Xalq ləyaqəti üçün meydana çıxmalıdır

Asəf Quliyev:  «Mitinqə hazırlıq yüksək templə gedir, texniki məsələlər isə həll olunub»

İbrahim İbrahimli: «Müxalifət xalqın sifarişini yerinə yetirib birləşdiyi kimi, xalq da müxalifətin məsuliyyətinə şərik çıxmalıdır»

Birləşmiş müxalifətin təmsil olunduğu Milli Şura avqustun 18-də mitinq keçirməyə qərar verib. Demokratik qüvvələr mitinqə hazırlıqla bağlı zəruri işlərə başlayıb. 

Cəmiyyətin müxtəlif təbəqlərində bu mitinqlə bağlı müsbət əhval-ruhiyyə hökm sürür və insanlar bu mitinqdə iştirak edəcəklərini bildirirlər. 

Bəs, mitinqlə bağlı hazırlıq hansı səviyyədədir və insanlar bu mitinqə niyə gəlməlidir?

Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Milli Şuranın avqustun 12-də keçirilən sessiyasında mitinq qərarı verilib və həmin gündən etibarən bu istiqamətdə ardıcıl iş aparılır: “Mitinqə hazırlıq yüksək templə gedir. Həm sosial şəbəkələrdə, həm də partiya üzvlərinin fərdi təmaslarında müşahidə olunur ki, cəmiyyət bu mitinqi müsbət qiymətləndirir və hamı iştirak edəcəyini bildirir. Mitinqlə bağlı texniki işlər, demək olar, yekunlaşıb. Partiyaların mitinq komitələri fəaliyyət göstərir və mütəmadi olaraq toplantılar keçirilir. Ötən gün mitinq komitəsinin, rayon şöbə sədrləri və yerli fəalların iştirakı ilə geniş toplantısı keçirildi və son nəticələr müzakirə olunaraq, hesabat verildi. Mitinqə hazırlıq yüksələn xətt üzrə davam edir. Hakimiyyətin müxtəlif vasitələrlə əks-təbliğat aparmasına baxmayaraq, hesab edirəm ki, insanlar bu mitinqdə kütləvi şəkildə iştirak edəcək”.

Milli Şura üzvü Ibrahim Ibrahimli hesab edir ki, müxalifət xalqın sifarişinə əməl edib, birlik yaratdığı kimi, xalq da müxalifətin məsuliyyətinə şərik çıxmalıdır: “Uzun illər idi ki, xalq müxalifətin birliyini, seçkiyə vahid namizədlə qatılmasını tələb edirdi və bu problemin həll olunmaması xalqda ümidsizlik, inamsızlıq yaradırdı. Indi bu situasiya dəyişib və müxalifət bir komanda şəklində birləşib. Nəinki birləşib, hətta vahid namizədini də seçib. Indi növbə xalqa çatıb və xalq da öz üzərinə düşəni etməlidir. Ləyaqətli cəmiyyətin qurulması üçün, qanunsuzluğa, hüquqsuzluğa son verilməsi üçün, dümokratik bir dövlətin qurulması naminə bu mitinqdə iştirak etmək vacibdir. Bu ölkədə hər bir vətəndaşın normal yaşaya bilməsi üçün bu hakimiyyətin dəyişməsi mütləqdir. Ona görə hesab edirəm ki, cəmiyyət öz taleyinə, ölkənin taleyinə laqeyd qalmamalı, mübariz insanlarla, həyatını ədalətsizliklə çarpışmaya həsr etmiş insanlarla çiyin-çiyinə durmalıdır”.

Ilham Hüseyn