Avropa Birliyi Misirlə bağlı bəyanat yaydı

Təşkilat Misirlə əlaqələrinə bir daha baxacaq
 

Misirdə hökumətə qarşı keçirilən etirazlar çox saylı zorakılıq faktları ilə müşayət olunmaqda davam edir. Sinay yarımadasında bir qrup fəal yanğınsöndürmə briqadasının dayanacağına hücum edib. Nəticədə bir neçə yanğınsöndürən maşın yandırılıb. Polis insan itkisi olmadığını bildirib. Ümumiyyətlə isə son 3 gündə ölkədə baş verən zorakılıqlar nəticəsində 700-dən çox insanın öldürüldüyü deyilir.
Uzun müddətdir davam edən zorakılıqlar və bu hadisələrə beynəlxalq aləmin münasibəti yeni hökuməti xalqa çağırış etməsinə sövq edib. Ölkədə davam edən zorakılıqlara münasibət bildirən prezident Ədli Mənsurun müşaviri Mustafa Həqazi çıxışı zamanı xalqı çətinliklərə sinə gərməyə və demokratik Misirin yaradılmasında dövlətə dəstək olmağa çağırıb.
Prezident müşaviri, Mustafa Həqazi deyib: “Misir zəif ölkə deyil. Biz heç kimin peyki də deyilik. Misir hökuməti baş verən hadisələri sərbəst şəkildə müşahidə və təhlil edir, lazım olanda isə, konkret addımlar atır. Hökumət ekstrimizmə, terrorizmə qarşı mübarizə aparacaq. Ya təhlükəsizlik qüvvələri vasitəsilə, ya da insan haqları çərçivəsində zorakı qüvvələrə qarşı tədbirlər görüləcək. Misir xalqı indi həmişəkindən daha çox və daha möhkəm şəkildə birləşməlidir. Biz vahid düşmənə qarşı birləşməliyik”.
O çıxışında həm də Misir hökumətinin ölkədə tezliklə demokratik keçidi təmin edəcəyini bəyan edib. Ölkənin baş naziri Həzim Əl-Bəbləvi isə çıxışı zamanı xalqı ümummilli barışığa çağırıb.
“Bizim məqsədimiz təhlükəsizlik dövləti yaratmaq deyil. Biz fundamental missiya olaraq həmrəyliklə qəbul olunmuş konstitusiyası olan demokratik dövlət yaratmaq istəyirik. Biz barışıq istəyirik. Lakin əli qanlı olanlarla heç bir barışıq olmayacaq. Öz dövlətinə və millətinə qarşı silah qaldıranlar buna görə mütləq cavab verəcəklər”, – deyə Həzim Əl-Bəbləvi bildirib.
Baş nazir çıxışında həm də dövlətin seçkilərdə daxili və xarici dövlət təşkilatlarının müşahidəçiliyi ilə möhkəmlənməli və konstitusiyanı yazılmasında hər kəsin iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Bu arada Avropa Birliyi Misirlə bağlı yazılı bəyanat yayıb. Təşkilat, yaxın günlərdə Misirdə baş verən hadisələrlə bağlı bu ölkə ilə əlaqələrinə yenidən baxacağını elan edib.
Avropa Şurasının və Avropa Komissiyasının sədrləri Herman Van Rompuy və Joze Manuel Barrozonun imzası ilə yayımlanan bəyanatda tərəflər zorakılıqdan çəkinməyə və qan tökülməsinin qarşısını almağa çağırılıb. “Bununla bağlı olaraq, Avropa Birliyi yaxın günlərdə Misirlə əlaqələrinə bir daha baxacaq və zərurət yaranarsa lazımi tədbirlər görəcək”,- deyə bəyanatda bildirilir.
Misirdəki gərginlik isə artıq qonşu ölkələrə də təsir etməyə başlayıb. Dünən Misirin Liviyanın Benqazi şəhərindəki konsulluğu yaxınlığında bomba partladılıb. Hücum binanın divarı və yaxınlıqdakı maşınları zədələyib. Hücumun arxasında kimin durduğu bəlli deyil. Israildə minlərlə ərəb Məhəmməd Mursinin şəkilləri və Misir bayraqları ilə nümayiş keçirib. Tunisdə Misir səfirliyi qarşısına toplaşan insanlar Misirdə nümayişçilərə divan tutulmasını qınayıb. Türkiyənin Istanbul və Ankara şəhərlərində Misir nümayişçilərinə dəstək aksiyası keçirilib. Indoneziya və Malayziya müsəlmanları Misir hökumətinin nümayişçilərə qarşı gücdən istifadə etməsini pisləyib.
Dünən “Müsəlman qardaşları”nın Qahirədə keçirməli olduğu aksiyalar təxirə salınıb. Islamçılar Konstitusiya Məhkəməsinin qarşısına və şəhər ətrafından kənarda Misr Əl-Qədidə rayonundakı meydanların birinə mitinq təyin etmişdilər. Hər iki aksiya təxirə salınıb. “Müsəlman qardaşları” bu qərarı təhlükəsizlik xəbərdarlığına riayət etmələri ilə əsaslandırıblar.