Rusiyadan Azərbaycana Ermənistan şərti

Cəsur Sümərinli: «Azərbaycana satılan silahların Ermənistana qarşı yönəldilməyəcəyi ilə bağlı şərt var»

Rusiya prezidenti Putinin Bakıya səfəri zamanı ölkə başçısı Ilham Əliyev iki ölkə arasında hərbi-texniki əməkdaşlığın sürətlə inkişaf etdiyini və hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu bildirib. O da məlumdur ki, Azərbaycan hərbi qüvvələrinin ləvazimatının 60 faizini məhz Rusiyadan alır. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın hərbi və siyasi müttəfiqi olan Rusiyanın ölkəmizə satdığı silahların təyinatı və keyfiyyəti ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Bəs Ermənistanla müharibə başlayacağı təqdirdə Rusiyadan alınan silahlar Azərbaycanın köməyinə çatacaqmı?
“Doktrina”ÿHərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsurÿ Sümərinli Rusiyadan alınan silahların müasir olub olmaması ilə bağlı mübahisəli məqamların olduğunu deyir. Bu silahlar barədə rəsmi məlumat yoxdur.
Ekspertin sözlərinə görə, son iki il ərzində rəsmi Moskva tərəfindən Bakıya satılan silah və hərbi texnikaların qiymətləri şişirdilib. Rusiya da Azərbaycanın maliyyə vəsaitlərinin bu silahların alınmasına yönəldilməsində maraqlıdır.
Ekspert hesab edir ki, silahların keyfiyyəti və onların alınmasının kim tərəfindən təşkil olunması, eyni zamanda bu qədər silahın Azərbaycanın nəyinə lazım olması ilə bağlı rəsmi məlumat yayılmalıdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitindədir və bu silahlar Ermənistana qarşı istifadə oluna bilər. Aydındır məsələdir ki, Rusiya Ermənistana qarşı istifadə olunacaq silahları Azərbaycana satmaz. Eyni zamanda bu silahların Ermənistana qarşı yönəldilməyəcəyi ilə bağlı şərt də var. Belə bir vəziyyətdə Azərbaycan bu silahları kimə qarşı alır?”.
C.Sümərinlinin sözlərinə görə, Azərbaycanın Rusiyadan bu silahları alması korrupsiya məqamları ilə zəngindir. Məmurlar daha çox şəxsi maraqlarını güdür: “Hesab etmirəm ki, bu silahların alınması Azərbaycanın hərbi quruculuq strategiyasının tərkib hissəsidir. Çünki NATO standartlarına uyğun silahlı qüvvələr qurulursa, bu vəziyyətdə Rusiya silahlarına bu qədər vəsaitin xərclənməsinə ehtiyac yoxdur”.

Fizzə