Tanınmış köşə yazarlarımızdan biri ilə oturub ucuz çaydan içirdik. Bu o çayxanadı ki, jurnalistlərin bir neçəsini burdanca şərləyib aparıblar. Dostum gəlib çatan kirayə haqqını verə bilməməkdən və bacısının təcili əməliyyatı üçün 2000 manat tapmalı olduğundan danışır, aranı dağa, dağı arana daşıyır, ancaq ortaya bir şey çıxara bilmirdi ki, bilmirdi.
Bu vaxt ucaboy bir bəy masamıza yanaşdı, əvvəlcə dostumla əlli ilin tanışı kimi görüşdü, sonra məni adımla salamladı, ərklə əyləşib iri avtomobil açarını, bahalı telefonunu masaya atdı. Adamın üzü tanış gəlirdi, kimdisə simsardı. Ancaq lənətə gəlsin illərin umudsuzluğu içində korşalan hafizəm!
Hə, keçmiş cəbhəçiymiş. Daha doğrusu, indi də cəbhəçidi. Ancaq daha hadisələrin mərkəzində görünmür…
Bizim köşələrimizdən ürək dolusu danışdı. Dostumun az yazmağından gileyləndi. “Biz sizin yazılarla nəfəs alırıq, – dedi. Yazın, qadanızı alım, yazın…”
Adam çıxıb gedəndən sonra dostumun gözü yaşarmışdı. “Görürsən, yaşamağa dəyər. Heç nəyimiz olmasa da, barı bu var…”
– Keçmiş həmkarımız “X” da mənə deyir ki, sən elə belə qal, sən ancaq bu cür dəyərlisən, – qayıdıb kövrəlmiş dostuma dedim, – bilirsən də, indi onun əli pulnan oynayır.
Elə bil dostuma güllə vurdular:
– Əşşi, cəhənnəm olsunlar, hərəsi özünə bir yanda dolanışıq yeri tapıb, hamısı da deyir, yazın, elə belə qalın, bizi də yaşadın, ancaq biri bir dəfə gəlib soruşmur ki, ay filankəs, sən necə yaşayırsan? Milan Kunderanın “Var oluşun dözülməz yüngüllüyü”ndəki Tomaş yadındadı da… Danışanda kafir deyib bəyənmirik avropalıları…
***
Bugünlərdə Seymur Həziylə yenicə çayımızı içməyə başlamışdıq ki, yanaşı masaya üzdən 45-50 yaş göstərən bir kişi oturdu. Özünə pivə gətirdib, tələsmədən udumlamağa başladı. Iztirablı üzü adamda etimad doğursa da, hiss etdim ki, diqqəti bizdədi. Ilan vuran ala çatıdan qorxan kimi, mən də arxamı kişiyə çevirib əyləşdim. Siyasi gündəmi bir-iki cümləylə bitirəndən sonra Seymur əsgərlik xatirələrindən danışmağa başladı. Könlümüzdən pivə keçsə də, ikimiz də bu istəyi israrla gizlətdiyimiz vaxt məlum oldu ki, bizdən bir az imkanlı dostumuz gəlir, onda dərhal “adama bir-iki parç içə bilərik” qərarı verdik. “Atışarıq…”
– Sən Seymur Həzi deyilsən? – adam qəfildən yanaşı masadan dilləndi, ikimiz də ona sarı çevrildik, – bağışlayın, söhbətinizə mane də oluram…
Sonra uzun bir söhbət. Adam dövlət məmuruymuş və hər birimizi hər gün oxuyurmuş. Ağzından od tökülürdü. Bizim onları yaşatdığımızı deyirdi o da… Sağollaşıb getdi. Getməmişdən ona dedim: “Əslində cəmiyyəti dağılmaqdan qoruyan sizin kimi üzdə görünməyən insanlarımızdı”.
Yeni gələn dostumuzu görüb ürəklənmişdik. Masaya qarpız, motal pendiri gəldi. Bir az ürkək halda ofisiantdan soruşduq: “Hesabımız nə qədər olar?”
“Uzağı beş manat” – cavab verdi.
“Ola blməz, get, dəqiq öyrən” – bizim bildiyimizə görə azı 20 manat olacaqdı. Oğlan qayıdıb gəldi, “Üç manat”, – deyəndə dəli olduq, bu uşaq bizi ələ salırdı yoxsa?.. Sən demə, o adam hesabımızı verib gedibmiş…
“Eh, heç olmasa adını da soruşmadıq…”
***
Dörd iş yoldaşı bir bazar günü ərzağımızı alıb rayonlardan birinə yola düşdük. Özümüzü çay qırağına verdik, dedilər, burda tonqal qalaya bilməzsiz, həndəvərdəki kafe yiyələri o dəqiqə sizi şeytanlayacaq, FHN gəlib yediyinizi zəhər eləyəcək. “Cəhənnəmə” dedik, meşənin içində yiyəsiz qalmış bir kafenin az qala xarabalığında əyləşib polisi, FHN-i gözləyə-gözləyə canımızdan şəhərin zəhərini çıxarmağa başladıq.
Bir xeyli sonra “bizim” kafemizlə yanaşı olan ailəvi istirahət mərkəzi tərəfdən iki kişi yaxınlaşıb ?bizim? bulaqdan su içəndə yaxınlaşdım. Bu xaraba kafenin və yanaşı mərkəzin yiyəsiymiş biri. Tanış olduq. Adamın israrlarından sonra köçümüzü Mərkəzə daşıdıq. Universitet müəllimləri, professorlarla tanış olduq, dərdləşdik. Kövrəldik, ürəkləndik. Bizə gecələmək üçün iki otaq verdilər. Qovulmağı gözlərkən bu, nəyin mükafatı idi? Əlbəttə həmin söz: “Yazın, biz sizin yazılarla nəfəs alırıq…”
Qoy mən pafoslu görünə biləcək cümlələrə nöqtə qoyum. Bəs indi, əziz oxucular, sizcə, necə – yaşamağa, yazmağa dəyərmi? Bizim çexlərdən bir əskikliyimiz yoxdu ki, xalq olaraq?..