Həmin adam Mikayıl Talıbovdu. Astarada yaşayır. Tarixə düşdüyü vaxtdan bir az əvvələ kimi “Accessbank”da çalışıb. Onu hansısa səbəbdən işindən azad ediblər. Talıbov işindən azad edilməsini qanunsuz sayıb və bundan sonra öz Feysbuk səhifəsində bankı tənqid etməyə başlayıb. Xəbəri ANS-press yayıb.
Keçmiş bank işçisi Fb-də “Accessbank-Haqsızbank” adlı səhifə yaradıb və bununla da tənqid işinə start verib. Xəbərdə deyilir ki, bank buna görə məhkəmədən M.Talıbovun cəzalandırılmasını istəyib. Məhkəmə xüsusi ittihamı ittihamçının feysbukdan çıxardığı mətnlər çərçivəsində araşdırıb. Bu mətnlərdəki “Accessbank-Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50000 manata 5000 manat şapka alınır” və s. kimi ifadələr böhtan adlandırılıb. Bunun əsasında məhkəmə M.Talıbovu əmək haqqının 20%-i tutulmaqla bir il islah işlərinə məhkum edib. Astara Rayon Məhkəməsinin qərarı Milli Məclisin internetdə böhtana görə Cinayət Məcəlləsində cinayət məsuliyyətinin müəyyən edilməsi barədə qanunvericiliyə dəyişiklik etməsindən sonra birincidir.
Beləliklə, Talıbov qardaş internetdə tənqidə görə həbs edilən ilk azərbaycanlı kimi tarixə düşüb. Bununla yanaşı məhkəmənin qərarının sonuncu bəndi ilə Talıbovun vətəndaşı olduğu Azərbaycan da bir ilkə imza atmaqla tarixdə şərəfli yerini tutub və mənə belə gəlir ki, bu məsələdə ölkəmizin adı birinci və sonuncu olaraq qalacaq. Məsələ ondadı ki, məhkəmə başqa cəzalarla yanaşı M.Talıbovun üzərinə feysbukda təkzib vermək vəzifəsini də qoyub. Təsəvvür eləyirsinizmi? Feysbukda təkzib!!!
Az əvvəl oxuduqlarımızdan da gördük ki, Talıbov “Accessbank-Haqsızbank” adlı səhifə açıb və tənqidlərini də burada gerçəkləşdirib. Elə bilin ki, “Azadlıq” qəzeti kiminsə ayı yeməsindən yazıb, həmin şəxs qəzeti məhkəməyə verib, cərimələdib, eyni zamanda həmin qəzetdə təkzib verilməsi tələbini qoyub. Bunu tam anlamaq olur. Ancaq bankın açdığı dava həm də Talıbovun açdığı səhifənin adına görədi. Belə çıxır, məhkəmənin qanunsuz və ya cinayət əməli olaraq dəyərləndirdiyi səhifə öz mövcudluğunu saxlamalı və orada, həmin “Accessbank-Haqsızbank” səhifəsində təkzib verilməlidi ki, Accessbank Haqsızbank deyil, orada filan qədərə filan qədər “şapka” alınmır və s.
Hər halda bu əhvalat dünya tarixinə düşməyə layiq olacaq qədər məzəlidi.
Mən, ümumiyyətlə Parlamentin 2013-cü il mayın 14-də 147-ci və 148-ci maddələrə cəzaların daha da sərtləşdirilməsi ilə bağlı dəyişikliklər və cəzaların internetdə yayılan ifadələrə də tətbiq edilməsinin absurdluğu haqda danışmaq istəmirəm. Zamanında bu haqda yazmışıq. Ancaq məsələnin başqa tərəfi də var. Indi bu tarixi məhkəmə olub, tarixi qərarlar alıb. Bəs bundan sonra necə olacaq?
Yəni deyək ki, Fb-də bu qərara, bütövlükdə sonralar da alınacaq bu tip qərarlara etiraz dalğası başladı. Yeri gəlmişkən, artıq ilk etirazlar başlayıb da. Tanınmış jurnalist Xədicə Ismayılova bu haqda status paylaşıb. Statusda deyilir: “Dostlar, ”Accessbank”ın Facebook səhifəsində bu mesajı yazdım: “Siz də yazın. Insanları tənqidə görə cəzalandırmaq iddiasında olanların işini bir az da artıraq. Qoy hamımızı məhkəməyə versinlər: ”Accessbank Söz azadlığının düşmənidir. Tənqidə dözümsüzsünüzsə, artıq haqsızsınız. Accessbank=Haqsızbank! Di məni də məhkəməyə verin…”.
Hə, dostlar, indi düşünək, bu cür qərarlara qarşı yüzlərlə, minlərlə Fb istifadəçisi Xədicə xanımın dediyi şəkildə aksiyaya başlasa, necə olacaq? Minlərlə şəxsi tutacaqlarmı? Zənnimcə, yox. Ancaq bura Azərbaycandı. Tarixə düşməkdən ötrü sinov gedənlərin işğal etdiyi ölkə. Nə desən, gözləmək olar. Onsuz da biz bu gündə deyil, əski tarixdə yaşayırıq…