ribrahimbeyov-teqdimat

“Prosesi qələbəyə qədər davam etdirəcəyəm”

“Hakimiyyətin yeganə məqsədi odur ki, mən seçkidə iştirak etməyim”

Rüstəm İbrahimbəyov: “18 avqust mitinqi Milli Şuranın demokratiya uğrunda apardığı mubarizədə yeni bir mərhələdir”

Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov gündəmdə olan sualları cavablandırır. R.İbrahimbəyova ilk sualımız isə Milli Şuranın son sessiyasında qəbul olunan qərarlarla bağlı oldu:

– Rüstəm bəy, Milli Şuranın son sessiyasının nəticələrini necə qiymətləndirirsiniz? Avqustun 18-nə mitinq təyin olunmasını və yeni vahid namizədlə bağlı müzakirələri nəzərdə tuturuq.
– Sessiyanın nəticələrini yüksək dəyərləndirirəm. Milli Şuranın mitinq keçirməklə bağlı qərarı lazımlı addımdır. Eyni zamanda mənim sessiyadan öncə Milli Şura üzvlərinə məktubum ünvanlanmışdı. Həmin məktubda mən bir daha vurğulamışdım ki, namizədliyimin qeydiyyatdan keçəcəyinə inanıram və ümidvaram ki, xalq da bu problemin həll olunması ücün öz sözünü deyəcək. 

– Ümumiyyətlə Milli Şuranın növbəti sessiyasına qədər sizin Rusiya pasportu ilə bağlı probleminizin həlli nə qədər mümkündür? Hazırda bu istiqamətdəki durum nədən ibarətdir?
– Bu, problemin həlli Rusiya prezidentindən asılıdır.   Düzdür, bizə bu sənəd o qədər təcili lazımdır ki, Putin
bu addımı vaxt baxımından istisna hall kimi atmalıdır. Yaxın gələcək onun buna gedib-getməyəcyini göstərəcək. 

– Ötən həftə AXCP-nin Ali Məclisi keçirildi və qərara alındı ki, Rüstəm İbrahimbəyovun namizədliyi sona qədər müdafiə olunmalıdır. Əgər bu istiqamətdə problem yaranarsa, yenidən vahid namizəd müəyyən edilsin. Bütün hallarda Milli Şuranı qorunub-saxlanılmalıdır. Eyni zamanda Əli Kərimli Milli Şuraya təklif etdi ki, ikinci namizəd müəyyənləşsin, amma Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemi həllini tapan kimi o, namizədliyini geri çəkməlidir…
– Mən dəstəyə  görə Əli bəyə təşəkkürümü bildirirəm. Milli Şura üzvlərinə müraciətdə bu məsələlərlə bağlı mənim movqeyim öz əksini tapıb. Milli Şuranın vahid namizədi var. Amma bundan belə, kimlərsə öz təşkilatlarının adından  namizədliklərini irəli sürə bilər. Məsələn, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Lalə Şövkət, Rəsul Quliyev, Mirmahmud Mirəlioğlu, Cəmil Həsənli, Mehman Əliyev. Çünki biz indidən gələcəkdə irəli sürəcəyimiz digər əsas namizədimizin adını çəksək,  o şəxsi qeydiyyatdan keçirməyəcəklər.

– Rüstəm bəy, hakimiyyət düşərgəsindən Milli Şura və sizin ünvanınıza bir sıra ittihamlar səslənir. Sizi, hətta erməni lobbisi ilə əməkdaşlıqda belə ittiham edirlər. Bu ittihamlara münasibətinizi bilmək istərdik.
– Mən bu cür agılsız şaiələrə fikir vermirəm.

– Eynulla Fətullayev rəhbərlik etdiyi saytlarda Milli Şuranın Rusiyanın hakim dairələrinin dəstəyi ilə dövlət çevrilişinə hazırlaşdığı ilə bağlı geniş bir yazı dərc etmişdi. Bu ittihamı necə dəyərləndirirsiniz?
– Bu ittihama artıq cavab verilib. Eldar Namazov, Akif Muradverdiyev, Eldar Həsənov, İlham Rəhimov ona tutarlı cavab veriblər. Bu məqalə başdan ayağa yalandır. Eynulla Fətullayev Azərbaycanda xüsusi xidmət orqanları ilə işləyir. Görünür, bu yazı onların tapşırığıdır.

– Yeri gəlmişkən, Putinin Azərbaycana səfərini necə dəyərəlndirirsiniz? Hakimiyyət Milli Şuranı yarandığı gündən Rusiyanın proyekti adlandırırdı. Bu səfər bunun əksini göstərmirmi?
– Bu hakimiyyət özü Rusiyanın proyekti, İlham Əliyev Rusiyanın adamıdır. Putinin Bakıya seçki öncəsi səfəri bunu bir daha təsdiq etdi . Amma buna baxmayaraq iqtidar yaman təşvişə düşüb. Hakimiyyət qorxu içindədir. Biz bu hakimiyyətdən nə tələb edirik? Tələb edirik ki, müxalifətin nümayəndəsi seçkidə iştirak etsin. Hakimiyyət bütün dünyaya bəyan edir ki, Milli Şura ölkədə stabiliyi pozmağa, böhran yaratmağa, dövlət çevrilişi həyata keçirməyə çalışır. Hakimiyyətin bu cür hədəfəinə tuş gəlməmizin səbəbi isə bizim seçkidə iştirak etmək niyyətimizdir. Bu böhtanlara son qoymaq lazımdır. Buna cəmiyyətin kəskin etirazı olmalıdır. Belə bir durumda hansı normal seçkidən söhbət gedə bilər? Hakimiyyət bilərəkdən əhalini qorxudur ki, onlar aktivlik nümayiş etdirərək, müxalifətə səs verməsin.

– Maraqlıdır, hakimiyyət yetkililəri indiyə qədər bildirirdilər ki, Rusiyadan Azərbaycanın suverenliyinə qarşı ciddi təhlükə var. Amma Putinin Bakı səfərindən dərhal sonra bu təbliğat unuduldu…
– Bu, bir daha göstərir ki, hakimiyyətin apardığı təbliğat yalan idi.

– Qarşıdan Milli Şuranın aksiyası gəlir. Bu aksiyanın önəmini necə dəyərləndirərdiniz? Bu aksiya ilə Milli Şura cəmiyyətə hansı mesajları çatdırmaq istəyir?
–  Bu Milli Şuranın demokratiya uğrunda apardığı mubarizədə yeni bir mərhələdir. Demokratik qüvvələr, xalq iradəsini ortaya qoymalı, insanlar öz haqqlarını tələb etməlidirlər. Qələbə sivil mübarizədən, Konstitusiya və qanunlar çərçivəsində aparılan geniş vətəndaş hərəkatından keçir. Və mən də Milli Şuranın sədri kimi bu prosesi sona -qələbəyə qədər davam etdirəcəyəm.

Xəyal Şahinoğlu

.