İslamçılar isə bu rəqəmin 3000-dən çox olduğunu deyirlər
Türkiyə səfirini, ABŞ isə vətəndaşlarını geri çağırdı
Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 638-ə çatıb. Açıqlamanı Misirin Səhiyyə Nazirliyi yayıb. Onlardan 43-nün polis olduğu bildirilir. Səhiyyə Nazirliyi onu da bildirib ki, iğtişaşlar zamanı 3994 insan yaralanıb.
Qeyd edək ki, Misir DIN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb. Islamçılar isə polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.
Misir polisi Qahirədə “Əl-Iman” məscidinə də hücuma keçib.
Xəbərə görə, “Müsəlman qardaşlar”ın Rabiə əl Ədəviyyə meydanındakı düşərgəsi dağıldıqdan sonra onlar məhz adıçəkilən məsciddə toplaşıblar. Bundan əvvəl bildirilmişdi ki, “Müsəlman qardaşlar” hərəkatının nümayəndələri bu məscidə şəxsiyyəti məlum olmayan 260 meyit gətiriblər.
“Polis məscidi mühasirəyə alaraq içəri gözyaşardıcı qaz buraxıb. Biz oranı tərk etdik, onlar da məscidə daxil oldular”, deyə olayların şahidi bildirib.
Obama Misirlə birgə hərbi təlimləri ləğv edib
ABŞ Misirlə nəzərdə tutulan birgə hərbi təlimləri ləğv edib. Prezident Barak Obama bəyan edib ki, buna səbəb Misir hakimiyyətinin Qahirədə devrilmiş prezident M.Mursinin tərəfdarlarına qarşı yol verdiyi zorakılıq tədbirləri olub. Obama Misirdə zorakılığın artmasını pisləyib və hakimiyyəti ölkə vətəndaşlarının hüquqlarını qorumağa çağırıb. “ABŞ Misirin müvəqqəti hökumətinin və təhlükəsizlik qüvvələrinin son addımlarını qəti pisləyir”, deyə o bəyan edib.
ABŞ eyni zamanda, vətəndaşlarını Misiri tərk etməyə çağırıb.
Türkiyə Misirdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Misirdəki hadisələrlə bağlı təcili BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. Şuranın Misirlə bağlı iclası Bakı vaxtı ilə bu gecə keçirilməli idi.
Bundan öncə Fransa və Böyük Britaniya BMT TŞ-nın təcili iclasının keçirilməsi tələbi ilə çıxış etmişdi. Bu təşəbbüsə Avstraliya da qoşulub.
BMT Təhlükəsizlik Şurası toplandı
BMT Təhlükəsizlik Şurasının keçirilmiş növbədənkənar toplantısında Misirdə zorakılığa son qoymağa çağırılıb. Bunu Təhlükəsizlik Şurasının sədri Mariya Kristina Perseval bildirib: “Şura üzvlərinin mövqeyi ondan ibarətdir ki, Misirdəki zorakılığa son qoyulmalıdır,ÿtərəflər isə maksimum təmkinlilik nümayiş etdirməlidirlər”. M.Kristina Persevalın sözlərinə görə, Misirdə zorakılığa son qoymağa və milli barışığı tezləşdirməyə dair ümumi arzu var. Iclasın nəticələrinə görə heç bir bəyanat, qərar və ya qətnamə qəbul edilməyib.
“Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləyir”
“Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləməkdədir. Qahirədəki səfirliyimiz bu ölkədə yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır. Çünki vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir”.
Bu açıqlamanı Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O bəyan edib ki, Azərbaycanın Misirdəki səfirliyi baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza toqquşmalar baş verən ərazilərdən uzaq durmağı, artıq ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarına Misirə qayıtmaqdan çəkinməyi tövsiyə edib. Azərbaycanın Misirdəki səfirliyinin məlumatına görə, hazırda bu ölkədə 30-40 soydaşımız qalır. Onlar üçün “qaynar xətt” yaradılıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi isə ölkə vətəndaşlarını Misirdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar bu ölkəyə getməkdən çəkinməyə çağırıb. Nazirliyin məlumatında deyilir ki, artıq turizm firmalarına bu barədə göstəriş verilib(APA).