“Ölkədə sosial partlayış baş verə bilər”

«Hakimiyyət xalqa münasibətdə etimad limitini xərcləyib»

Vidadi Mirkamal: «Müxalifəti gücdən salmaqla hakimiyyət çox böyük səhvə yol verir»

Seçki günü yaxınlaşdıqca hakimiyyət ənənəvi metodlarını işə salaraq demokratik qüvvələrin fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır. Əminliklə qeyd etmək olar ki, ölkədəki hazırkı seçki öncəsi situasiya ilə normal seçki keçirmək mümkün deyil. Müsahibimiz Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal ilə söhbətimizə seçki öncəsi durumu dəyərləndirməklə başladıq.

– Əslində ölkədə seçki öncəki durum əvvəlcədən proqnozlaşdırılırdı. Hakimiyyət yenə öz namizədi ilə seçkilərə qatılıb. Sadəcə olaraq hazırda Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun pasport probleminin həlli məsələsi seçki öncəki duruma bir qədər fərqlilik qatıb. Əlbəttə, baş verənlər düşündürücüdür. Amma yenə də prezidentə yarınmaq istəyənlər öz namizədliklərini irəli sürüblər. Azərbaycan hakimiyyəti xalqa münasibətdə öz etimad limitini xərcləyib. Ölkə korrupsiya və rüşvət içərisində boğulur. Bu vəziyyəti yaradan da ölkə başçısı və ona yaxın olan dairələrdir. Ona görə bu hakimiyyətin demokratik seçki keçirmək niyyəti yoxdur və olmayıb. Bundan başqa, beynəlxalq mediada hazırkı hakimiyyətin korrupsiya əməlləri barədə məlumatlar hamıya məlumdur. Artıq Azərbaycanın neft pullarının göyə sovrulması, xalqın problemlərinin həllinə xərclənmədiyi sübuta ehtiyacı olmayan faktlardır. Sosial durumun ağırlığı, problemlərin həll olunmaması hakimiyyətin islahatlar aparacağına inamı sarsıdır. Ona görə də əhali hakimiyyətin yürütdüyü siyasətdən narazıdır.

– Nərimanov bələdiyyəsi Milli Şuranın Təşəbbüs Qrupunun iclasının protokolunu möhürlə təsdiqləməkdən imtina edib. Halbuki qanunvericiliyin tələbinə görə, bu, zəruri haldır. Hüquq Komissiyasının sədri kimi baş verən olayı necə qiymətləndirirsiniz və Milli Şura olaraq bu istiqamətdə hansı addımları atmağı planlaşdırırsınız?
– Hakimiyyət öz fəaliyyətini hüquqi nihilzm əsasında qurub. Hakimiyyət orqanları hüquqları kobud şəkildə pozmaqla ölkəni idarə edirlər. Dövlət strukturları və bələdiyyələr yalnız yuxarıdan göstəriş ilə fəaliyyət göstərirlər. Ölkədəki məhkəmələr də eyni cür fəaliyyət göstərir və müstəqil mövqe nümayiş etdirmirlər. Ona görə ölkədə normal mühitdə hakimiyyətlə mübarizə aparmaq çox çətindir. Ona görə biz beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərimizdə, bəyanatlarımızda dönə-dönə vurğulayırıq ki, hakimiyyət heç olmasa özünün qəbul etdiyi qanunlara hörmətlə yanaşsın. Amma bu addım da atılmır. Hüquqa bu cür münasibət davam edərsə, ölkədə sosial partlayış baş verə, Azərbaycan inqilabi həddə çata bilər. Biz bunu arzu etmirik. Amma hakimiyyətin bütün davranışları bu ssenarinin reallaşmasına aparır. O ki qaldı bələdiyyənin Milli Şuranın Təşəbbüs Qrupunun iclasının protokoluna imza atmamasına, bu, kobud hüquqi pozuntudur və bununla əlaqədar biz gərəkən tədbirləri görməliyik.

