zəngləşirdik, məktublaşırdıq, qəzetdə yazılar gedirdi. Internetdə mənimlə bağlı görülən işlərdən xəbər tuturdum. Bunlar sizə adi gələ bilər, amma həbsdə olan insan üçün bu işlər çox böyük əhəmiyyət daşıyır. Mən Əli bəyə, müdafiəmdə rol oynayan bütün cəbhəçi dostlarıma, qardaş və bacılarıma minnətdaram. Bilsinlər ki, əməkləri boşa getməyib.

– Siyasi məhbuslarla bağlı bir hal da var, hakimiyyət həmişə maraqlı olur ki onlardan əfv ərizəsi, “etiraflar” qoparsın. Səninlə bağlı da belə hal yaşandı?
– Hə, xüsusən həbsin ilk vaxtlarında. Müəyyən şəxslər dövlət adından görüşlər, söhbətlər aparırdılar. Məni yolumdan döndərməyə çalışırdılar. Daha tez azad ola biləcəyimi, başqa güzəştlərə sahib olacağımı deyirdilər. Bunun qarşılığında isə bir şey istəyirdilər: partiyadan çıxmaq və prezidentə əfv ərizəsi yazmaq.
Mənimsə cavabım bir oldu. Dedim birincisi, əfv eləmək müdrik insanın işidir, ikincisi isə, mən niyə bağışlanmağımı istəməliyəm. Nə etmişəm? Mənim imtina edəcəyim əqidəm, yolum yoxdur. Əksinə onlar bizim yolu seçməlidirlər.
Bu mövqeyimə görə onlar guya məni daha pis cəzalandırmaq üçün “14″-ə yolldılar. Bildiyiniz kimi ora şəraiti ən pis olan həbsxanalardandı.
Ancaq mənim üçün ora daha da şərəfli oldu. Çünki, dedyim kimi, orda bizim siyasi məhbuslar şərəfli bir iz qoyublar. Ikinci bir yandan isə bizim liderimiz Əbülfəz Elçibəy də orda cəza çəkib, bu mənim üçün bir güc mənbəyi idi.

– Həbsxana barədə elə danışırsan, sanki orda heç darıxdığın olmayıb…
– Darıxmışam, amma bilirsiniz nəyə görə. Mübarizəni daha geniş aparmaq üçün. Meydanlarda daha öndə olmaq üçün. Bunları xoşagələn sözlər kimi demirəm, inşallah, gələcək fəaliyyətimlə bunu sübut da edəcəm. Biz bu ölkəni azadlığa çatdırmaq üçün çalışan insanlarıq. Belə insanlar üçün həbsxana boş şeydir. Bu bir sınaqdır, hamımız onu rahat keçməyə hazırıq.

– Ümumiyyətlə, həbsdə günün necə keçirdi?
–  Kitab, qəzet oxuyurdum, böyük çıxmasa deyərdim ki, siyasi iş aparırdım. Yəqin bunun nəticəsini də gördünüz ki, iki başqa siyasi məhbus da həbsdə AXCP-yə qoşuldu.

– “Azadlıq” qəzetini oxumaq imkanınız olurdu?
– “Azadlıq” üçün də orda mübarizə aprmalı olduq. Nəticə də əldə etdik. Qəzeti əvvəl buraxmırdılar, uzun çalışmalardan sonra buna nail oldum. “Azadlıq” qəzetinin məhbuslar arasında yeri tam başqadır. Hər gün bu qəzeti biz ən sevimli qonaq kimi gözləyirdik. Inanmazsınız, bu qəzetin yarım saat boş dayandığı olmurdu, o oxuyub buna verir, bu oxuyub başqasına.
“Azadlıq” böyük maarifçilik edir, mən qəzetinizin bütün əməkdaşlarına çox sağ ol deyirəm. Bütün vicdanlı insanlar bu qəzetin yaşamasına kömək etməlidirlər.

– Səndən sonra başqa gənc fəallar da həbsə atıldı. Hökumət bununla qorxu yaratmaq istəyir. Sən bu sınaqdan çıxan adam kimi nə deyə bilərsən, bacarırlarmı?
– Ilk növbədə həbsdəki vicdan məhbus həyatı yaşayan dostlarımıza – “Nida”çılara, cəbhəçilərə, müsavatçılara, dindar qardaşlara azadlıq arzulayıram. Onların da azadlığa çıxacağı gün uzaqda deyil. Vicdan məhbusları əslində indiki harın məmurların yerinə həbs çəkir. Bu, ədalətsizlikdir və belə davam etməyəcək.
Hakimiyyətin azca düşüncəsi olsa bilər ki, bu qanunsuz həbslər cəmiyyətdə onlara qarşı hiddəti daha da artırır. Bu həbslər qorxu yaratmır, əksinə, çox insanın canından qorxunu çıxardır. Həbslər artıq çoxdan adiləşib. Bəs bu həbslərlə nəyə nail olurlar? Hə, tutaq ki, biz ailəmizdən uzaq düşürük, azadlığımız məhdudlaşır, axı bir ucdan da buna görə bizim müdafiəçilərimiz artır. Günahsız yerə həbsə düşən hər kəsin ailəsi, yaxınları tərəddüddən qurtarıb birmənalı olaraq müxalifəti dəstəkləyir, hakimiyyətə nifrət edir.

– Sabah mitinqdi. Tural harda olacaq?
– Təbii ki, ən öndə. Bu mitinq mənim üçün sürpriz oldu.  Bütün dostları meydanda salamlamağın öz ləzzəti var.

Natiq Güləhmədoğlu