Sən mütləq orda olmalısan

Vicdanlı insanlar üçün xatırlatma…

İlham Hüseyn

Uzun illər idi ki, cəmiyyətdə müxalifətin birliyi, vahid namizədlə seçkidə iştirak etməsi əsas arqument kimi səslənirdi. Sanki insanlar “müxalifət birləşsin, biz də dəstək olaq” şüarı ilə silahlanmışdılar. Çətinliklə də olsa, müxalifət bu birliyi yaratdı və vahid namizədini seçdi. Kimlərsə bu birliyin ideal olmadığını, namizədin ölkəyə gəlməklə bağlı problemlərinin olduğunu iddia edə bilər. Ancaq bu fikirlər ittiham sayıla bilməz. Çünki müxalifət bu birliyi yaradanda da, namizədini seçəndə də belə bir situasiyanın yaranacağını bilmirdi. Yəni müxalifət müxtəlif güzəştlər bahasına, şəxsi ambisiyadan imtina etməklə, xalqın qınağına müsbət cavab verdi.

“Müxalifət” nə deməkdir?

Tez-tez cəmiyyətdə müxtəlif təbəqələri təmsil edən insanlarla təmasda oluruq. Insanların beyninə belə bir fikir həkk olunub ki, “müxalifət hər şeyi etməlidir”. Əslində bu fikir də hakimiyyətin illər uzunu apardığı təbliğatın nəticəsində meydana çıxıb.
Axı, bu müxalifət kimdir, nədir?
Cəmiyyət anlamalıdır ki, müxalifət fövqəltəbii qüvvə deyil və sehirli çubuğu yoxdur.
Xalq olmadan, müxalifət idarə etdiyi “avtomobil”i mənzil başına çatdıra bilməz. Yalnız o, avtomobilin sükanından yapışıb, qəza ehtimalını azalda bilər. Bizim kimi avtoritar ölkələrdə isə, hakim qüvvə müxalifəti siyasi təsisat kimi qəbul etmir.
Bu gün müxalifət adı hələ də yaşayırsa, bu bir qrup cəsarətli, idealist, fədakar insanların fəaliyyəti nəticəsində mümkün olub.
Yəni müxalifətçilik xalqı əvəz etmək deyil, arxasınca gələn xalqı düzgün istiqamətə yönəltməkdir.
Gəlin səmimi olaq. Bu gün həqiqi müxalifətçiliyi yaşadan insanlar təqiblərə, təzyiqlərə məruz qalır, həbs olunur, zorakılıqla üzləşir, amma öz mövqeyindən geri çəkilmir. Cəmiyyət isə bu insanlardan növbəti qəhrəmanlıq, qələbənin müjdəsini tələb edir. 
Bu nə qədər ədalətlidir, biz bu düşüncəmizlə haqlıyıqmı?
Bu gün müxalifət 300 spartalı kimi meydana atılıb. Ancaq cəmiyyət bu qeyri-bərabər döyüşdə seyirçi mövqe tutub.
“Müxalifət” anlayışının mənası “təklikdə qalib gələn” deyil. “Yalnız xalqla birlikdə qalib gələn”dir.
Müxalifət əsgərdirsə, xalq onun silahıdır. Silahsız müharibə aparmağın nəticəsi isə, göz qabağındadır.

Bəhanələr, köləliyin müqəddiməsidir

Əmin olaq ki, indiki Azərbaycan reallığında, mübarizə aparmaq istəməyən insanın istənilən bəhanəsi, bəraət sayıla bilməz. Çünki bu mübarizə hansısa siyasi liderin karyerası üçün yox, həm də öz ailəmizin təminatı, övladlarımızın etibarlı gələcəyi naminə aparılır. Öz ailəsini fəlakətdən qurtarmamaq üçün bəhanə “istehsal” edən insan cəmiyyət üçün zərərlidir. Bu tipli insanlar əvvəlcə özlərini xilas etməlidilər ki, cəmiyyətin qurulması üçün töhfə verə bilsinlər.
Avqustun 18-də birləşmiş müxalifətin ilk mitinqi keçiriləcək. Bu mitinq həm də bəhanələrə son qoymaq üçün yaxşı fürsətdir. Çünki bu mitinqin qayəsi ölkədə dəyişikliklərin olması, haqsız yerə həbs olunanların azadlığı, şəxsi mülkiyyətin toxunulmazlığı, ölkənin sərvətlərinin talanması, təhsilin və səhiyyənin bərbad vəziyyəti, işsizlik, gənc ailələrin evsizlik problemi, rüşvət, korrupsiya, əsgər ölümləri, cüzi əmək haqqı, məmur özbaşınalığı kimi neqativ halları göz önünə gətirməkdir.
Bu sadalanan faktlarda özünüzü gördünüzmü? Bu halları ölkəmizdə müşahidə ediriksə və bunun əksini istəyiriksə, bəhanə gətirməyə haqqımız varmı?
Bütün anormallıqların aydın şəkildə göründüyü ölkədə, döyüşməmək üçün bəhanə axtarmaq köləliyin nümunəsidir. Mitinq bizim konstitusion hüququmuzdur və biz bu hüquqdan istifadə etməliyik.
Bəlkə, bu mitinq istədiyimiz bir cəmiyyətin qurulması üçün açar rolunu oynadı. Bağlı “qıfıl”a çevrilmiş ölkədə bütün açarları sınaqdan keçirmək vacibdir.

