“Hökumət Çöhrəqanlının Bakıya gəlməyini istəmir”

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, deputat Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana buraxılmamasına münasibət bildirib.

Çöhrəqanlı avqustun 15-də oğlu ilə birgə Bakıya gəlib, lakin hava limanından bəri keçə bilməyib və Bakı-Frankfurt reysi ilə geri qaytarılıb. O, viza problemi həll olunmadığı üçün Azərbaycana buraxılmayıb.

Avqustun 16-da “Media forum” saytına danışan Sabir Rüstəmxanlı vaxtilə Çöhrəqanlı məsələsi ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib: “Görünür, bu məsələyə hələ baxılmayıb. Bu, təkcə mənim işim deyil, bütün ölkənin işidir. Çöhrəqanlı bütöv Azərbaycan hərəkatının lideridir. O, Azərbaycana mənim əmim oğlu, dayım oğlu kimi gəlmir.

Keçən dəfə də Azərbaycana buraxılmaması ona psixoloji cəhətdən çox ağır təsir etmişdi. Biz onun nüfuzunu nəzərə alıb Dünya Azərbaycanlıları Konqresi Məclisinə sədr seçmişik. Düşünürdük ki, bəlkə bu amil onun gəlməyinə kömək edə. Amma Çöhrəqanlı yenə Bakıya buraxılmadı.

Bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Bilmək istəyirik Çöhraqanlı qadağasının səbəbi nədir və bunu necə aradan qaldırmaq olar”.

Sabir Rüstəmxanlı Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına da toxunub: “Çöhrəqanlının Azərbaycana gəlişinə heç bir qadağanın qoyulmaması doğru məlumat deyil. Əgər qadağa yoxdursa, onda Azərbaycanın Amerikadakı səfirliyi niyə ona viza verməyib? Praktikada onlarla belə hadisə var ki, qonaqlar, tanınmış adamlar gələndə hava limanında viza alır. Bu cür izi azdırmaq doğru deyil. Azərbaycan hökuməti Çöhrəqanlının Bakıya gəlməyini istəmir, buna razı deyil və hava limanından onu geri qaytarıb. Bunun başqa adı yoxdur.

Çöhrəqanlı Azərbaycana hansı problem yarada bilər? Kimlərinsə yanlış məlumatı, İranın və ya müəyyən qurumların dəqiq olmayan məlumatları, bir də ola bilsin ki, bir az da Çöhrəqanlının bəzən emosiyaya qapılaraq dediyi sözlər bu məsələdə problem yaradıb. Hesab edirəm ki, burda bir anlaşılmazlıq var və aradan qaldırılmalıdır”.