“Türkdilli xalqların sammiti”, “Türkdilli xalqların zirvə toplantısı” ifadələri həmişə maraqlı fikirlərə sövq edir. Düşünməyə başlayırsan ki, əcəba, doğrudanmı bu xalqları dildən başqa heç nə birləşdirmir?
Həm də beyinlərimizə başqa oxşar ifadələr həkk olunub: “rusdillilər”, “ingilisdillilər”… Burada adətən dil ortaqlığından söhbət gedir, onlar etnik-milli, mədəni ortaqlığı özlərində ifadə etmirlər. Amma türkdilli məsələsi bir qədər başqadır.
Əslində çox sadə demək olardı: türk xalqları… Belə yazılsaydı daha analışıqlı, daha dolğun olardı. Amma yazılmır, deyilmir, çünki millət və dil məsələsi həmişə həm də siyasət olub.
Bir dəfə bir yəhudi aliminin yazısı düşmüşdü əlimə. O, azərbaycanlılar haqqında çox sadə yazırdı: Qafqaz türkləri… Amma biz necə yazırıq? Məsələn, Gürcüstanda yaşayan soydaşlarımızı necə adlandırırıq? Gürcüstanlı azərbaycanlılar!..
Fikir verin, hətta dil də öz estetikasını itirir. Adamın tələffüz edəndə dili dolaşır… Daha sadə demək olmazdımı?
Əvvəllər azərbaycanlıların etnik, milli özünüdərkindən, özünüidentifikasiyasından çox yazdığımızdan bu mövzunun lap əvvəlindən başlamaq istəmirik. Amma elə detallar var ki, onları mütləq qeyd etmək lazım gəlir…
Hər şey həll olmağa doğru gedirdi…
Sovetlərin vaxtında azərbaycanlıların nisgili çox idi. Əlifba məsələsi, dil, millətin adı. Bunların bir qismi öz həllini tapdı. Elə Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən yerli türklərin etnik kimlik məsələsi də böyük bir sıçrayış etdi, özü də çox qısa müddətdə. Ə.Elçibəyin vaxtında dilin adı məsələsi də həll olundu. Dilin adı türk dili oldu.
Amma bu, çox az davam etdi. H.Əliyevin hakimiyyətə gəlişilə çox şeyi yenidən dəyişməyə başladılar. Dəyişən təkcə demokratik dəyərlər deyildi, elə dilin adı da, böyük bir etnosun adı da dəyişdi.
YAP-ın yeni ideologiyası
Indi YAP ideoloqları H.Əliyevi milli siyasətin, yeni bir ideologiyanın – azərbaycançılığın banisi kimi qələmə verirlər. Amma məsələ deyilən qədər də sadə deyil. H.Əliyevin milli siyasət haqqındakı təsəvvürü keçmiş kommunist funksionerinin təsəvvüründən az fərqlənirdi.
Yadımıza gəlir ki, bir dəfə bir görüşdə etnik azlıqlar haqqında söhbət düşmüşdü. H.Əliyev qayıtdı ki, bizdə heç milli çoxluq yoxdur, ondan qala ki, milli azlıq ola!
Bəlkə də bunu kimsə siyasi polemikanın, təcrübəli siyasətçinin sualdan yayınmağının çox incə bir üsulu kimi yozur. Amma biz bunu necə başa düşək? Bəlkə bizdə heç millət də yoxdur?! Nəsə qeyri-ciddi bir şey alınır, elə deyilmi?
Onun üçün orta hədd yox idi
Bədbəxtlikdən Elçibəy hakimiyyətinin də bəzi uğursuzluqlarını milli siyasətlə, türk məsələsilə bağlamağa başladılar. Amma belə idimi? Əlbəttə ki, yox. Sözüsüz ki, Ə.Elçibəy türkçülüyü özünün irrasionallığı ilə diqqəti çox çəkirdi, burada rasional sərhədlər yox idi.
Heç bir prezident özünü digər bir dövlətin prezidentinin əsgəri statusunda görmək istəməz. Amma Elçibəy görürdü… Heç bir dövlətin prezidenti elə yeri gəldi, gəlmədi, “Türkiyənin baş sağ olsun!”- deməzdi. Amma Elçibəy deyirdi…
Bunları deməkdə məqsədimiz “köhnə sandıq içi eşələmək” deyil. Əsla! Sadəcə, hər şey rasional olmalıdır, xüsusən də siyasətdə. Elçibəy isə bunu bacarmırdı: o nəyisə ya bütün varlığı ilə sevə bilərdi, ya da ki, ona qarşı tamamilə biganə olardı… Aralıq, orta hədd yox idi onun üçün…
Başqalarının öz adı varsa…
Amma bizim dediyimiz nədir? Söhbət bir etnosun tarixi adının ona qaytarılmasından gedir. Bəzən bunu belə yozurlar ki, digər etnik qrupları bu incidə bilər və incidir. Amma niyə? Nə səbəbə?
Etiraf edək ki, talış onsuz da özünü talış adlandırır, ləzgi özünə ləzgi deyir, tat da tat! Üstəlik, pasportlarda hər yerdə olduğu kimi yalnız vətəndaşlıq göstərilir, etnik mənsubiyət göstərilmir və göstərilməməlidir də!
Etnik mənsubiyyət sadəcə, insanların özəl dünyası məsələsi kimi çıxış edir. Biz kimisə kişi olduğuna və yaxud qadın olduğuna görə, ya da saçının qara olduğana görə qınaya bilərikmi? Təbii ki, yox! Etnik mənsubiyyət məsələsi də belədir. Bir daha qeyd edirik ki, paspotrda nə etnik, nə də dini mənsubiyyət qeyd olunmur. Yalnız vətəndaşlıq göstərilir.
Dövlətçilik, dövlət milləti anlamından, milli kimlik baxımından hamımız azərbaycanlıyıq – türk də, talış da, ləzgi də, tat da. Burada inciliklik yarada bilən nəsə varmı? Kiminsə özünü türk adlandırması, özü də haqlı olaraq türk adlandırması hansı səbəblərə görə etnik diskriminasiya hesab edilməlidir?
Başqa vaxt elə hey deyirlər ki, Azərbaycan mədəniyyətlərin, dinlərin, hətta sivilizasiyaların qovşağıdır. Onda bəs nədən belə tolerant diyarda bir etnik qrupun, özü də etnik çoxluğun öz adını daşıması bu qədər problemə çevrilib?