“Hakimiyyət öz siyasi rəqiblərini şər-böhtan, təhqir ilə sıradan çıxarmağa çalışır”

– Uzun müddətdir ki, hakimiyyət təmsilçiləri bəyan edirdilər ki, Demokratik Qüvvələrin Milli Şurası Rusiya ilə çox sıx bağlıdır və bu təşkilatın yaradılması Kremlin proyektidir. Amma Putinin səfəri zamanı deyilənlərin reallıqdan uzaq olduğu meydana çıxdı və açıq şəkildə göründü ki, əslində hazırkı hakimiyyət Rusiyanın layihəsidir. Amma elə Rüstəm Ibrahimbəyovun pasport probleminin həll edilməməsi Milli Şuranın nəinki Rusiyanın, heç bir dövlətin proyekti olmadığını təsdiq etmirmi? Bu kontekstdən baş verənlərə necə qiymət verərdiniz?
– Bu hakimiyyət öz siyasi rəqiblərini şər-böhtan, təhqir ilə sıradan çıxarmağa çalışır. Bu da hakimiyyətin arqumentsiz olmasının təzahürüdür. Rusiyanın proyekti olan bu hakimiyyət müxalifəti Kremllə əməkdaşlıqda günahlandırır. Hətta “milyarderlər ittifaqı”nın Azərbaycanda çevriliş hazırladığı fikrini formalaşdırmağa çalışır. Hakimiyyətin bu təbliğatı yalnız daxilə yönəlib və proseslərlə maraqlanmayan şəxsləri aldada bilər. Azərbaycanın əksər əhalisi bilir bu rejim yalan və böhtan üzərində qurulub. Milli Şuranın Rusiya ilə əməkdaşlıq etməsi təbliğatı əvvəlcədən yalan üzərində qurulmuşdu. Bütün dünya hakimiyyətin hansı formada təbliğat apardığını gözəl bilir.

– Putinin səfəri reallaşmamamışdan öncə hakimiyyət bəyan edirdi ki, Rusiyadan Azərbaycana ciddi təhdidlər var. Hakimiyyət təmsilçiləri hətta vurğulayırdılar ki, Rusiya Azərbaycanın suverenliyinə qəsd etmək istəyir. Amma Putinin səfəri reallaşdıqdan dərhal sonra bu təbliğat dayandırıldı. Nə baş verdi ki, hakimiyyət ritorikasını dəyişdi?
– Bütün baş verənlər hakimiyyətin daxilə hesablanmış siyasətidir. Əslində bununla əhalinin başını aldatmaq olmaz. Hakimiyyət ətrafında olanlara bununla mesaj verməyə çalışır. Görünür ki, hakimiyyət bu siyasəti ilə müəyyən xarici qüvvələri şantaj etməyə çalışır. Digər tərəfdən, bu siyasət ona da hesablana bilər ki, hakimiyyət ondan istənilənləri verməyə özünə bəhanə qazansın. Biz yalnız fərziyə irəli sürə bilərik ki, Rusiya ilə münasibətlərin normalaşdırılması Azərbaycan dövlətinə hansı məhrumiyyətlər hesabına başa gəlib. Əslində baş verənlər Azərbaycanın dövlət, milli maraqlarına ziddir.

“Mülkiyyət hüququ pozulanların haqqlarını bərpa edəcəyik”

