Milli Şura xalqı meydana səslədi

“Özünüzün və ölkənin taleyinə biganə qalmayın!”

“Əziz Həmvətənlər!
Demokratik Qüvvələrin Milli Şurası 18 avqust 2013-cü il tarixində saat 17:00-da
– azad və ədalətli seçkilər
– siyasi məhbuslara azadlıq
tələbləri ilə mitinq keçirəcək.
Milli Şura ölkədəki vəziyyətlə barışmayan, korrupsiyaya son qoyulmasını istəyən, keyfiyyətli təhsil və səhiyyə arzusunda olan, haqsız həbs olunmuş insanlara dəstək olmaq istəyən,  mülkiyyət hüququ pozulan bir sözlə mövcud hakimiyyətin yarıtmaz siyasəti ilə barışmayan, özünün bu günü, övladının gələcəyinə biganə qalmayan insanları mitinqə çağırır.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb”.

Bu, Milli Şuranın vətəndaşlara avqustun 18-də keçirəcəyi mitinqə çağırışıdır.

Mitinqə necə getməli?

 Mitinq keçiriləcək Ünvan: Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbi.
Mitinqin keçirildiyi ünvana
– “28 May”, “Sahil” metrostansiyalarından və “AzNeft” dairəsindən – 88, 207, 120, 121, 124
– “Elmlər Akademiyası” metrostansiyasından – 5, 193
– “Xətai” metrostansiyasından – 121
– “20 Yanvar” metrostansiyasından – 205
– “Koroğlu” (keçmiş “Əzizbəyov”) metrostansiyasından – 207 nömrəli marşrutlarla
– Badamdar qəsəbəsindən – 34
– Yeni Avtovağzaldan – 5, 137 saylı marşrutlarla gələ bilərsiniz.

Hakimiyyətin mitinq həyəcanı

Hakimiyyət bu mitinqdən çox narahatdır. Ona görə də mitinqə qədər bu və ya başqa bəhanələrlə 11 nəfər müxalifətçi fəal saxlanılıb. Saxlanılanlardan Tehran Musayev (AXCP) 15 sutka, Məmməd İmanlı (AXCP GK) 5 sutka, Elşad Ovçuyev (AXCP GK) 3 sutka, Ceyhun Səfərov (KXCP) 15 sutka, Azər İsmayılov( Müsavat) 5 sutka həbs cəzası alıb.  Vasif Xalıqov (AXCP GK),Qadir Xudabaxşiyev   İslam (El hərəkatı),Orxan Qubadlı (El hərəkatı) barəsində isə, hələ dəqiq məlumat yoxdur. AXCP sədrinin müşaviri Məmməd İbrahim və partiya fəalı İsmixan Fərəcəliyev isə polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Vüqar Vəliyev (AXCP) Akif Səfərov (ACP) Binə Ticarət Mərkəzində vərəqə paylayarkən polis əməkdaşları tərəfindən saxlanaraq, Qaradağ rayon 10-cu polis bölməsinə aparılıblar

İlk mitinqdə 20 mindən çox insan iştirak edəcək

Milli Şuranın mitinq komitəsi aksiyadan bir gün qabaq jurnalistlər qarşısında mətbuat konfransı keçirib. Mitinq komitəsinin rəhbəri Asəf Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, mitinqlə bağlı hazırlıqlar yekunlaşıb və nəticə onu göstərir ki, cəmiyyətdə mitinqlə bağlı yüksək əhval –ruhiyyə hökm sürür: “ Mitinqə üç istiqamətdə təbliğat aparılıb. Bunlardan birincisi, mitinqə sosial şəbəkələr vasitəsilə 60 min nəfərə dəvət edilib. KİV vasitəsilə və Milli Şura üzvlərinin xalqla təması yaradılıb”
Daha sonra Asəf Quliyev bildirib ki onlar BŞPİ-nin İdarəsinin rəisi Səhlab Bağırov, Bakı Şəhər Prokurorluğunun müavini Fazil Həsənəliyevlə görüşüblər: “Görüş zamanı bizə dedilər ki, biz mitinqin təhlükəsizliyini müdafiə edəcəyik. Qalan məsələlər isə bizim səlahiyyətimizdə deyil. Gələcəkdə isə Dərnəgül dairəsində mitinqlərin keçirilməsinə şərait yaradıla bilər. Camaat rahat şəkildə meydana buraxılacaq. Bu il razılaşdırılıb ki, 10 yaşından yuxarı uşaqlar mitinqə girə biləcək. 10 yaşından aşağılar isə jurnalistlər üçün tikilən binanın parkında olacaq”.
 Asəf Quliyev bildirib ki, Əgər marşrutlar işləməsinə maneə yaradılsa, 28 May metrosundan Sahil metrosu da daxil olmaqla camaat rahat şəkildə yürüş edə biləcək və  Səfirliklərlə, beynəlxalq təşkilatlarla əlaqə saxlanılıb ki,  həmin ərazidə monitorinq həyata keçirilsin.
Asəf Quliyev əlavə edib ki,  son iki gündə 11 fəal saxlanılıb. Amma bütün bu hallara baxmayaraq ilk mitinqdə 20 mindən çox insanın iştirakı gözlənilir. Ancaq süni maneələr yaradılmasa, daha çox insanın iştirakı ehtimal olunur.

İlham