Millət varsa, meydan boş qalmaz

Mövcud sistem təltifləri, fəxri adları o qədər ucuzlaşdırdı ki, qürur duyacağımız adlardan uzaqlaşmağa başladıq. Gözümüzün qarşısında xalqa aid olmayanların, “Xalq artisti”, bu millətə əmək sərf etməyənlərin “Əməkdar artist” olduğunu, xalq içində şöhrəti olmayanların “Şöhrət” ordeni, cəmiyyətdə mənfi reputasiyası olanların “Şərəf” ordeni almasını  müşahidə edirik. Xalq, millət anlayışları müqəddəslikdən imitasiyaya keçdi. Bir vaxtlar azadlığı üçün meydanlara axışan milyonlar 20 il müddətində kiçik komalarına sığışa bildilər. Bu təkcə fiziki olaraq məhdudlaşmaq deyil, həm də mənəvi baxımdan cılızlaşmağa doğru addımlamaq idi. Və bunun göstəricisidir ki, xalq bütün təhqirlərə, rejimin şıltaqlıqlarına, haqqının oğurlanmasına səssiz qaldı.
Bəli, biz kütləviləşməyə yox, fərdiləşməyə başladıq. “Məndən ötdü, qardaşıma dəydi” təfəkkürünün təsəllisi ilə yaşamaq, bizi mənəvi aşınmaya məruz qoydu. Bu gün əhalinin böyük əksəriyyəti mövcud idarəçilikdən narazıdır. Ancaq bu narazılığın ifadəsi, ürəyimizin həcmi boyda ifadə olunur. Narazı kəsimin öz etirazını bildirməsi üçün nəzərdə tutulmuş meydan boş qalırsa, deməli, biz millət ola bilmirik.
Bütün bəlaların başlanğıcı kimi rejimi qınasaq da, bu bəlanın hələ də davam etməsi bizim millət ola bilməməyimizdən qaynaqlanır. “Millət” adını yaşada bilmədiyimiz üçün, fərdə çevrilib rejimin qurbanı oluruq.
“Bu millət düzələn deyil” ifadəsini işlədəndə kimi nəzərdə tuturuq? Cəmiyyətdə bu fikrə tez-tez rast gəlirik. Hamı millətdən narazıdır, bəs millət kimdir? Əgər ölkədə hamı “bu millət düzələn deyil” deyirsə, deməli, hamı millət deyəndə özünü nəzərdə tutmur. “Bu millət düzələn deyil” deyənlər, özləri meydanda olsa, rejim həmin an çökər.
Gəlin, bu dəfə meydanı boş qoymayaq. Axı biz MILLƏTIK.

Hamıya qarşı olan təhdidi, hamılıqla dəf etməliyik

Bir ölkədə sosial ədalət yoxdursa, məhkəmə sifarişli qərar çıxarırsa, rüşvət tüğyan edirsə və bu hallar rejimin  mahiyyətidirsə, deməli, heç kim sığortalanmayıb. Dindar da, dinsiz də, qadın da, kişi də, uşaq da, yaşlı da eyni eybəcərliklərin qurbanı olmağa məhkumdur. Yəni bizi təhdid edən “əjdaha” bir nəfər qurbanla kifayətlənmir. Hər gün yeni qurban istəyir və hamımıza növbə çatacaq. Deməli, xilas yolu hamılıqla “əjdaha”nın üstünə yeriməkdir. Hətta bu qurbanların içində bir-birini sevməyənlər varsa belə, xilas üçün birgə mübarizə vacibdir.
Xilasımızı kütləvi aksiyalardan başlaya bilərik. Çünki mitinq təkcə siyasilərin tribunası deyil, həm də xalqın özünüifadə məkanıdır. Avqustun 18-də bu ölkənin və özümüzün taleyinə biganə qalmadığımzı, əsl insan kimi yaşamaq istədiyimizi sübut edək.
Bütün təhdidlərə son qoyulsun. Ölkənin tarixində yeni bir səhifə açaq və xilas olaq.