«Azərbaycan hakimiyyətinin ordunu müasir silahlarla təchiz etmək kursu siyasi motivli kampaniyadır»
Ölkə başçısı Ilham Əliyev Rusiya prezidenti Putinin Bakıya səfərinin nəticələrindən danışarkən iki ölkə arasında hərbi-texniki əməkdaşlığın sürətlə inkişaf etdiyini və artım tendensiyası olduğunu açıqlayıb. O həmçinin hazırda iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu bildirib.
Eyni zamanda Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını deyib. Belə olan halda sual yaranır. Rusiya münaqişənin hərbi yolla həllinə imkan verməyəcəksə, bu ölkədən silah almaq nəyə xidmət edir? Xatırlatmaq yerinə düşər ki, silah bazarında Azərbaycanın başlıca partnyorları Rusiya və Israildir. Bu sahədə Türkiyə ilə də əməkdaşlıq var, amma böyük həcmli deyil.
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin ordunu müasir silahlarla təchiz etmək kursunun siyasi motivli kampaniya olması artıq heç kimi təəccübləndirmir. Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli prinsipinə üstünlük verən hakimiyyətin müharibə etmək niyyətində olmadığı da açıq-aşkar görünür. Azərbaycan və Ermənistan prezidentlərinin bu vaxta qədər yüksək səviyyədə keçirilmiş heç bir görüşündə Azərbaycan dövlət başçısının müharibə variantına üstünlük verəcəyi ilə bağlı bəyanatı səslənməyib. Dəfələrlə Ilham Əliyev problemin sülh yolu ilə həllinə üstünlük verdiyini açıqlayıb. Bunu ayrı-ayrı vaxtlarda müəyyən sənədlərin imzalanması ilə də sübut edib.
Ekspertlərin sözlərinə görə, Azərbaycan hökuməti məhz Qərblə, o cümlədən ABŞ-la münasibətlər gərginləşəndən sonra Israillə 1,6 mlrd dollarlıq silah müqaviləsi imzalayıb. Sonrakı proseslər də göstərdi ki, hakimiyyətin başlıca məqsədi faktiki olaraq Israilə rüşvət verməklə bu ölkənin ABŞ-dakı lobbisi vasitəsi Vaşinqtonla münasibətləri düzəltmək olub. Son vaxtlar Rusiyadan da çox böyük məbləğdə silahların alınması faktiki olaraq bu ölkəyə rüşvət kimi qiymətləndirilməlidir. Hakimiyyətin başlıca məqsədi Rusiya ilə gərginliyi aradan qaldırmaqdır.
Eyni zamanda nəzərə alınmalıdır ki, Putin Bakıda olarkən Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyini açıq şəkildə bəyan edib. Putin bildirdi ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli ilə məşğuldur. Bu isə o deməkdir ki, Rusiya ATƏT-in Minsk qrupunun səylərinə açıq şəkildə zərbə vuracaq heç bir hərəkət etməyəcək. Böyük məbləğdə silah alınan ölkənin prezidentinin elə bəyanatından sonra alınan silahlardan problemin həllində istifadə olunmayacağı heç bir şübhə doğurmur. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti dünya silah bazarındakı fəaliyyətini bundan sonra da sırf siyasi motivlərlə davam etdirməkdə israrlı görünür. Ancaq işğalçı Ermənistana bu tipli siyasətlə heç bir halda üstün gəlmək mümkün deyil.
Fizzə