REAL hərəkatı hakimiyyətə, cəmiyyətə və beynəlxalq aləmə səsləndi

Avqustun 17-də REAL hərəkatının bəyanatı yayılıb. Bəyanatda deyilir:

– Son zamanlar Rusiyanın imperiya ambisiyaları xüsusi qabarıq şəkildə özünü büruzə verir və daxili siyasi proseslərimizdə bu xarici dövlətin adı geniş hallandırılır. Biz ölkə vətəndaşlarının və siyasi qüvvələrin bir daha nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan iki əsr müddətində Rusiyanın müstəmləkəsi olub, bu ölkənin işğalı nəticəsində özümüzü varisi saydığımız ilk cümhuriyyətimizin varlığına son qoyulub. Rusiyanın imperiya ambisiyaları həmçinin Cənubi Qafqazda separatizmin və qarşıdurmaların da yaranıb güclənməsinin əsas səbəblərindən olmaqla bölgənin normal inkişafı qarşısında ciddi maneəyə çevrilib.

Xüsusi qeyd etmək istəyirik ki, problem qətiyyən Rusiya dövləti və xalqı deyil, məhz bu dövlətin müxtəlif dövrlərdəki hakimiyyətlərinin avtoritar mahiyyətindən doğan imperiya ambisiyaları olub. Biz qəti şəkildə əminik ki, demokratik quruluşlu Rusiya Azərbaycan Cümhuriyyətinin ən yaxın dostlarından biri olmaq potensialına malikdir. Lakin Rusiyanın imperiya ambisiyaları durduqca bunun həm istiqlalımıza, həm də ərazi bütövlüyümüzə ciddi təhlükə olduğu unudulmamalı, Azərbaycan dövləti istiqlalını qoruyub möhkəmləndirmək üçün bütün imkanlarını səfərbər etməlidir.

Təəssüf ki, Azərbaycanda hakimiyyətin avtoritar mahiyyəti, mənbəyinin birbaşa xalq olmaması, rejimin öz maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutması dövlətimizi bu xarici təhlükə qarşısında zəif bir duruma salır, həyati maraqlarımızın, strateji inkişaf perspektivlərimizin belə güzəşt predmetinə çevrilməsinə səbəb olur. REAL bəyan edir ki, bu təhlükələrin qarşısının alınmasının yeganə yolu ölkədə xalqla hakimiyyətin vəhdətini təmin etməkdən keçir. Biz israr edirik ki, istiqlalımıza mövcud olan təhlükə qarşısında möhkəmlənməyimiz həmçinin Avroatlantik məkana inteqrasiya ilə sıx surətdə bağlıdır. Məhz belə bir inteqrasiya istiqlalımızın qarantına çevrilib, dönməzliyini təmin edəcək güclü fundament yaratmaq iqtidarındadır. Ölkənin demokratikləşməsi və xalqın seçiminin hakimiyyətin formalaşma prinsipinə çevrilməsi Avroatlantik məkanın əsas dəyərlərindən olmaqla bu inteqrasiyanın mühüm şərtlərindəndir. Fəqət hökumətimizin səhv siyasətli, prioritetləri düzgün seçməməsi ölkəmizin Avroatlantik məkana inteqrasiya məsələsində də Cənubi Qafqaz qonşularından geriyə qalmasına səbəb olub.

Bütün bunları nəzərə alaraq REAL hakimiyyəti inadından əl çəkib ölkənin demokratikləşməsi istiqamətində adekvat addımlar atmağa çağırır. Nicatımız demokratik seçkilərdir.

Həmçinin REAL ölkədəki digər siyasi qüvvələri bu həssas məqamda diqqətli olmağa, şimal qonşumuzun imperiya ambisiyalarının toruna düşməməyə çağırır.

REAL Qərb ölkələrinin siyasətçilərinə də xitab edir ki, dəyələr maraqların qurbanına çevrilməməlidir. Onlar bəyan etdikləri dəyərlərin daşıyıcıları kimi ardıcıl və prinsipial olmalıdırlar. Dəyərlərin hətta müvəqqəti güzəşt edilməsi sonda maraqların da ciddi zərər görməsinə yol açan qeyri-praqmatik addımdır.