Aslan İsmayılov haqqında deyilənlərə sərt cavab verdi

«Vidadi Mahmudova məsləhət görərdim ki, sussun»

MSK-nın sabiq üzvü, vəkil Vidadi Mahmudov həmkarı Aslan Ismayılovun barəsində Avropa.info saytına açıqlama verib. Vidadi Mahmudov bildirib ki, Aslan Ismayılovun 1999-cu ildə vəkillikdən uzaqlaşdırılmasında onun rolu olmayıb və Aslan Ismayılovun bütün dedikləri yalandır: “Mən həmin dövrdə müxalif fikirli insanların vəkili olmuşam. Belə bir fəaliyyət sərgilədiyim halda, mənim sözümlə Aslan Ismayılovu işdən çıxarmazdılar. MSK-ya hakimiyyətin istəyi ilə yox, Müsavatın və AXCP-nin istəyi ilə təyin edilmişəm.
Aslan Ismayılova gəlincə, mən onu yaxşı başa düşürəm. Vəkillərin əksəriyyəti də onun belə şoularını yaxşı bilir. Qəsdən hakimi təhqir edir, başqa yolverilməz hərəkətlər edir ki, Vəkillər Kollegiyası onu işdən kənarlaşdırsın. “Şoumen” indi də yeni şou yaratmaq fikrindədir. Barəmdə belə yalan məlumat yayır ki, Vəkillər Kollegiyasına, ya da məhkəməyə müraciət edim. O isə yenidən vay-həşir qoparsın. O, belə nömrələrdən çox istifadə edib”.
Aslan Ismayılov “Azadlıq”a açıqlamasında bildirdi ki, Vidadi Mahmudov yaxşı olar ki, sussun və eyiblərini ortaya tökməsin: “Onun yerində olan adam susardı, ancaq Vidadi Mahmudov danışmağa üstünlük verib. Vidadi Mahmudov hakimiyyətdən mənim ünvanıma gələn fikirləri təkrar etməklə məşğuldur. 1999-cu ildə mənim barəmdə Rəyasət Heyətinin iclası olub və Vidadi Mahmudov da Rəyasət Heyətinin iclasında çıxış edib. Vidadi Mahmudovun həmin iclasdakı çıxışının video görüntüləri var və necə canfəşanlıq etməsi aydın görünür. Maraqlı budur ki, həmin dövrdə Vidadi Mahmudov Müsavat partiyasının vəkili idi. Bir müsavatçının bu cür fikirlər səsləndirməsi normal görünmürdü. Ancaq, 2003-cü ildə prezident seçkilərində Müsavat partiyasının təmsilçisi kimi MSK-dakı “fəaliyyəti” hər şeyi sübut etdi. Bu adamın hansı şərtlər daxilində seçki sənədlərinə imza atması bütün Azərbaycana məlumdur. Həmin vaxtdan da bu adam Müsavat partiyasından yoxa çıxdı və bütün əlaqələri kəsdi. Vidadi Mahmudov kimi qəbahətə yol vermiş adamlar, sonra susurlar. Mən isə bütün dövrlərdə şəffaf mövqe ortaya qoyduğum üçün qürur hissi keçirirəm. 1993-cü il Gəncə hadisələri ilə bağlı mövqeymlə, Milli Məclisdəki çıxışımla qürur duyuram. Haqlı olduğum üçün də hər il Gəncə hadisələri ərəfəsi o mövzuda çıxış edib hadisələrin çözülməsini istəyirəm. Məhz buna görə də məni çoxları məhkəmə vasitəsi ilə təqib edirlər. Ancaq gələcək nəsillərə həqiqəti çatdırmaq üçün heç nədən və heç kimdən çəkinən deyiləm. Mən həmişə həqiqəti danışmışam və heç kimdən də çəkinməmişəm. Vidadi Mahmudov kimilərinə isə məsləhət görərdim ki, sussunlar”.

İlham Hüseyn