– Ötən müddət ərzində vətəndaşların mülkiyyət hüququ ilə bağlı pozuntular yenidən gündəmin əsas mövzusuna çevrilib. Mülkiyyət hüququ pozulan vətəndaşlar evlərindən kobud şəkildə çıxarılır, onlara verilən kampensasiyalar isə real bazar qiymətindən xeyli aşağıdır. Milli Şura bu problemlərin həll edilməsi istiqamətində hansı addımları atmağa planlaşdırır? Hakimiyyət dəyişikliyi baş verərsə, vətəndaşların pozulan hüquqlarının bərpası uğrunda gələcəkdə Milli Şura hansı addımları atmağı düşünür?
– Hər bir halda hakimiyyətə qarşı mövqe qoyan qüvvə ölkədəki narazı elektoratın nəbzini tutmağa bacarmalıdır. Narazı elktorat deyəndə isə bu insanlar yalnız bir səbəbdən hakimiyyətdən küskün düşməyiblər. Onları narazı edən müxtəlif səbəblər var. Bu səbəblər sırasında hakimiyyətdən bu və başqa formada narazı düşənləri, sosial cəhətdən təmin olunmamışları, evləri əllərindən alınanları göstərmək olar. Bütün bu təbəqələr cəmiyyətin narazı elektoratını təşkil edir və hər ötən il bu insanların sayı durmadan artır. Bu da hakimiyyətin yürütdüyü siyasətlə bağlıdır. Əgər hakimiyyət dəyişikliyi baş verəcəksə, mülkiyyət hüququ pozuòlanların hüquqları bərpa olunmalı və onlara verilmiş kompensasiyaların miqdarı bazar qiyməti ilə uyğunlaşdırılmalıdır. Çünki hüquqları pozulan şəxslərə ödənməli olan kompensasiya dövlət tərəfindən onlara verilmiş vəsaitdən 4-5 dəfə yüksəkdir. Bu mənada insanları aldadır, onların əllərindən mülkiyyətlərini alırlar. Ona görə hakimiyyətə gələn yeni qüvvə, əlbəttə, cəmiyyəti narahat edən problemlərin sırasında bu məsələnin də yubatmadan həllini reallaşdırmalıdır.

– Hakimiyyət belə fikir formalaşdırmağa çalışır ki, guya ölkədə gedən bütün proseslərə nəzarət edir və ölkədə heç bir narazılıq yoxdur. Amma reallıqda isə cəmiyyətdəki durum, ab-hava tamamilə başqadır. Əslində Milli Şuranın 18 avqust mitinqi bu fonun dağıdılması üçün ciddi addım olacaq. Gələcəkdə hakimiyyətin qurduğu fonun dağıdılması istiqamətində hansı addımları atmağı düşünürsünüz?
– Birincisi, görünən dağa bələdçi lazım deyil. Beynəlxalq təşkilatlar, Azərbaycan cəmiyyəti gözəl bilir ki, Azərbaycanda real durum necədir. Beynəlxalq təşkilatların təmsilçiləri ilə müzakirələrimizdə əgər biz ölkədə baş verənlərlə bağlı bir şey deyiriksə, onlar beş arqument əlavə gətirirlər. Ona görə Azərbaycanın daxilindəki vəziyyət, yürüdülən yanlış siyasət barədə beynəlxalq aləmdə kifayət qədər məlumat var. Azərbaycan cəmiyyəti də heç zaman hakimiyyətin yürütdüyü siyasətə inanmayıb və indi də bu yürüdülən siyasət gözlənilən effekti vermir. Yəni hakimiyyət nə qədər çalışsa da, istədiyi təbliğati effektə nail olmayacaq. Hakimiyyət sadəcə olaraq qorxu, xofla idarəçiliyini davam etdirməyə çalışır. Hakimiyyət hər zamankı ənənəvi siyasətini davam edirir. Əslində Azərbaycan cəmiyyəti hakimiyyətin yürütdüyü siyasət nəticəsində bu duruma düşüb. Ona görə hakimiyyət nə qədər bəyan etsə ki, ölkədə narazılıq yoxdur və insanlar onların yürütdüyü siyasətdən razıdır, buna inanan olmayacaq. Əgər hakimiyyətin sosial siyasəti pis vəziyyətdədirsə, təhsil və səhiyyə hər ötən gün bərbad duruma düşürsə, əhali iqtidardan necə razı ola bilər. Əhalinin hazırkı durumda fəal etiraz etməməsinin səbəbi hakimiyyətin yaratdığı xofdur. Son zamanlar həbslərin çoxalması, hakimiyyətin müxalifətin daxilindəki tərəfdarlarını işə cəlb etməsi heç də təsadüfi deyil. Amma əslində müxalifəti gücdən salmaqla hakimiyyət çox böyük səhvə yol verir. Müxalifət az-çox insanların narazılığını ifadə edir. Müxalif institutların sıradan çıxarılması təhlükəli tendensiyadır.

Xəyal