Azərbaycanın neft platformasında partlayış

Bulla adasında neft platformalarından birində partlayış olub. Bu barədə Neftçilərin Hüqularını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "facebook" səhifəsində məlumat yayıb. O, partlayışın avqustun 17-də 90-cı platformada baş verdiyini bildirib.

Mirvari Qəhrəmanlı "Azadlıq"a açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə dəqiq məlumatı yoxdur: "Dolğun informasiya əldə etməyə çalışıram. Bəzi dəqiqləşdirmələr apararıram".
Hüquq müdafiəçisi hadisə yerində çəkilmiş fotonu da "Azadlıq"a təqdim edib.
Dövlət Neft Şirkətinin saytında isə hadisə barədə belə məlumat verilib: "Bulla-dəniz" yatağında avqustun 17-i saat 23:30-da kəşfiyyat-qiymətləndirmə işləri zamanı qaz fontan vurub və yanğın baş verib. Platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb".
ARDNŞ həmçinin baş vermiş hadisənin səbəblərinin araşdırıldığını bildirib.
M.Qəhrəmanlı isə hadisə barədə Dövlət Neft Şirkətinin məlumatını şübhə altına alır. Hüquq müdafiəçisinin sözlərinə görə, ən azı, hadisənin başvermə vaxtı ARDNŞ-in məlumatında dəqiq deyil. Hadisə 23:30-da yox, 21:15-də baş verib.